Sabiq nazirdən Avropadakı ziyalılara çağırış: "Nə işə baxırlar? !”







"Xaricdə yaşayıb, oradan Azərbaycana qarşı "qara piar" həyata keçirən gənclərə demək lazımdır ki, daxili məsələlərlə bağlı narazılığınız varsa, bunu daxildə həll edin”.

Bu barədə "Sherg.az”a 1988 - 1992 -ci illər Azərbaycan Xarici İşlər naziri vəzifəsində çalışmış Hüseynağa Sadıqov deyib. 

O bildirib ki, azərbaycanlı gənclərin xarici ölkələrdə qarayaxma kampaniyası aparmasına ehtiyac yoxdur:

"Yaxşı olar ki, təcrübəli ziyalılarımızın, ağsaqqalların adından həmin şəxslərə müraciət olunsun. Artıq mən özüm də bu haqda düşünürəm. Elə "Şərq” qəzeti vasitəsilə bir neçə ağsaqqal ziyalımızın onlara müraciət ünvanlaması yaxşı olar.

Avropada yaşayan o gənclər elə xarici ölkələrdən də Azərbaycan hökumətinə müraciət edə bilərlər. Yaxud bir nümayəndə təyin edib, onun vasitəsilə də problemləri dilə gətirmək olar".


Tanınmış diplomat onu da diqqətə çatdırıb ki, ölkəmizə qarşı qarayaxma kampaniyası aparan gənclərin yaşadıqları Avropa dövlətləri və hökumətlərini bu məsələyə qatmaq yanlış yanaşmadır: 

" Bu, təcrübəsizlik və ya yumşaq desək ağılsızlıqdır.

Adıçəkilən xarici ölkələrdə, Hollandiya, Almaniya, Fransa, Almaniya və s.də yaşayan ziyalılarımız da bu məsələyə əl qoya bilər. Bu Avropa ölkələrində fəxri müşavirlərimiz, ictimaiyyət nümayəndələri fəaliyyət göstərir. Onlar nə işə baxır?!”

Aprel ayının sonunda Avropaya səfər edəcəyini vurğulayan sabiq nazir bəyan edib ki, səfər zamanı fürsət tapan kimi həmin gənclərin qarşısına çıxıb, onların Azərbaycan dövləti və hökumətinə müraciətlərini dinləyə bilər:

"O gənclərin nə istədiklərini öyrənib, Azərbaycana çatdırmaq lazımdır. Qeyd etməliyəm ki, onsuz da, həmin gənclərin apardığı "qara piar" kampaniyasının heç bir nəticəsi olmayacaq. Seçkilər Azərbaycanda keçirilir, problemlər Avropada deyil, Azərbaycanda həll olunur. Xarici ölkələrdə çalışan xeyli sayda sanballı ziyalılarımız var. Məsələn, Almaniyadakı fövqəladə və səlahiyyətli səfirimiz Ramin Həsənov da müəyyən addımlar ata bilər".

Qeyd edək ki, Avropanın bir sıra ölkələrində, Almaniya, Hollandiya,Fransa, İsveçrə və s.də vətəndaşlıq alaraq yaşayan soydaşlarımız Azərbaycanda 11 apreldə baş tutacaq Prezident seçkiləri öncəsi "aktivləşməyə" başlayıblar. Belə ki onlar ölkəmizdəki həssas və ya kövrək məqamdan sui - istifadə edərək Avropa ölkələrindən Azərbaycana və bu ölkə rəhbəri İlham Əliyevə qarşı iyrənc anti- təbliğata start veriblər. Ölkə başçısını "despot" adlandıran bu "aktivlər" Azərbaycan Prezidenti barədə həqqəti əks etdirməyən, arzuolunmaz məlumat yaymaq və şüarlar səsləndirməklə məşğuldurlar.

Ayyət Əhməd