Sabiq XİN başçısı xaricdəki soydaşlarımıza səsləndi: "Söyüş siyasi mübarizə üsulu deyil"






"Hər bir cəmiyyətdə tənqid mövcuddur və buna təbii hal kimi yanaşılır, amma söyüş qəbuledilməzdir”.

Bunu "Sherg.az”a xarici ölkələrdəki soydaşlarımızın Azərbaycana və eyni zamanda ölkə başçısına qarşı başlatdığı "qara piar" kampaniyasına fikir bildirərkən sabiq xarici işlər naziri Tofiq Zülfüqarov deyib. 

O vurğulayıb ki, gənclərin təhqirlərdən sonra tənqidə keçməsinin heç bir əhəmiyyəti yoxdur:

"Ona görə, mövzu baxımından bu məsələ mənə maraqlı deyil. Belə bəyanatları da heç zaman izləməmişəm, izləmək fikrində də deyiləm.

Bu cür təhqirlə aparılan kampaniyalar və söyüş siyasi mübarizə üsulu deyil.
Sivil şəkildə aparılan siyasi mübarizə təcrübəsi böyükdür. Bunlar sadəcə məntiqdən və tərbiyədən uzaq hərəkətlərdir.

İctimaiyyət bu və ya digər şəkildə məmurları, ayrı-ayrı şəxsləri tənqid edə bilər və etməlidir. Amma həddini aşmaq təbii ki, düzgün deyil. Hakimiyyət üzərində ictimai nəzarət mütləq olmalıdır. Söyüşlər, küçə söhbətləri, kiminsə fikrinə dözülməz münasibət bəsləmək qəbuledilməzdir. Bu, həmin şəxslərin siyasi mədəniyyətlərinin aşağı səviyyədə olmasının göstəricisidir. Məsələn, kimsə mənim haqqımda müsbət fikirdə deyilsə, həmin şəxsə və onun yaxınlarına lənət oxumalıyam deyə qayda yoxdur. Bu, anormal haldır. Düşünün ki, həmin şəxslər sabah hakimiyyətə gəlir və kimsə onlarla razılaşmadıqda həmin şəxslərə lənət oxuyurlar, öldürürlər. Belə vəziyyət qəbulolunmazdır”.


Qeyd edək ki, Avropanın bir sıra ölkələrində, Almaniya, Hollandiya,Fransa, İsveçrə və s.də vətəndaşlıq alaraq yaşan soydaşlarımız Azərbaycanda 11 apreldə baş tutacaq Prezident seçkiləri öncəsi "aktivləşməyə" başlayıblar. Belə ki onlar ölkəmizdəki həssas və ya kövrək məqamdan sui - istifadə edərək Avropa öılkələrindən Azərbaycana və  bu ölkə rəhbəri İlham Əliyevə qarşı iyrənc anti- təbliğata start veriblər. Ölkə başçısını "despot" adlandıran bu "aktivlər" Azərbaycan Prezidenti barədə həqqəti əks etdirməyən, arzuolunmaz məlumat yaymaq və şüarlar səsləndirməklə məşğuldurlar.

Ayyət Əhməd