Sabiq XİN başçısından Yaqlanda CAVAB: “Dağlıq Qarabağa səfərlər qanun pozuntusudur”





Avropa Şurasının Baş katibi TorbyornYaqland üzv ölkələrə "boz ərazilərə”, o cümlədən Dağlıq Qarabağa səfərlərlə bağlı siyasi qərarın qəbul edilməsini təklif edib. Azərbaycan XİN Yaqlanda cavab olaraq ölkəmizin sözügedən məsələ ilə bağlı mövqeyinin bəlli olduğunu bildirib. XİN-dən verilən məlumata görə, əcnəbi dövlətin vətəndaşını beynəlxalq tanınmış sərhədləri çərçivəsində və yerli qanunvericiliyə uyğun olaraq öz ərazisinə buraxmaq hüququ suveren dövlətə aiddir.

Məlumdur ki, Azərbaycanın icazəsi olmadan düşmən tərəfin Dağlıq Qarabağ bölgəsinə səfəri qeyri-qanunidir. İşğalçı ölkənin buna məhəl qoymaması göz önündədir. Bəs, Yaqladın Dağlıq Qarabağa səfərlərlə bağlı siyasi qərarın qəbul edilməsi təklifini səsləndirməkdə məqsədi nədir ?

Sualımızı cavablandıran sabiq xarici işlər naziri Tofiq Zülfüqarov "Sherg.az” a açıqlamasında bildirib ki, bu məsələ ilə əlaqədar erməni lobbiçiliyi çox aktiv şəkildə işləyir.

Onun sözlərinə görə, ermənilərin qeyri-qanuni yollara əl ataraq Dağlıq Qarabağa gəlməsi birinci dəfə deyil:

"Əvvəllər də bu cür hadisələr yaşanıb. Müxtəlif ölkələrdə bu məsələ ilə bağlı XİN-nin saytında xəbərdarlıqlar var. Hesab edirəm ki, belə xəbərdarlıqlar nə qədər çox olsa, bir o qədər də yaxşıdır. Avropa Şurasının bəyənatına gəlincə isə, Dağlıq Qarabağa olan qeyri- qanuni səfərlər təbii ki, qanun pozuntusudur. Buna baxmayaraq baş katib belə arzuolunmaz təkliflər səsləndirir. Ümumiyyətlə, erməni diasporu belə fikirlərin səsləndirilməsində hər zaman maraqlı olub”.

Yeganə Bayramova