Sabir Rüstəmxanlı dəvətnamə göndərdi, heç kim gəlmədi

Millət vəkilləri DAK-ın qurultayına qatılmayıblar, səbəbi maraqlıdır

Zahid Oruc: "Mən də müraciət almışam. Lakin onu dəvətnamə kimi qəbul etməmişəm. Doğrudur, qatılmadım”
Fərəc Quliyev: "Məni dəvət etməmişdi. Bunu Sabir bəyə irad tuturam”
Milli Məclisin ötən günlərdə baş tutan növbəti toplantısında millət vəkili, Dünya Azərbaycanlıları Konqresinin (DAK) həmsədri Sabir Rüstəmxanlı həmkarlarından gileylənib. Deputat bildirib ki, adıçəkilən qurumun aprel ayının 18-də düzənlənən 13-cü qurultayına azərbaycanlı parlamentariləri dəvət etməsinə rəğmən məclis üzvlərindən heç biri tədbirə qatılmayıb.
Halbuki, toplantıda Türkiyə, İraq və başqa ölkələrin millət vəkilləri iştirak ediblər. Onun sözlərinə görə, Türkiyənin 20-yə yaxın televiziyası mərasimin gedişini dünyaya çatdırıb: "Yaşımdan, Milli Məclisdə olan stajımdan istifadə edib bir incikliyimi və fikrimi çatdırmaq istəyirəm. DAK-ın qurultayına Qazaxıstandan başlamış Avstraliyadan, Amerikadan və bir çox ölkələrdən millət vəkilləri gəlmişdilər. Azərbaycandakı həmkarlarıma dəvətnamə vermişdim. Buna baxmayaraq, heç kim qurultaya gəlmədi. Təşkilatımız İrana qarşı yaradılan qurum deyil. Bu, diaspor təşkilatıdır, müstəqildir, nə müxalifət, nə də iqtidardır. Yalnız milli birliyə xidmət göstərir. Təəssüflər olsun ki, dəvətnamə verdiyim həmkarlarımın heç olmasa, biri bir cümlə ilə
də olsa, qurultaya görə təbrik səsləndirmədilər. Vaxtilə mərhum Heydər Əliyev DAK-ın Vaşinqtonda keçirilən qurultayına 60-a yaxın adam göndərmişdi. Başa düşə bilmirəm, indi bu nə laqeydlikdir? Bizim aramızda yoldaşlıq var. Biri-birimizin xeyir-şərində iştirak edirik, çox gözəl. Amma bu da bir milli hərəkatdır, milli işdir”.
Həmkarının umu-küsüsünə münasibət bildirən millət vəkili Zahid Oruc "Şərq”ə açıqlamasında qeyd edib ki, qurultayın reallaşdırılması və məclis üzvlərinin ora dəvət olunması təqdirəlayiqdir: "Açığı, həmin tədbirə dair mən də müraciət almışam. Lakin onu dəvətnamə kimi qəbul etməmişəm. Doğrudur, qatılmadım. Amma bunu S.Rüstəmxanlı və onun təşkilatına olan münasibətin göstəricisi kimi dəyərləndirmək doğru deyil. Sadəcə bir anlaşılmazlıqdır. Məsələni qarşılıqlı qınaq predmetindən çıxarmaq lazımdır. Hər kəs gələcək dövrün tədbirlərinin nə səviyyədə keçirilməsi və orada deputatlarımızın imkanlarının səfərbər olunması məsələsi üzərində düşünməlidir”.
Digər millət vəkili, Milli Dirçəliş Hərəkatı Partiyasının sədri Fərəc Quliyev isə məsələyə ikili prizmadan yanaşır: "Birincisi, məni dəvət etməmişdi. Bunu Sabir bəyə irad tuturam. DAK-ın bundan əvvəlki rəhbəri mən olmuşam. Qurum bölünəndən sonra bölünmüş təşkilatda təmsil olunmaqdan imtina etdim. İkinci tərəfə gəlincə, düşünürəm ki, ümumiyyətlə harada bir Azərbaycan təşkilatı varsa, istənilən statuslu insanların orada iştirakı vacibdir. Məhz bu baxımdan hesab edirəm ki, Sabir bəyin qınağında haqq var”.
Ayyət Əhməd