Sadəcə əzələ nümayişidir...

Ukrayna və Gürcüstana görə NATO Rusiya ilə birbaşa hərbi əməliyyatlara başlaya bilməz



NATO "Yay Qasırğası” şərti adı altında keçirdiyi hərbi təlimlərə start verib.
Rusiya sərhədi yaxınlığında, Estoniyanın cənub-şərqindəki Vırusk və Pılvask qəzalarında keçirilən təlimlərə 500-dən artıq döyüş texnikası cəlb olunub. Hollandiya, ABŞ, Litva və Latviya qüvvələrinin də qatıldığı təlimlərdə 6 min hərbçi iştirak edəcək. Xatırladaq ki, NATO-Rusiya münasibətləri son günlər gərginləşib.

Hətta hərbi alyansın Avropa müttəfiq qüvvələri baş komandanı general Kortis Skaparrotti Rusiyanın apardığı siyasəti tənqid edərək bildirib ki, Moskva bu cür siyasətini davam etdirərsə, NATO Rusiya ilə müharibəyə başlayacaq. General deyib ki, Kremlin bütün beynəlxalq öhdəliklərə meydan oxuyan davranışı ağır şəkildə cəzalanacaq. Məlumat üçün bildirək ki, ötən həftə Rusiya ilə həmsərhəd olan Gürcüstanda ABŞ hərbi qüvvələrinin və texnikasının təlimləri keçirilib. Tərəflər arasındakı qarşıdurma ilə bağlı "Şərq”ə açıqlama verən tanınmış politoloq Ərəstun Oruclu deyib ki, NATO ilə Rusiya arasında hərbi toqquşmanın olması inandırıcı deyil. Ekspertin fikrincə, bunun üçün tərəflərdən hansısa biri güc nümayişindən real addımlara keçməlidir: "Bu çox ciddi qərardır. İnanmıram ki, kimsə belə riskli qərarın altına imza atsın. Ukrayna və ya Gürcüstana görə, hərbi alyans heç vaxt Rusiya ilə birbaşa hərbi əməliyyatlara başlamaz. Çünki adını çəkdiyim bu ölkələrin heç biri qurumun üzvü deyil. Amma Şərqi Avropadakı və Baltikyanı bölgədə yerləşən NATO üzvü dövlətlərə rus təhlükəsi yaranarsa, kiçik həcmli hərbi toqquşmalar yaşana bilər. Məsələn, sərhəd pozan təyyarə vurular və s. Amma buna da irimiqyaslı müharibə demək olmaz. Ümumiyyətlə, hazırda iki tərəf arasında baş verənlər sadəcə əzələ nümayişidir”.

İsmayıl