Şagirdlərin qiymət davasından qurtulmağın yolu...
Kamran Əsədov: “Bizim məktəb daxili qiymətləndirmə beynəlxalq qiymətləndirmənin standartlarına uyğun olaraq tərtib olunmalıdır”
Summativ qiymətləndirmə ilə bağlı bir sıra problemlərin olması ilə bağlı jurnalistlərə açıqlama verən Təhsil Nazirliyinin Təhsilin inkişafı proqramları şöbəsinin müdiri Emin Əmrullayev bir neçə il bundan əvvəl məktəblərdə formativ qiymətləndirmənin ləğvinin bürokratik əngəlləri aradan qaldırdığını xatırladıb.
Formativ qiymət jurnallarının müəllimlərə baş ağrısı yaradan alət kimi qəbul edildiyini deyən şöbə müdirinin sözlərinə görə, bütün valideynlər övladının yaxşı qiymət almasını istəyir: "Hətta övladının 4 əvəzinə 5 alması üçün ən yüksək instansiyalara müraciət edirlər və bundan çəkinmirlər. Həmin valideynlər bəzən qiymətləndirmənin mahiyyətindən uzaqlaşırlar. Yavaş-yavaş şagirdin qiymət davasından uzaqlaşmaq lazımdır”.
Emin Əmrullayev bu yay ərzində məktəblərdə şagirdlərin qiymətləndirilməsi formasına dəyişiklik edilməsi nəzərdə tutulduğunu deyib: "Aşağı siniflərdə imtahan yükünü azaltmaq lazımdır. Qiymətləndirmə ilə bağlı şagirdlər arasında rəqabət mühiti yaransa da, onların əməkdaşlığını da təmin etmək lazımdır”.
Sözügedən məsələ ilə bağlı "Şərq”ə açıqlama verən təhsil eksperti Kamran Əsədov deyib ki, dünyanın inkişaf etmiş ölkələrinin təcrübəsinə görə, təhsil cəmiyyətdə siyasi və sosial-iqtisadi sabitliyin təmin edilməsində, insan kapitalının formalaşmasında həlledici rol oynayır:
"Yüksək təhsilli insanlar cəmiyyətdə qarşılıqlı etibarın güclənməsini, sivil və etik normalara riayət olunmasını təmin edir, həyatda daha doğru, ədalətli, sağlam və konstruktiv mövqe nümayiş etdirir, təhsil səviyyəsi aşağı olan insanlar isə bir çox hallarda asanlıqla ayrı-ayrı qrup maraqlarının alətinə çevrilə bilirlər. Apardığım araşdırmalar göstərir ki, ümumi təhsil müddətində şagirdlərin bilik və bacarıqlarının səviyyəsi təhsil illərinin sayından daha çox öyrənmə prosesinin keyfiyyəti ilə müəyyən olunur. Bu səbəbdən də dünyanın inkişaf etmiş ölkələrində təhsilin keyfiyyətinin təminatı dövlət siyasətinin əsas istiqamətlərindən biri hesab edilir”.
Son illər beynəlxalq təcrübədə təhsilin keyfiyyətini ölçmək məqsədilə müxtəlif məzmunlu qiymətləndirmə proqramlarının nəticələrindən istifadənin daha da aktuallaşdığını vurğulayan ekspertin sözlərinə görə, müasir dövrdə 15 yaşlı şagirdlərin həyati bacarıqlarını qiymətləndirən PISA (Beynəlxalq Şagird Qiymətləndirilməsi Proqramı), şagird nailiyyətlərini kurikulum üzrə ölçən TIMSS (Riyaziyyat və Təbiət Elmləri üzrə Beynəlxalq Qiymətləndirmə Proqramı) və PIRLS (Oxu Bacarıqlarının keyfiyyətini tədqiq edən Beynəlxalq Qiymətləndirmə Proqramı) proqramlarının nəticələri təhsildə beynəlxalq keyfiyyət indikatorları kimi qəbul olunur:
"Beynəlxalq qiymətləndirmənin nəticələri əsasında aparılan təhlillər göstərir ki, hər bir ölkənin iqtisadi artımı ilə həmin ölkədə təhsilin keyfiyyəti arasında sıx bağlılıq mövcuddur. Məsələn, PISA üzrə nəticələrin 15 faiz yüksəlməsi ÜDM-nin iki faiz artmasını şərtləndirir. Ölkəmizdə isə şagirdlərin nailiyyətləri yalnız beynəlxalq qiymətləndirmə proqramları çərçivəsində öyrənilmir, həm də məktəbdaxili və milli qiymətləndirmələr aparılır və onların nəticələri etibarlı mənbə hesab olunur. Bu qiymətləndirmələrin aparılmasında Azərbaycan Respublikası Prezidentinin 5 sentyabr 2009-cu il tarixli, 156 №-li Fərmanı ilə təsdiq olunmuş "Təhsil haqqında Azərbaycan Respublikası Qanunu” (19.20-ci bəndi), Azərbaycan Respublikası Prezidentinin 01 mart 2005-ci il tarixli Fərmanı ilə təsdiq olunmuş "Təhsil Nazirliyinin Əsasnaməsi” (9.13-cü bəndi), Azərbaycan Respublikası Nazirlər Kabinetinin 13 yanvar 2009-cu il tarixli, 9 nömrəli qərarı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının ümumi təhsil sistemində Qiymətləndirmə Konsepsiyası”, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 3 iyun 2010-cu il tarixli, 103 nömrəli qərarı ilə təsdiq olunmuş "Ümumi təhsilin dövlət standartı və proqramları (kurikulumları) sənədləri hüquqi, elmi və nəzəri baza rolunu oynayır”.
K.Əsədov hesab edir ki, beynəlxalq qiymətləndirmə ölkənin təhsil səviyyəsini digər dövlətlərlə müqayisə etmək imkanı yaradırsa, qiymətləndirmənin ikinci əsas istiqamətlərindən biri olan milli qiymətləndirmə tədqiqatları təhsil sahəsində perspektivlərin müəyyənləşdirilməsinə və proqnozların verilməsinə xidmət edir: "Artıq ölkəmizin təhsil sistemində milli qiymətləndirmə sahəsində 4 əsas və sınaq mərhələsindən ibarət təcrübə qazanılmışdır və hər bir milli qiymətləndirmə tədqiqatının xüsusi məqsədləri olub. Məsələn, təhsil tariximizdə mühüm hadisə hesab olunan kurikulumun tətbiq edilməsindən əvvəl məzmun və qiymətləndirmə standartlarının hazırlanması məqsədilə 2003-cü ildə ilk dəfə milli qiymətləndirmə tədqiqatı aparılıb. 2007-2008-ci dərs ilində ümumtəhsil məktəblərinin I sinifləri yeni fənn kurikulumları əsasında tədrisə başlayıb. Cari dərs ilində IV siniflərdə keçiriləcək Milli qiymətləndirmə tədqiqatının əsas məqsədi yeni fənn kurikulumlarının qiymətləndirilməsi olacaqdır. Düşünürəm ki, qiymətləndirmə sahəsində atılan hər bir addım ölkədə təhsilin keyfiyyətinin yaxşılaşdırılmasına xidmət etməlidir.
Həm beynəlxalq, həm də milli qiymətləndirmə tədqiqatlarının nəticələrindən təhsilin keyfiyyətinin yüksəldilməsi istiqamətində daha səmərəli istifadə olunmalıdır. Ölkənin təhsil sisteminin Avropa təhsil məkanına inteqrasiyasını sürətləndirmək məqsədilə 2004-cü ildə Azərbaycan postsovet məkanında PISA proqramının sınaq mərhələsinə qoşulan ilk ölkələrdən biri oldu. Heç şübhəsiz, PISA-2006 beynəlxalq qiymətləndirmə proqramının əsas mərhələsində iştirak edərkən bu bilik yarışında şagirdlərimizin yüksək nəticə göstərəcəklərini gözləmirdik.
Səbəblər çox idi, əsas səbəb isə ölkədə tətbiq olunan təhsil proqramlarının şagirdlərdə idraki, həyati və tətbiqi bacarıqların formalaşdırılmasına yönəldilməməsi, təhsil prosesi iştirakçılarının beynəlxalq qiymətləndirmə təcrübəsi ilə tanış olmaması idi. Lakin bu addım beynəlxalq tələb və standartları mənimsəmək, şagird və müəllimlərimizi, təhsil ictimaiyyətini bu proseslə tanış etmək lazımdır. Hesab edirəm ki, məhz yeni qiymətləndirmə zamanı bu nəzərə alınmaqla həyata keçirilməlidir. Bizim məktəb daxili qiymətləndirmə beynəlxalq qiymətləndirmənin standartlarına uyğun olaraq tərtib olunmalıdır. Bu, mütləq şəkildə nəzərə alınmalıdır”.
Şəymən