“Şah İsmayıl Xətai” şərabına etiraz edilir

Kərəm Məmmədov: “Bu, bizim millətə yaraşmır”
Dilavər Əzimli: “Biz nə zamandan “alkaş” olmuşuq?!”


Elçin Qasımov: "Şah İsmayıl hakimiyyəti dövründə dövlət qanunları islam şəriətinə uyğun həyata keçirilib”

Mehriban Vəzir: "İçki türk hökmdarlarının saraylarında qəbul edilən, məqbul sayılan bir şey olub”

Azərbaycan tarixinin görkəmli şəxsiyyətlərindən biri də heç şübhəsiz, Şah İsmayıl Xətaidir. Şəxsiyyəti ilə bağlı söylənilən ziddiyyətli yanaşmalara baxmayaraq, Xətai öz dövrünün parlaq isimlərindən hesab olunur. 14 yaşında hakimiyyətə gələn və Azərbaycanı ilk dəfə vahid dövlətdə birləşdirən Şah İsmayıl həmçinin, Azərbaycan ədəbiyyatında öz yeri olan şair və sufi təriqətə mənsub, dini yönü ilə tanınan dindar bir şah kimi tarixə düşüb.

Bu səbəbdən də Azərbaycanda fəaliyyət göstərən şərab zavodlarından birinin "Şah İsmayıl” adlı konyak istehsal edərək satışa buraxması ictimaiyyət tərəfindən birmənalı qarşılanmayıb. Əksər tarixçilərlə yanaşı, dini kəsim də mömin bir şahın adına şərab istehsal olunmasına etiraz ediblər.

Məsələ ilə bağlı fikirlərini bildirən BDU-nun dosenti, tarixçi-alim Kərəm Məmmədov bu hərəkətin millətimizə yaraşmadığını deyib: "Şah İsmayılın adına küçə, orden, heykəl, park, xatirə kompleksi olsaydı, daha yaxşı olardı, nəinki, insanı sərxoş edən bir içki. Təbii ki, münasibətim çox pisdir. Ruslarda Putinin, Stalinin adına spirtli içkilər var, amma bu, bizim millətə yaraşmır”. K.Məmmədov da bunun istehsalçının məhəbbətindən irəli gələ biləcəyini istisna etməyib: "Ola bilər ki, həmin şərabı hazırlayan istehsalçı da xalqın qəhrəmanına olan hörmətini bu şəkildə büruzə verir. Ancaq istənilən halda düzgün deyil”.

Tarixçi-alim Dilavər Əzimli də bunu pisləyib və tarixi şəxsiyyətə təhqir olduğunu deyib: "Şah İsmayılın dindar olub-olmamasının məsələyə dəxli yoxdur. Bu, tarixi şəxsiyyətlərimizə qarşı atılan növbəti addımlardan biridir. Qarşısı dərhal alınmalı, arxasında dayanan qüvvələr ortaya çıxarılmalıdır. Şah Xətai millətin tarixində, genetik yaddaşında özünə yer edib. Onu həm dünyəvi, həm də dini kəsim sevir. Bu cür hərəkət hər iki tərəfə qarşı atılan addımdır. Bundan əlavə, dövlətçiliyimizə qarşı yönəlmiş davranışdır. Biz nə zamandan "alkaş” olmuşuq?! Onlar bunu ruslardan götürüb. Ruslar üçün "vodka” ana südündən daha üstündür. Yaxşı olardı ki, həmin şüşələrə öz ata-babalarının şəkillərini vurardılar, Xətainin yox. Görəsən, qohum-əqrəbaları onlara nə deyərdi? Çox təəssüf ki, bu məsələyə ziyalılarımız ciddi münasibət bildirmir”.

İlahiyyatçı və tarixçi-doktorant Elçin Qasımov bildirib ki, tarixi keçmişi olan hər bir xalqın özünün dahiləri, qəhrəmanları və milli kimliyinin yaşamasına görə borclu olduğu şəxsiyyətləri var. Şah İsmayıl Xətai misilsiz xidmətlərinə görə, bu sıranın ön cərgəsində durur: "Ümumiyyətlə, Şah Xətai başqa xalqların da qibtə edə biləcəyi bir şəkildə öz vətənini, dilini, dinini, adət-ənənəsini qoruyan dahi bir hökmdar, Azərbaycan xalqının qürur mənbəyi olub. Eyni zamanda qeyd etmək yerinə düşər ki, Şah İsmayıl hakimiyyəti dövründə və ondan sonra dövlət qanunları islam şəriətinə uyğun həyata keçirilib. Həm Azərbaycan tarixinin ən dahi insanı kimi, həm də qurduğu dövlətin islam qayda-qanunları ilə idarə olunduğu nəzərə alınsa, bu əzəmətli şəxsiyyətin adına haram olan şərab istehsal etmək nəinki Şah İsmayılın şəxsiyyətinə, hətta Azərbaycan xalqına qarşı da çox böyük hörmətsizlikdir. Hesab edirəm ki, tarixçilər, ölkə ziyalıları bu məsələyə öz iradlarını bildirməlidir”.

Tanınmış tarixçi-yazar Mehriban Vəzir isə məsələyə birmənalı cavab verməyin çətin olduğunu vurğulayıb: "Şübhəsiz, Azərbaycan dövlətçiliyinin banilərindən biri olan Şah İsmayıl Xətainin adı daha yüksək yerlərdən gəlməli, onun xatirəsi daha ciddi və möhtərəm bir şəkildə əbədiləşdirilməlidir. Lakin bu da bir həqiqətdir ki, hətta Əmir Teymur dönəmindən belə, ondan da əvvəllər içki türk hökmdarlarının saraylarında qəbul edilən, məqbul sayılan bir şey olub. Onların həm rəsmi, həm də qeyri-rəsmi məclislərində içkiyə rast gəlinib. Bu səbəbdən də hesab edirəm ki, belə məsələlərdə bu qədər mühafizəkar olmağa lüzum yoxdur. Çünki bizə örnək olan həmin tarixi şəxsiyyətlərin özləri belə bu qədər mühafizəkar olmayıb”.

Tarix üzrə fəlsəfə doktoru Cavid İsmayıl da hesab edir ki, Azərbaycanda "Şah İsmayıl” adlı konyakın istehsal olunması Xətaiyə təhqir sayılmır: "Heç millətimizə də həqarət deyil. Bu addım konyakı istehsal edən adamın zəka və əqli səviyyəsinin göstəricisidir”.

İsmayıl