Şahbaz Quliyevin qardaşından mətbuata ÇAĞIRIŞ: "Səhv məlumatlar yaymayın !"

"Bizim adımızla yazılan yanlış informasiyalar girovlarımızın vəziyyətinə də mənfi təsir edə bilər. Obyektiv şəkildə işıqlandıran, aidiyyəti qurumlara çatdıran müxbirlərə təşəkkür edirəm”




"İki aydan çoxdur, qardaşımdan məlumatım yoxdur”.

Bu sözləri "Sherg.az”a Qarabağda girov saxlanan Şahbaz Quliyevin qardaşı İlham Quliyev deyib. 

O bildirib ki, son günlər mətbuatda onun adı ilə yazılan məlumatlar həqiqəti əks etdirmir:

"Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) əməkdaşları da heç bir məlumat verməyib. Məktub da aparılmayıb.

Neçə ildir qardaşım girov götürülüb. Onun azad olunmasını hər şeydən çox istəyirik. Bununla bağlı fikirlərimizi, məlumatlarımızı dərc edən Kütləvi İnformasiya Vasitələrindən xahiş edirəm, yalan məlumatlar yaymasınlar. Bizim adımızla yazılan səhv informasiyalar girovlarımızın vəziyyətinə də mənfi təsir edə bilər. Obyektiv şəkildə işıqlandıran, aidiyyəti qurumlara çatdıran müxbirlərə təşəkkür edirəm”.

Qeyd edək ki, bir neçə gün əvvəl Şahbaz Quliyevin qardaşı İlham Quliyev "azvision.az”a açıqlama verib, girovlara işgəncə verildiyini bildirib. O, qardaşının vəziyyətinin pis olduğunu belə ifadə edib: "Qardaşıma və Dilqəmə işgəncə verilməsindən xəbərim var. Beynəlxalq Qızıl Xaç Komitəsinin nümayəndələri hər dəfə bizə onların yaxşı olduğunu, nəzarət altında saxlanıldığını deyirlər. 

Amma mən yaxşı bilirəm ki, onların vəziyyəti pisdir. Deyəsən, bu gedişlə girovların meyitlərini alacağıq. Bu qədər işgəncəyə insan necə dözsün?! Şahbaz son məktubunda xəstə olduğunu, gəzə bilmədiyini yazıb. O, heç yemək yeyə də bilmir. Ödünü çıxarıblar, vəziyyəti çox pisdir".

Aysel Aslan