Sahə mətbuatı hələ yaşayır
Nazirlik və komitələrin çoxunun mətbu orqanı fəaliyyət göstərir
Ölkəmizdə müxtəlif dövlət orqanlarının öz sahə qəzetləri nəşr edilir. Onlar əsasən abunə yolu ilə, bəzən də satış yolu ilə oxuculara təqdim edilir. Azərbaycandakı bəzi nazirliklərin və komitələrin sahə mətbuat orqanları oxuculara yaxşı tanış olsa da, bunu dövlət orqanlarının hamısına şamil etmək mümkün deyil. Amma apardığımız araşdırma zamanı məlum olub ki, Azərbaycanda fəaliyyət göstərən nazirlik və komitələrin yarıdan çoxunun mətbu orqanı fəaliyyət göstərir.
Kənd Təsərrüfatı Nazirliyinin "Kənd həyatı” və "Azərbaycan aqrar elmi” adlı iki mətbu nəşri var. "Kənd həyatı” qəzeti ayda iki dəfə, "Azərbaycan aqrar elmi” jurnalı isə materiallar hazır olanda çap olunur. Hər iki mətbu nəşri həm abunə olmaqla, həm də satışdan əldə etmək mümkündür.
"Bakı Metropoliteni” QSC özünün "Metro” qəzetini təsis edib və bir neçə ildir həmin qəzet nəşr olunur. 3 min tirajla dərc edilən "Metro” "Bakı Metropoliteni”nin əməkdaşları üçün nəzərdə tutulub. Qəzet satış məqsədilə çıxarılmır. Bütün nüsxələri müvafiq qaydada tələbata uyğun olaraq metro stansiyaları və digər bölmələr arasında bölüşdürülür. Oxucuları isə yalnız metropolitenin öz işçiləridir. "Metro” qəzeti 3 min tirajla çap olunur.
Təhsil Nazirliyinin 1 qəzeti, 5 jurnalı və iki məcmuəsi çap olunur. Bunlar "Azərbaycan müəllimi” qəzeti, "Kurikilum”, "Təhsil”, "Azərbaycan məktəbi”, "Azərbaycan dili və ədəbiyyatı”, "Sənətkar” jurnalları, "Fizika, riyaziyyat və informatika” məcmuəsi, "Məktəbəqədər və ibtidai təhsil” məcmuəsidir”.
"Azərbaycan dili və ədəbiyyatı” jurnalı ildə 4 dəfə nəşr olunur, həm abunə yolu, həm də "Qasid” firmasının xəttilə qismən Bakıda yayılır. Qiyməti 2 manatdır. "Azərbaycan məktəbi” jurnalı ildə 6 dəfə, "Kurikilum” və "Təhsil” jurnalları ayda bir dəfə, "Sənətkar” jurnalı ildə 4 dəfə, "Fizika, riyaziyyat və informatika”, eyni zamanda "Məktəbəqədər və ibtidai təhsil” məcmuələri ildə 4 dəfə nəşr olunur, abunə yolu ilə satılır, azad satışları yoxdur.
Təhsil Nazirliyinin əsas mətbu orqanı olan "Azərbaycan müəllimi” qəzeti həftədə bir dəfə nəşr olunur. Abunə yolu ilə satılır. Qiyməti 1 manat olan qəzetin tirajı 10000-dir: "Fəaliyyət göstərdiyi dövrdə şərəfli bir yol keçərək təhsilin, mədəniyyətin, pedaqoji ənənələrin formalaşmasında əvəzsiz xidmətləri olmuş, çoxminli oxucuların rəğbətini qazanan "Azərbaycan müəllimi” 1934-cü il sentyabrın 2-də "Kommunist maarifi” adı ilə nəşrə başlayıb. 1938-1941-ci illərdə "Müəllim qəzeti” adı ilə çıxan orqanın 1941-ci ilin iyunundan 1946-cı ilin aprelinədək nəşri dayandırılıb. Müharibədən sonra -1946-cı ilin aprelindən isə bu mətbu orqanı "Azərbaycan müəllimi” adı ilə yenidən nəşrə başlayıb.
"Azərbaycan müəllimi” qəzetində akademik Mehdi Mehdizadə, görkəmli alimlər Əhməd Seyidzadə, Mərdan Muradxanov, Şövqi Ağayev, Nurəddin Kazımov, Zahid Qaralov, Bəşir Əhmədov, Misir Mərdanov, Əliheydər Həşimov, Yəhya Kərimov, Əziz Əfəndizadə, Hüseyn Əhmədov, Əkbər Bayramov, Əbdül Əlizadə, Əjdər Ağayev, xalq müəllimləri Zahid Şöyübov, İsrafil Şükürov, əmək qəhrəmanları Məsmə Atakişiyeva, Zərbəli Səmədov, Məhər Quliyev, İsa Məmmədov və başqaları çıxış ediblər. Bu insanların müxtəlif məsələlər haqqında fikir və mülahizələrinin geniş ictimaiyyətə çatdırılmasında "Azərbaycan müəllimi” əhəmiyyətli rol oynayıb. Müxtəlif illərdə qəzetə Rüstəm Hüseynov, Ağəli Bədəlov, Mirabbas Aslanov, Şahin Səfərov, Məhəmməd Baharlı kimi şəxslər rəhbərlik edib. Hazırkı baş redaktoru isə Bayram Hüseynzadədir.
Səhiyyə Nazirliyinin isə yalnız "Tibb qəzeti” nəşr olunur və rəsmi saytı da fəaliyyət göstərir. 1991-ci ildən nəşr olunan "Tibb” qəzeti ayda 3 dəfə dərc olunur. Qəzet həm abunə yolu ilə yayılır, eyni zamanda onu köşklərdən də almaq olar. Jurnalda dərc olunan bəzi məqalələr çox zaman saytda da yayımlanır. Qəzetin qiyməti 50 qəpikdir.
Daxili İşlər Nazirliyinin üç qəzeti nəşr olunur. Daxili İşlər Nazirliyi tərəfindən 1933-cü ildə təsis edilmiş "Mübariz keşikdə” qəzeti 9.847 nüsxə ilə həftədə bir dəfə (cümə axşamı günü) Azərbaycan dilində, rəngli nəşr edilir. Bu qəzet cinayətlərin qarşısının alınması və açılması, ictimai qaydanın və ictimai təhlükəsizliyin, habelə insan hüquq və azadlıqlarının təmin edilməsi sahəsində Azərbaycan Respublikası daxili işlər orqanlarının fəaliyyətini ictimaiyyətə çatdırır, nöqsan və çatışmazlıqlarla bağlı materiallar verir. Bundan əlavə, daxili işlər orqanı əməkdaşlarının təcrübəsini yayır, əməkdaşların yaradıcılıq imkanlarından istifadə etməklə daxili işlər orqanlarının və Daxili Qoşunların fəaliyyəti barədə respublika əhalisində dolğun və obyektiv təsəvvür, sağlam ictimai rəy formalaşdırır, daxili işlər orqanlarının fəaliyyətinə dair kütləvi informasiya vasitələri ilə yayımlanan həqiqətə uyğun olmayan məlumatları müəyyən edilmiş qaydada təkzib edir. Abunə yolu ilə yayılır.
Bakı Şəhər Baş Polis İdarəsi tərəfindən 1993-cü ildə təsis edilmiş "Polis” qəzeti isə 5 minə yaxın nüsxə ilə həftədə bir dəfə (cümə günü) Azərbaycan dilində, A2 formatında, iki rəngdə nəşr edilir. Bakı Şəhər Baş Polis İdarəsinin "Polis” qəzetinin redaksiyası polisin fəaliyyət prinsiplərini (insan və vətəndaş hüquqlarına, azad haqlarına hörmət, qanunçuluq, humanistlik) və istiqamətlərini (ictimai qaydaları qorunması, ictimai təhlükəsizliyin təmin edilməsi, cinayətlərin, digər hüquqpozmaların qarşısının alınması və açılması, yol-hərəkəti təhlükəsizliyinin təmin edilməsi) əsas götürərək polislə vətəndaşlar arasında şəffaf əlaqələrin yaradılmasma xidmət edir. Qəzetin əməkdaşları öz oxucu auditoriyasını genişləndirmək, polisin ağır və şərəfli fəaliyyətini işıqlandırmaq, cinayətkarlıqla mübarizə və onun profilaktikasında ictimai təhlükəsizliyin, sabitliyin qorunmasında, təbliğində, əhali arasında onun nüfuzunun gündən-günə yüksəldilməsində yazılar dərc etmək üçün öz imkanlarını daha da səfərbər etməyə çalışır.
Azərbaycanda çap olunan ilk hərbi qəzetlərdən biri, Respublikanın ərazi bütövlüyü uğrunda döyüşlərin getdiyi dövrdə yaradılan, Daxili Qoşunların mətbuat orqanı olan "Əsgər” qəzetinin ilk sayı 1992-ci ilin dekabr ayının 16-da dərc olunub. Qəzet odlu səngərlərdə yayılan ilk mətbu orqanlardan biri kimi döyüşçülərimizin hərbi vətənpərvərlik tərbiyəsində mühüm rol oynayıb. "Əsgər” qəzeti yarandığı gündən bugünədək Daxili Qoşunların döyüş və xidmət yolunun, şəxsi heyətin təlim-tərbiyəsinin işıqlandırılması, ümumilikdə qoşunların fəaliyyəti barədə ölkə ictimaiyyətinin məlumatlandırılması istiqamətində öz missiyasını uğurla yerinə yetirir. "Əsgər” qəzetinin ilk baş redaktoru Rəfael Rzayev, baş redaktorun müavini Təranə Məmmədova, məsul katibi Eldəniz Abbasov olub.
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin mətbuat xidmətinin iki mətbu nəşri var. "Cəmiyyət və din” həftəlik qəzeti və "Dövlət və din” ictimai fikirlər toplusu. Toplu-jurnal 2 aydan bir çap olunur. "Cəmiyyət və din” qəzetinin ilk nömrəsi 7 may 2009-cu il tarixində çapdan çıxıb. Respublikamızda dövlət-din münasibətlərini tənzimləyən hüquqi bazanın təbliğində, müxtəlif din və mədəniyyət mənsubları arasında qarşılıqlı anlaşmanın və dini-etnik dözümlük prinsiplərinin qorunub saxlanılmasında, inam və imanla bağlı cəmiyyətdaxili sosial-siyasi dəyərlərin işıqlandırılmasında mətbu sözdən layiqincə istifadə etmək qəzetin əsas qayəsidir. Qəzet Azərbaycan Respublikası Ədliyyə Nazirliyində 2894 nömrəli Qeydiyyat Şəhadətnaməsi ilə 19 mart 2009-cu ildə qeydiyyatdan keçib. 10-16 yanvar 2013-cü il tarixli 187-ci sayından etibarən yeni formatda işıq üzü görür və 16 səhifədən ibarətdir.
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin əsas nəşri "Ailə, Qadın, Uşaq” jurnalıdır. Rüblük çap olunan bu jurnal satılmır. Komitənin həyata keçirdiyi tədbirlərdə, rayon səfərlərində jurnal ailələrə, qadınlara pulsuz olaraq paylanılır. Bundan əlavə, Komitənin ayrı-ayrı şöbələri tərəfindən bukletlər də çap olunur. Belə ki, Ailə şöbəsinin xətti ilə "Ailə və iş”, "Müasir Azərbaycanda Ailə və Nikah İnstitutu: sosioloji təhlil” jurnalı, "Ailənin əlifbası”, "Qan qohumları arasında nikah və onun fəsadları”, "Uşaq-valideyn münasibətləri”, Gender şöbəsinin xətti ilə "Gender bərabərliyi”, "Qadın alveri”, "Məişət zorakılığı” bukletləri, "Müasir Azərbaycan qadınları” kataloqları və s. nəşr olunur.
Mədəniyyət və Turizm Nazirliyinin mətbuat katibi İntiqam Hümbətov "aparıcı mətbu nəşrimiz "Mədəniyyət” qəzetidir deyib: "Həftədə 2 dəfə nəşr olunur. Respublika üzrə abunə yolu ilə paylanılır, eyni zamanda köşklərdən də qəzeti almaq mümkündür. Daha sonra "Mədəni maarif”, "Azərbaycan revyu” və "Pəncərə-mədəniyyətə baxış” jurnalları da işıq üzü görür. Jurnallar ildə 4 dəfə nəşr olunur, qiymətləri isə 1-2 manatdır”.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin məlumatları isə yalnız internet saytları vasitəsilə yayılır. Heç bir qəzet və jurnalları yoxdur. Sadəcə ayrı-ayrı departamentlərin buraxdığı bülletenlər var.
(Davamı var)
Şəymən
Məqalə Azərbaycan Respublikası Prezidenti yanında KİV-ə Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyi ilə hazırlanıb