Sahə mətbuatı oxucusuna sadiqdir
Onların arasında ən böyük tarixi olan - 80 yaşlı “İdman”dır
Ölkəmizdə müxtəlif dövlət orqanlarının öz sahə qəzetləri nəşr edilir. Onlar əsasən abunə yolu ilə, bəzən də satış yolu ilə oxuculara təqdim edilir. Azərbaycandakı bəzi nazirliklərin və komitələrin sahə mətbuat orqanları oxuculara yaxşı tanış olsa da, bunu dövlət orqanlarının hamısına şamil etmək mümkün deyil. Amma apardığımız araşdırma zamanı məlum olub ki, Azərbaycanda fəaliyyət göstərən nazirlik və komitələrin yarıdan çoxunun mətbu orqanı fəaliyyət göstərir.
Azərbaycan dəmir yolunun mətbu orqanı "Azərbaycan dəmiryolçusu” qəzetidir. Qəzetin təsisçiləri "Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyəti və dəmiryolçuların Müstəqil Həmkarlar İttifaqı Respublika Komitəsidir. Ölkə milli mətbuatı ailəsində ən uzunömürlü mətbu orqan olan "Azərbaycan dəmiryolçusu” qəzeti 79 illik fəaliyyəti dövründə respublika polad magistralının aynası rolunu oynayıb. Bu tendensiya indi də uğurla davam etdirilir. Belə ki, redaksiya əməkdaşları dəmir yolunda həyata keçirilən iqtisadi islahatlar, dəmiryolçuların istehsalat nailiyyətləri, bu və ya digər sahədə mövcud olan nöqsanlar barədə həm "Azərbaycan dəmiryolçusu” qəzetində, həm də ölkənin digər mətbuat orqanlarında oxuculara müfəssəl məlumat verirlər.
"Azərbaycan dəmiryolçusu” qəzeti 1931-ci ilin mart ayında "Zərbəçi” və "Udarnik” adları ilə Azərbaycan və rus dillərində fəaliyyətə başlayıb. 1937-ci ildə qəzetlərin adı müvafiq olaraq dəyişdirilib "Bolşevik yolu” ("Bolşevitski put”) olub. Həmin vaxt qəzet Zaqafqaziya Dəmir Yolunun Bakı və Gəncə siyasi şöbələrinin orqanı olub. 1945-ci ildə rus dilində çıxan qəzetin adı dəyişdirilərək "Jeleznodorojnik Azerbaydjana” olub. 1949-cu ildə isə "Bolşevik yolu” "Azərbaycan dəmiryolçusu” adlanıb və arada müəyyən fasilələrlə bu günə kimi Azərbaycan dəmir yolunun tarixi salnaməsini yazır. "Azərbaycan dəmiryolçusu” qəzeti redaksiyası əməkdaşlarının əməyi həmişə yüksək dəyərləndirilib. Hazırda redaksiyada bir nəfər Prezident təqaüdçüsü, iki nəfər "Qızıl qələm” mükafatı laureatı, bir nəfər "Ustad” Ali Jurnalistika mükafatının laureatı olan jurnalistlər çalışır. 19 aprel 2010-cu ildən qəzetin redaktoru Vasif Süleymandır. 1 aprel 2010-cu ildən "Təsərrüfat idarəsi” MMC-nin tabeliyində fəaliyyət göstərir.
Milli Məclisin isə iki mətbu nəşri fəaliyyət göstərir. Bunlardan biri "Milli Məclis” jurnalı, digəri isə "Azərbaycan” qəzetidir. Jurnal aylıq nəşr olunur və abunə yolu ilə yayılır. "Azərbaycan” qəzeti isə gündəlik nəşrdir, qəzeti həm abunə yolu ilə, həm də satışdan əldə etmək mümkündür.
Əmək və Əhalini Sosial Müdafiəsi Nazirliyində isə ictimaiyyət üçün yalnız "Yeni həyat” qəzeti nəşr olunur. Həftəlik qəzet yalnız abunə yolu ilə yayılır. Bundan əlavə isə nazirlik daxilində bülletenlər də dərc olunur.
Əldə etdiyimiz məlumata görə, Nazirlər Kabinetinin heç bir mətbu nəşri yoxdur.
Dövlət Sosial Müdafiə Fondunda yalnız "Pensiyaçı” qəzeti çap olunur. Həftəlik çıxan qəzet bütün ölkə üzrə yayılır, eyni zamanda abunə yolu ilə də qəzeti əldə etmək mümkündür. Qəzetin abunə qiyməti çox ucuzdur: 6 aya 12 manat. Bundan əlavə, qəzet Fondun şöbələrinə verilir və pensiyaçılara pulsuz olaraq paylanılır.
Ədliyyə Nazirliyinin "Qanunçuluq”, "Cəmiyyət və cəza” jurnalı, eyni zamanda "Ədliyyə” qəzeti var. Hər üç mətbu nəşr aylıq dərc olunur və bunlara nazirlik əməkdaşları abunədirlər. Eyni zamanda lazım gələrsə, bu qəzet və jurnalları köşklərdən də əldə etmək mümkündür.
Statistika Komitəsinin mətbuat xidmətinin rəhbəri Meri Qardaşxanova komitənin qəzet və jurnalı olmadığını deyib: "Komitədə sadəcə iqtisadiyyatın ayrı-ayrı sahələri üzrə məcmuələr dərc olunur. Bundan əlavə, ölkənin sosial-iqtisadi inkişafı ilə bağlı məruzələr də buraxılır. Bunlar istifadəçilərə pulsuz paylanılır və həmin məlumatlar saytda da yerləşdirilir”.
Vergilər Nazirliyinin isə "Vergilər” adlı həftəlik qəzeti və "Azərbaycan vergi xəbərləri” adlı aylıq dərc olunan elmi jurnalı var. Hər iki mətbu nəşr həm abunə yolu ilə yayılır, həm də köşklərdə satılır. "Vergilər” qəzetinin qiyməti 30 qəpik, "Azərbaycan vergi xəbərləri” elmi jurnalının isə qiyməti 6 manatdır.
Maliyyə Nazirliyinin "Maliyyə və uçot” jurnalı dərc olunur. Ayda bir dəfə nəşr olunan jurnal həm abunə yolu ilə paylanılır, həm də köşklərdə satılır. Bir aylıq qiyməti 10 manatdır.
İqtisadi İnkişaf Nazirliyinin özünün konkret mətbu nəşri yoxdur, amma qurumlarının var. Nazirlikdən verilən məlumata görə, İqtisadi İslahatlar Elmi-Tədqiqat İnstitutunun "İqtisadi inkişaf” jurnalı nəşr olunur. Burada elmi məqalələr dərc olunur. Jurnal institutun əməkdaşlıq etdiyi elmi təşkilatlarda paylanılır. Rübdə bir dəfə nəşr olunur.
Diasporla İş üzrə Dövlət Komitəsinin mətbuat xidmətinin rüblük "Ölkəm” jurnalı və komitə ilə əməkdaşlıq edən Ümumrusiya Azərbaycanlıları Konqresinin "Azerbaydjanski konqres” adlı həftəlik qəzeti dərc olunur. Qəzet Moskvada nəşr olunur. Jurnal isə müxtəlif diaspor təşkilatlarına göndərilir və satışda yoxdur. Bundan əlavə, mütəmadi olaraq diasporun fəaliyyəti ilə əlaqədar kitablar çap olunur, sənədli filmlər çəkilir.
Gənclər və İdman Nazirliyinin "İdman” adlı qəzeti fəaliyyət göstərir. Qeyd edək ki, bu mətbuat orqanı təkcə nazirliyin və onun yerli idarələrinin əməkdaşları üçün deyil, bütünlükdə ölkə ictimaiyyəti üçün nəzərdə tutulub. Azərbaycanın idman mətbuatının ən böyük tarixə malik nəşri olan "İdman” qəzeti həm də Azərbaycan mətbuatının ən qocamanlarından biri sayılır. 1932-ci ildə ilk dəfə "Azərbaycan bədən tərbiyəçisi” ("Fizkulturnik Azerbaydjana”) adı altında işıq üzü görmüş "İdman” qəzetinin artıq 80-dən çox yaşı var. Azərbaycan idmanının tarixi olan "İdman” qəzeti indiyədək idmançılarımızın minlərlə qələbələrini on minlərlə oxucusuna çatdırıb.
Fəaliyyətinin ilk illərində həm Azərbaycan, həm də rus dillərində olmaqla 4 səhifədə nəşr olunmuş qəzet, təkcə respublikamızda deyil, həm də keçmiş SSRİ-nin digər regionlarında maraqla oxunub.
Qəzetin ilk baş redaktorlarından biri tanınmış yazıçı Aleksandr Kiknadze olub. İkinci Dünya müharibəsi zamanı, 1941-ci ildə "İdman” qəzeti fəaliyyətini dayandırıb və qəzet əməkdaşları qələmi odlu silaha dəyişərək cəbhəyə yollanıblar. Müharibə dövründə və ondan sonrakı illərdə qəzet redaksiyası dəfələrlə yerdəyişməyə məruz qaldığından "İdman” qəzetinin nümunə cildləri, eləcə də bir çox tarixi sənədləri itib-batmış və ya məhv olub. Çox təəssüf ki, məhz bu səbəbdən qəzetin 1932-ci ilin hansı ayında nəşrə başladığını araşdırmaq mümkün olmayıb.
İkinci Dünya müharibəsi başa çatdıqdan sonra "İdman” qəzeti öz fəaliyyətini yalnız 1950-ci ildə bərpa edə bilib. 1968-ci il yanvarın 1-dən qəzetin adı dəyişdirilərək, "İdman” qoyulub.
"İdman” qəzetinin keçdiyi yol Azərbaycan idman jurnalistikasının tarixidir. Vaxtilə "İdman” qəzetilə dünya şöhrətli İnna Rıskal, Vera Lantratova, Anatoli Banişevski, Tofiq Bəhramov, Ələkbər Məmmədov, İbrahimpaşa Dadaşov və başqa tanınmış idmançılar əməkdaşlıq edib və daimi əlaqə saxlayıblar. "İdman”da sənət fəaliyyətinə başlamış jurnalistlərdən bir çoxu sonralar "Sovetski Sport”, "Futbol - hokkey” və s. kimi qəzetlərdə məsul vəzifələrdə işləyiblər.
1941-ci ilədək qəzetin rus variantına rəhbərlik etmiş Aleksandr Kiknadze sonralar Moskvada "Sovetski Sport”un futbol şöbəsinin redaktoru olub. "İdman” qəzetinin müxbiri olmuş Yuli Segeneviç də sonralar "Sovetski Sport”da həmin vəzifəni daşıyıb. Vaxtilə "Kommunist”, "Azərbaycan gəncləri” və digər tanınmış qəzetlərə rəhbərlik etmiş bir çox şəxslər jurnalistikada ilk addımlarını məhz "İdman”da atıblar.
Hazırda qəzetin yetirməsi olan jurnalistlər ölkəmizin bir çox telekanallarında və dövri mətbuatda uğurla çalışırlar.
Vaxtilə "İdman” qəzeti 120 min nüsxə ilə (90 min azərbaycanca, 30 min rusca) çap olunaraq nəinki Azərbaycanın hər yerində, həm də respublikanın hüdudlarından kənarda da yayılıb. Hazırda 1500-2000 nüsxə ilə çap olunur.
Hazırda qəzet həftədə bir dəfə 8 səhifə həcmində nəşr olunur.
2000-ci ildən qəzetin baş redaktoru, Respublikanın Əməkdar jurnalisti Qabil Mehdiyevdir. Son illərdə qəzetin yaradıcı heyəti tərəfindən bədən tərbiyəsi və idman mövzusunda 6 kitab nəşr etdirilib. Bundan başqa, qəzetin 32 səhifəlik rəngli aylıq idman əlavəsi də işıq üzü görür.
"Azərsu” ASC-nin mətbuat xidmətinin rəhbəri Anar Cəbrayıllı isə deyib ki, rəsmisi olduğu səhmdar cəmiyyətin qəzeti olmasa da, aylıq bülleten-jurnal dərc etdirilir. Onun sözlərinə görə, 300 tirajla nəşr olunan bülleten-jurnal yalnız "Azərsu”nun idarə və rəsmi qurumları üçün nəzərdə tutulub: "Bülleten-jurnalı öz əməkdaşlarımızı məlumatlandırmaq və maarifləndirmək üçün nəşr etdiririk. Redaksiya heyətində və tirajda hər hansı problem yoxdur. Öz daxili vəsaitimiz hesabına nəşr etdirdiyimiz bülleten-jurnalı yerli idarələrimizə, departamentlərimizə göndəririk ki, əməkdaşlarımız fəaliyyətimiz barədə daha ətraflı məlumata malik olsunlar”.
Şəymən
Məqalə Azərbaycan Respublikası Prezidenti yanında KİV-ə Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyi ilə hazırlanıb