Sahə mətbuatının işinə xitam verilməlidir

Ekspertlər hesab edir ki, özləri könüllü şəkildə etməsələr belə, mövcud şərait onları buna məcbur edəcək


(Əvvəli ötən sayımızda)

Ölkəmizdə müxtəlif dövlət orqanlarının öz sahə qəzetləri nəşr edilir. Onlar əsasən abunə yolu ilə, bəzən də satış yolu ilə oxuculara təqdim edilir. Azərbaycandakı bəzi nazirliklərin və komitələrin sahə mətbuat orqanları oxuculara yaxşı tanış olsa da, bunu dövlət orqanlarının hamısına şamil etmək mümkün deyil. Amma apardığımız araşdırma zamanı məlum olub ki, Azərbaycanda fəaliyyət göstərən nazirlik və komitələrin yarıdan çoxunun mətbu orqanı fəaliyyət göstərir.

Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin "Standart” adlı aylıq jurnalı 500 tirajla çap olunur. Adıçəkilən qurum həmçinin "Sənaye mülkiyyəti” adlı iki aylıq bülleten də dərc etdirir. Həmin bülletenlərin hər birinin tirajı 250 ədəddir. Hər iki bülletenin adı "Sənaye mülkiyyəti” olsa da, onların buraxılışlarında fərqli materiallar yerləşdirilir. Belə ki, aylıq bülletenlərin birində ixtiralar, onların müəllifləri, kəşflərin mahiyyəti, patentlər, patent verilmiş ixtiralar və sair barədə ətraflı məlumatlar verilir. Digər bülletendəki məlumatlar isə əmtəə nişanları, standartlar və sair barədədir. Ümumiyyətlə, həm "Standart” jurnalına, həm də "Sənaye mülkiyyəti” adlı bülletenlərə tələbat çoxdur. Bu bülletenlər sadəcə komitə və yerli şöbələr üçün nəşr etdirilmir. Sahibkarlar da yeni ixtiralar, patentlər, əmtəə nişanları, standartlar və sair barədə ətraflı məlumat almaq, maariflənmək üçün bülletenlərdən və jurnaldan daim istifadə edirlər. Jurnal və bülletenlər kitabxanalara, Azərbaycan Milli Elmlər Akademiyasına və digər yerlərə də göndərilir ki, alimlər, elm adamları və digər şəxslər komitənin fəaliyyəti üzrə yeniliklərdən xəbərdar olsunlar.

Əmlak Məsələləri üzrə Dövlət Komitəsinin "Mülkiyyət” qəzeti və "Daşınmaz əmlak” jurnalı var. Adıçəkilən qəzet ayda 4 dəfə olmaqla həftəlik, jurnal isə ayda bir dəfə nəşr olunur. Həmin jurnal və qəzetlərdə özəlləşdirmə, hərraclar, müsabiqələr, mülkiyyət, daşınmaz əmlak, elektron xidmətlər və komitənin fəaliyyət dairəsinə aid olan digər sahələr barədə ətraflı məlumatlar dərc edilir. Həm "Mülkiyyət”, həm də "Daşınmaz əmlak” təkcə komitəmizin əməkdaşları üçün deyil, sahibkarlar, müxtəlif sahələrdə işləyənlər, bir sözlə, ölkə ictimaiyyəti üçün çox vacibdir. Onlar təkcə abunə yolu ilə deyil, həm də fərdi qaydada satışa buraxılır.

Nazirlik və komitələrlə yanaşı, ölkədə bir sıra icra hakimiyyətlərinin də mətbu orqanları var. Binəqədi Rayon İcra Hakimiyyətinin "Binəqədi”, Qaradağ RİH-nin "Qaradağ” adlı qəzetləri işıq üzü görür. Habelə, Bakı Neftayırma Zavodunun "Neftayıran” qəzeti Mətbuat Şurasına üzv olan KİV-lər arasındadır...

Qeyd edək ki, son zamanlar mətbuatda sahə qəzetlərinə ehtiyac olub-olmaması məsələsi müzakirə olunan məsələlərdən biridir. Xüsusilə, dünyanın yeni iqtisadi böhran dövrünə qədəm qoyduğu və bizdən asılı olmayan səbəblərə görə bu çətinliyin Azərbaycana da təsir etdiyi bir vaxtda bu nəşrlər dövlət büdcəsinin çiyinlərindən asılmış əlavə yük kimi dəyərləndirilir.

Belə olan halda, "sahə qəzetləri”nin nəşrinə ehtiyac varmı” sualı yaranır.

Jurnalistlərin Həmkarlar İttifaqının (JuHİ) sədri Müşfiq Ələsgərli bildirib ki, hər nazirliyin əlahiddə qəzet saxlamasına ehtiyac yoxdur: "Çünki lazım olan informasiya dövri mətbuatda onsuz da yayılır, dövlət strukturlarının fəaliyyəti geniş şəkildə işıqlandırılır”.

Onun sözlərinə görə, zamanında informasiya imkanları məhdud olanda, "sahə qəzetləri”nə ehtiyac var idi: "Vaxtilə onlayn media, eləcə də internet inkişaf etməmişdi və həmin dövrlərdə dövlət qurumlarının, idarələrin təbliğata ehtiyacı var idi. Ona görə bu cür qəzetlərin fəaliyyəti normal qəbul oluna bilərdi. Lakin hazırda ölkədə KİV-in inkişafı istiqamətində kifayət qədər addımlar atılır. Oturuşmuş media orqanları dövlət strukturlarının bütün informasiyalarını yaymaq, onların fəaliyyətini işıqlandırmaq imkanına sahibdirlər. Belə olanda, "sahə qəzetləri”nə artıq ehtiyac yoxdur”. JuHİ sədrinin dediyinə görə nazirliklər, dövlət qurumları əlahiddə orqan deyillər və onların xüsusi reklam olunmasına ehtiyac yoxdur: "Bu baxımdan, hesab edirəm ki, "sahə qəzetləri”nin fəaliyyətinə xitam verilməsinin vaxtı çoxdan çatıb. Təbii ki, bu, məcburi deyil. Lakin özləri könüllü şəkildə etməsələr belə, mövcud şərait onları buna məcbur edəcək. Belə görünür ki, artıq bu proses başlayıb”.

Bu qəzetlərin bizə SSRİ-dən qalan miras olduğunu vurğulayan ekspert deyib ki, "Azərbaycan müəllimi” qəzeti hələ sovetlər dönəmində "Kommunist maarifi” adı ilə nəşr olunub. Yaxud, "Kənd həyatı” qəzeti o dövrlərdə "Kəndli qəzetəsi” adı ilə dərc olunurdu. Amma indi SSRİ-nin qanuni varisi olan Rusiyanın özündə belə "sahə qəzetləri” ləğv olunub. Onların yerini isə əsasən regional nəşrlər tutub. Amerikada da "sahə qəzetləri” KİV-in "Area Newspapers” kateqoriyasına daxildir və əsasən bölgə nəşrləri olaraq fəaliyyət göstərirlər. Misal üçün, "Kaliforniya Times Star”, "Oakland Tribune”, "Sun Reporter” kimi kifayət qədər nüfuzlu nəşrlər bu kateqoriyaya daxildir.

Azərbaycanda "sahə qəzetləri” kateqoriyasına daxil olan nəşrlər isə mətbuat prinsiplərindən uzaq formada tamamilə başqa funksiyanı yerinə yetirir. Hansı ki, maarifləndirmə, informasiya təminatı və ideoloji xətt olmaqla mətbuat bir sıra mühüm elementləri özündə birləşdirir və ölkənin dövri mətbuatı bu funksiyanı lazımi formada həyata keçirir. Belə olanda "sahə qəzetləri”nin ləğv olunması məsələsi daha da aktuallaşır.

M.Ələsgərli də hesab edir ki, "sahə qəzetləri”nin nəşrinin dayandırılması lazımdır: "Zaman baxımından da onların dövrü keçib. Təbii ki, onların fəaliyyəti qanundan və praktikadan kənar bir şey deyil. Sadəcə olaraq Azərbaycanda KİV mətbuatın üzərinə düşən funksiyanı yerinə yetirdiyi halda, rentabelli olmayan bu cür nəşrlərə ehtiyac yoxdur”.

Onun sözlərinə görə, bu cür nəşrlərin məhz indi ləğv edilməsini şərtləndirən məsələlərdən biri maliyyədir. Maliyyə KİV-in mövcudluğunun əsas tərəflərindən biridir. Azərbaycanda rəsmi qəzetləri çıxmaq şərtilə yerdə qalan dövri mətbuat bu və ya digər formada maliyyə imkanlarına sahibdir. Nəzərə almaq lazımdır ki, kütləvi informasiya vasitələrinin fəaliyyətində kommersiya marağı digər prinsiplər kimi həmişə öndə olub. Adətən dünya və yerli təcrübə göstərir ki,

bazarda rəqabət apara bilməyən KİV avtomatik olaraq yerini başqasına verir. Bu, dəyişməyən qanunlardandır.

Lakin "sahə qəzetləri”nə bunu aid etmək mümkün deyil. Onlar bir qayda olaraq dövlət büdcəsindən nazirliklərə, komitələrə, idarə və strukturlara ayrılan vəsait hesabına "yaşayırlar”.

Digər tərəfdən, adətən bu qəzetlər pulsuz paylanır, çox az hissəsi isə abunədir. Abunəlik prinsipi ilə fəaliyyət göstərənlərin aylıq gəliri isə çox aşağıdır. Bu baxımdan, iqtisadi çətinliklərin artması fonunda belə qəzetlərin birbaşa dövlət büdcəsi hesabına saxlanılması lazımdırmı?!

Media üzrə ekspert Zeynal Məmmədli də "sahə qəzetləri”ni sovet qalığı hesab edir. Onun sözlərinə görə, vaxtilə bu qəzetlər kollektivi məlumatlandırmaq üçün çıxarılırdı: "Hazırda isə internet əsridir və birmənalı olaraq ehtiyac yoxdur. Hər hansı dövlət strukturu məlumatlandırmanı kompüter üzərindən qurulan daxili şəbəkə hesabına da edə bilər. Yəni daxili məlumatlandırma üçün kifayət qədər texniki imkanlar var”.

Z.Məmmədliyə görə, qanunvericilik bu tip qəzetlərin nəşrini qadağan edir: "Rəsmi qəzetlərdən başqa heç bir dövlət strukturu qəzet təsisçisi ola bilməz. Mən demirəm ki, ölkədə "Azərbaycan müəllimi”, yaxud "Vergilər” adlı qəzet çıxa bilməz. Bu adda müstəqil medialar yarana bilər, lakin hansısa dövlət strukturuna bağlı olmamalıdır”.

Ekspert digər tərəfdən, bu qəzetlərin dövlət büdcəsinə əlavə yük olduğu fikrini təsdiqləyib: "O qəzetlərin hər birinə müraciət edib bu barədə soruşsaq, əminəm ki, "bizim qəzet dövlət büdcəsi hesabına çıxmır” deyəcəklər. Bildirəcəklər ki, qəzet öz hesabına yayımlanır. Amma araşdıranda görürük ki, ofis xərcləri, əməkdaşların saxlanılması kimi hallara kifayət qədər əlavə maliyyə xərclənir və bu maliyyə büdcədən həmin dövlət strukturuna ayrılan vəsait hesabınadır. Qanuna görə, belə qəzetlər satışa çıxarıla bilməz, abunə yazdıra bilməz. Deməli, burada büdcənin üzərinə əlavə yük düşür. Yox, əgər həqiqətən də onlar bu qəzetləri satış, yaxud abunəlik yolu ilə saxlayırlarsa, deməli, qanunvericilik pozulur. Hesab edirəm ki, bu sahə ilə bağlı qanunvericilik tənzimlənməlidir”.

Şəymən

Məqalə Azərbaycan Respublikası Prezidenti yanında KİV-ə Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyi ilə hazırlanıb