"Sahəsi böyük mənzillərin kompensasiyası 2000 manata çatdırılmalıdır"





"Hökumət nümayəndələrinin parlamentin iclasında iştirak etməsindən istifadə edərək bir sıra mülahizələrimi bölüşmək, təkliflərimi vermək istərdim. Əvvəlcə, qəzalı vəziyyətdə olan və sökülməsi nəzərdə tutulan keçmiş Sovetski küçəsində və onun ətrafında yerləşən binalar haqqında bir neçə kəlmə deyim. Son illərdə dolların məzənnəsinin qalxdığını və Azərbaycan manatı devalvasiyaya məruz qaldığını nəzərə alaraq gözləmək olardı ki, hökumətimiz sökülən evlərin kompensasiyasınının məbləğini bir qədər artıracaq".

"Sherg.az" xəbər verir ki, bu barədə millət vəkili Elmira Axundova bildirib. 

O qeyd edib ki, əldə etdiyi məlumata görə, hazırda da əvvəlki illərdə hesablanan məbləğ - 1500 manat təklif olunur:

"Nəzərə alsaq ki, bu ərazilərdə kiçik həcmli evlər kifayət qədərdir, yaxşı olardı ki, onların sahiblərinə pul əvəzinə təzə tikilən binalarda hazır evlər verilsin. Artıq belə təcrübədən uğurla istifadə olunub. Özü də bildiyimə görə, dövlət hesabına tikilən belə evlərin 1 kvadrat metri, təmirlə birlikdə 500 manata başa gəlir, yəni dövlət hər kvadrat metrdə 1000 manata qədər qənaət edə bilər. Nəticədə ölkə büdcəsində xeyli miqdarda vəsait qalacaq, həm də insanlar razı olacaqlar. O ki qaldı nisbətən iri həcmli evlərin sahiblərinə, yəni 60-80 kvadrat metrdən yuxarı, bunların kompensasiya həcmi manatın inflyasiyası nəzərə alınmaqla, heç olmasa 2000 manata çatdırılmalıdır.Düşünürəm ki, bu sosial cəhətdən ədalətli olardı".

Ayyət Əhməd