“Sahibsiz it vəzifəli şəxsin uşağını tutsaydı…” – Məmur səriştəsizliyi

Məhərrəm Zülfüqarlı:“Belə problemlər bəzi məmurların məsuliyyətsizliyində yaranır”
"Sahibsiz itlərin küçələrdən yığışdırılması işi əsasən icra hakimiyyətlərinin üzərinə düşür”.
Bunu "Sherg.az”a açıqlamasında AVCİYA-nın seçki qərargahının rəhbəri Məhərrəm Zülfüqarlı deyib.
Ekspertin sözlərinə görə, vətəndaşların təhlükəsizliyini təmin etmək üçün sahibsiz itlərin yığışdırılması işinə ciddi yanaşılmalıdır:
"Məsələn, bir neçə ildir ki, Sumqayıtda bu problem azalıb. Şəhərin kənarında bir yer ayırdılar və sahibsiz itləri tutub ora aparırdılar. Beləliklə problem az da olsa həllini tapdı. Düzdür, bu tam həll yolu deyil. Çünki həmin itlər sabahısı gün yemək tapmayanda yenə də şəhərə üz tuta bilərlər. Ümumiyyətlə, bu məsələ Azərbaycanın ağrılı yeridir. Dəfələrlə müzakirə edilməsinə, mətbuatda işıqlandırılmasına baxmayaraq problem həllini tapmır.
Əgər sahibsiz it hansısa vəzifəli şəxsin uşağını tutsaydı, onda ayılacaqdılar ki, nəsə etmək lazımdır. Belə problemlər bəzi məmurların məsuliyyətsizliyində yaranır. Şəxsən mən bu gün şəhərin mərkəzində 3-4 it gördüm və dərhal yolumu dəyişdim. Artıq elə vəziyyət yaranıb ki, itlər şəhərin mərkəzi küçələrində var. 
Çox çalışırıq ki,ölkəmizə turistlərin gəlişini gücləndirək. Heç olmasa turizmdən gələn gəlirin bir hissəsini bu sahəyə ayırsalar, problemi həll etmək olar. Biz vətəndaşları fikirləşmirlərsə, Azərbaycana gələn xarici qonaqları fikirləşsinlər. Fikrimcə, bu sahədə icra başçılarına qəti şəkildə tapşırıqlar verilməli, problem qısa müddətdə həll olunmalıdır ki, neqativ hadisələr yaşanmasın. Hansısa icra başçısı bu məsələyə məsuliyyətsiz yanaşmamalıdır”.
Qeyd edək ki, aprelin 18-də Binəqədi rayonunun Sulutəpə qəsəbəsində 4 yaşlı uşaq itin hücumuna məruz qalıb. İt azyaşlının yanaq nahiyəsini parçalayıb. İt azyaşlının yanaq nahiyəsini parçalayıb. Məlumata görə, it quduz olduğu üçün uşağı dişləyən kimi ölüb.
Yeganə Bayramova