Aqşin Yenisey: “Nə edək ki, qanunun da öz məntiqi var”
Kəramət Böyükçöl: “Mahirlə bütün günü oturub, yeyib-içənlər, ona qardaş deyənlər nəinki öz çalışdıqları media quruluşlarında, heç sosial şəbəkələrdə belə adi bir status da yazmadılar”
Şərif Ağayar: "Prosesdən məlumatsızam”
Xəbər verdiyimiz kimi, Yevlax Rayon Məhkəməsində şair Mahir Mehdi barəsində həbs-qətimkan tədbiri seçilib. Bu barədə məhkəmədən bildirilib. Məhkəmənin qərarına əsasən Mahir Mehdi 1 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. Məhkəmə prosesi 9 iyun 2016-cı il tarixində Vəzirxan Məlikovun hakimliyi ilə baş tutub.
Yada salaq ki, M.Mehdi fevralın 24-də Yevlax Dəmiryol Stansiyasında saxlanılıb. İttiham aktına əsasən, o, stansiyada sərxoş vəziyyətdə polisə müqavimət göstərib. Qeyd edək ki, şairin həbsi bir müddətdir ki, sosial şəbəkələrdə ciddi müzakirə mövzusuna çevrilib. Əksər şəbəkə istifadəçisi şairin qələm dostlarını və həmkarlarını passivlikdə qınayır. Bildirirlər ki, M.Mehdinin daim insan haqlarının qorunmasından "dəm vuran” qələm dostları məsələ ilə əlaqədar süstlük nümayiş etdirdilər və onun dəstəklənməsi istiqamətində heç bir addım atmadılar. Maraqlıdır, görəsən, dostları şairə niyə ögey münasibət sərgiləyib? Sualımızı cavablandıran şair, publisist Aqşin Yenisey "Şərq”ə bunları deyib: "Bildiyimə görə, onu qatarda bələdçi ilə mübahisə etdiyinə görə həbs etmişdilər. Sözün açığı, burada qeyri-adi heç nə yoxdur, şairin borcu öz azadlığı xətrinə hətta qatar bələdçisi ilə də mübahisə, yeri gəlsə, dava etməkdir, polisin də borcudur ki, asayişi pozan şairi həbs etsin. Dünyada hər gün belə hadisələr baş verir. Bu hadisə baş verəndən sonra bir neçə yazar bu həbslə bağlı mediada narazılığını bildirdi, onlardan biri də mən idim. Yəni adi mübahisəyə görə vətəndaşı həbsə atmağın heç də yüngül cəza olmadığına deyindik. Amma nə edək ki, qanunun da öz məntiqi var. Yanılmıramsa, M.Mehdi rayon məhkəməsinin qərarı ilə həbs olunub. O vaxt mediadan Yazıçılar Birliyi ilə əlaqə saxlamışdılar və müsbət cavab verilməmişdi. Yəqin belə düşünüblər ki, qoy bundan sonra hər bir şair, yazıçı cəzasını çəkə biləcəyi əməllərə qol qoysun”.
Digər həmkarı Kəramət Böyükçöl də diqqətə çatdırıb ki, belə bir xırda məsələyə görə, şairin 1 il 6 ay müddətinə həbs olunması onu çox üzür: "Gərək onun istedadlı və dəyərli şair olması nəzərə alınaydı. Düzdü, qanun qanundu. Amma ona hər hansı bir güzəşt etmək lazım idi. Bundan başqa, onun media və ictimaiyyətin diqqətindən kənarda qalması məni təəccübləndirdi. Belə olmamalı idi. Mahirlə bütün günü oturub, yeyib-içənlər, ona qardaş deyənlər nəinki öz çalışdıqları media quruluşlarında, heç sosial şəbəkələrdə belə adi bir status da yazmadılar. Onu yada salmadılar. Bu məsələlər məni həqiqətən də ağrıdır. Allah qapısnı açsın. İnanıram ki, azadlığa buraxılacaq. Sağ-salamat çıxsın”.
K.Böyükçöl Azərbaycan Yazıçılar Birliyinin (AYB) məsələ ilə bağlı effektiv addım ata biləcəyini düşünmür: "Buna rəğmən deyim ki, AYB adından müraciət oluna bilərdi ki, məsələyə həssas yanaşılsın. AYB başqa heç nə edə bilməzdi. Ölkənin hüquq-mühafizə orqanları və prokurorluq var. AYB deyə bilməz ki, bizim üzvümüzdür, onu buraxın. Sadəcə şəxsi xahiş ola bilərdi. Polisə necə deyək ki, onu həbs eləmə. Polisə müqavimət göstərib, onun da qanunla cəzası budur. Çəkməlidir. Hər halda AYB nəsə bir iş görə bilərdi. Amma onlar da işin üstündən sükutla keçdilər”.
Yazar Şərif Ağayar isə prosesdən xəbərsiz olduğunu söyləyib: "Allah köməyi olsun. Sadəcə təəssüf edirəm. Başqa heç nə deyə bilmərəm. Çünki prosesdən məlumatsızam. Mənə aid nə kömək lazımdırsa, hazıram”.
Ayyət Əhməd