“Sankt-Peterburq görüşünə ümidlə baxmaqda səhv etməmişik”

Zahid Oruc: “Açıq demək lazımdır ki, Avropa dövlətləri və ABŞ Putinin Qarabağ planının keçərli olmasını istəmir”


Azərbaycan və Ermənistan prezidentlərinin Sankt-Peterburq görüşünün yekunlarına dair birgə bəyanat yayılıb. Bəyanatda vurğulanıb ki, tərəflər Vyana görüşü zamanı əldə olunan və vəziyyətin sabitləşməsinə yönələn və sülh prosesinin irəliləməsinə təkan verən razılaşmanı təsdiqləyiblər. Bu məqsədlə prezidentlər münaqişə zonasında beynəlxalq müşahidəçilərin sayının artırılması və münaqişənin mərhələli həlli barədə razılığa gəliblər.

Həmçinin, tərəflər təmas xəttində atəşkəs rejiminin son vaxtlar qorunmasından məmnun qaldıqlarını bildiriblər. Görüş və nəticələrlə bağlı "Şərq”in suallarını cavablandıran millət vəkili Zahid Oruc Sank-Peterburq toplantısının yeni mərhələ olduğunu vurğulayıb...

- Prezidentlərin Sankt-Peterburq görüşünü digərlərindən fərqləndirirlər. Sizcə, bu fərq nədən ibarətdir?

- İndiyə kimi reallaşan görüşləri müəyyən qədər biri-birindən fərqləndirmək lazımdır. Çünki həmsədr ölkələrin təşkil etdiyi görüşlər nə formatına, nə də reallaşdırma formasına görə eynilik təşkil edir. Həmçinin, görüşlərə təşəbbüs edən dövlətlərin maraqları da eyni deyil. Son Vyana və Sankt-Peterburq görüşlərində yalnız bir məsələ oxşar oldu və hər ikisində əsaslı rol oynadı. Belə ki, aprel döyüşləri beynəlxalq diplomatları, dövlət başçılarını və xarici işlər nazirlərini yerindən tərpətdi. "Dörd günlük” müharibənin nəticələri Qarabağ məsələsini beynəlxalq siyasi gündəmin ön cərgəsinə çıxartdı. Vyanada və Sankt-Peterburqda danışıqların detallarını tam bilmədiyimiz üçün gözləntilərin özünü doğrultmadığı qənaətinə gəlməməliyik. Ermənistan və Azərbaycan ictimaiyyətinin Peterburq görüşünə yanaşması da biri-birindən fərqlənirdi. Ermənistan istəyirdi ki, Azərbaycan tərəfi hərbi gücə əl atdığı üçün Moskva tərəfindən qınansın. Ancaq bu, baş vermədi. Təbii olaraq, Minsk Qrupuna, həmsədrlərə münasibət pis olduğuna görə, görüşlərə ümidlər azalır. Lakin anlamaq lazımdır ki, görüşlərin detallarını tam açıqlamaq Qərbi dərhal hərəkətə keçirir. Açıq demək lazımdır ki, Avropa dövlətləri və ABŞ Putinin Qarabağ planının keçərli olmasını istəmir.

- Rusiyanın münaqişənin həlli prosesini tamamilə öz əlinə alması Azərbaycana nə vəd edir?

- Rusiyanın Dağlıq Qarabağ danışıqlarını bütövlükdə öz əlinə götürmək istəyi hər zaman olub. Aprel atəşkəsində də Moskvanın müdaxiləsini gördük. Bildiyimiz kimi, son üç ayda ABŞ dövlət katibi Con Kerri və Rusiyanın xarici işlər naziri Sergey Lavrov arasında telefon danışıqları oldu. Hətta daha sonra üç ölkənin xarici işlər nazirləri bir araya gəldi. Kreml təşəbbüsü başqasına həvalə etmək niyyətində olmasa da, hələlik Minsk Qrupundan tam yaxa qurtara bilmir. Çünki sırf bu münaqişəyə görə, Qərb dövlətləri Cənubi Qafqaz regionuna ayaq açıblar və indi də bölgədəki proseslərə müdaxilə edirlər.

- Sizcə, Azərbaycan tərəfi Sankt-Peterburq görüşündən gözlədiyi nəticəni aldımı?

- Prezidentimiz danışıqlara gedərkən aprel savaşından sonra dəyişən status-kvonu siyasi səhnəyə daşımaq fikrində idi. 25 minlik hərbi qüvvələrimizin keçirdikləri təlimlər də erməni hərbi kontingentinə təsir mahiyyəti daşıyırdı. Dövlət başçısı ölkəmizdəki birliyi ifadə edərək mövqeyimizin qəti və güclü olduğunu düşmənə hiss etdirdi. Fikrimcə, bundan sonra Kazan prinsipləri ətrafında danışıqlar dərinləşcək. Qərb isə çalışacaq ki, Azərbaycanı və ya Ermənistanı Putin planının boş olduğuna inandırsın. Ancaq reallıq odur ki, biz Qərb ölkələrindən istədiyimiz sazişi və modeli almamışıq. Əslində BMT-nin dörd qətnaməsini icra etsələr, ən yaxşı sülh planını həyata keçirmiş olarlar.

- Rusiya münaqişəni necə həll edə bilər?

- Moskva hökuməti 1990-cı illərdə rus hərbi birləşmələrinin köməyi ilə zəbt edilmiş Azərbaycan ərazilərinin, konkret olaraq üç rayonun - Ağdam, Cəbrayıl və Füzulinin geri qaytarılmasına çalışır. Çünki həmin ərazilər bölgə tranzitinin, Cənubla Qərbi birləşdirən nəqliyyat yolunun "qan-damar” sistemi sayılır. Ancaq ərazidə müharibə getməsi Moskvanın bütün planlarını alt-üst edir. Ona görə də ilkin şərt kimi kommunikasiya xətlərinin açılması şərtləri irəli sürüləcək. Kreml Qarabağa nəzarət funksiyasını həyata keçirməklə regionun əsas gücü olduğunu sübuta yetirəcək. Məncə, Putinin məxfi planı bundan ibarətdir və hesab edirəm ki, Azərbaycanın ziyanına deyil. Nəzərə alaq ki, Rusiya ilə Azərbaycanın münasibətləri heç vaxt indiki kimi yaxşı olmayıb. Bunun əksinə, Ermənistan-Rusiya əlaqələri də indiki kimi korlanmayıb. Bu fürsətdən yararlanmaq lazımdır.

- Qərb dövlətləri Rusiyanın təşəbbüsü öz əlinə almasına göz yumacaqmı?

- Biz Sankt-Peterburq görüşünə ümidlə baxmaqda səhv etməmişik. Rusiya siyasi və hərbi elitası dərk edir ki, bir tərəfdən Azərbaycan dövlətinə 5 milyard dollardan artıq silah-sursat verib, digər tərəfdən əsgərinə "güllə atma” demək düzgün yanaşma deyil. Eyni zamanda Kreml anlayır ki, prosesi əvvəlki səviyyədə saxlamaq mümkünsüz və təhlükəlidir. Çünki bu vəziyyət Qərb dairələrinin regiona nüfuz etməsinə şərait yaradır. Qərbin bölgəyə girməsi isə birbaşa Rusiya üçün təhlükə deməkdir. Qarabağ münaqişəsi Rusiya əleyhinə olan qüvvələri bölgəyə sövq edir. Çox güman ki, Qərb növbəti görüşlərin Avropa paytaxtlarında baş tutmasına çalışacaq. Ancaq 8 il hakimiyyətdə olan ABŞ Prezidenti Barak Obamanın bircə dəfə də olsa, görüşə cəhd etməməsi Kremlin əlini gücləndirir.

- Rusiyanın Ermənistana ciddi təzyiq edəcəyinə ümid bağlamaq olarmı? Sizcə, bu təzyiqlər hansı formada olacaq?

- Şübhə yoxdur ki, Rusiyanın siyasi dairələri və hərbi qüvvələri Putini Ermənistanın ərköyünlüyü ilə bağlı məlumatlandırıblar. Düşmən ölkədə Putin əleyhinə təhqiramiz fikirlər səsləndirilir. Ermənistanda anti-Moskva əhval-ruhiyyəsi güclənməkdədir və bu proseslər Qərb dairələrinin əli ilə reallaşır. Rusiya lideri baş verən proseslərin fərqindədir. Ermənistana təzyiq isə müxtəlif formada həyata keçirilə bilər. Sarkisyanın bədən dili, jestləri, mimikası hər zaman bərbad olub. O, erməni siyasətçilərin içində ən zəif şəxsdir. Məncə, ermənilərə cəza verməyin ən yaxşı yolu Sarkisyanı hakimiyyətdə saxlamaqdır. Çünki Sarkisyan Ermənistanı zəiflədir, xalqı məhv edir, erməni ictimaiyyətində və lobbiçilər arasında parçalanma yaradır. Sarkisyanın danışıqlar masasına zorla oturdulması belə düşmən rəhbərliyinə təzyiqdir. Görüşdən sonra açıqlanan məsələlər də göstərir ki, Sarkisyana ciddi təzyiq edilib. Əks halda, Kreml Azərbaycanın növbəti dəfə Ermənistana "dörd günlük” cəhənnəm yaşatmasına şərait yarada bilər.

- İctimaiyyət üçün narahatlıq doğuran əsas məsələ bölgəyə "rus sülhməramlı”larının gəlməsidir. Bununla bağlı fikriniz nədir?

- Rusiyanın Qarabağa sülhməramlı yerləşdirməsinə ehtiyacı yoxdur. Bu, ümumiyyətlə uydurma versiyadır və məqsədyönlü şəkildə cəmiyyətə sızdırılan məsələdir. İndi Azərbaycan regionda "ingilis dövləti” siyasətini yeritməlidir. 1990-cı ildə müəyyən qüvvələr bizi Rusiya ilə toqquşdurublar. Proseslərin içində olan, uzun illər Rusiyanı tənqid edən siyasətçi kimi deyə bilərəm ki, artıq şüurlarımızda ruslarla bağlı dəyişiklik etməliyik. Unutmayaq ki, bu gün sürətlə Cənubi Qafqaza girən NATO ordusu sürətlə də geri çəkiləcək. Biz isə onların təşəbbüsü ilə yaradılmış çoxlu problemlərin arasında qalacağıq. Siyasət yetkinlik tələb edir. Hamımızın borcudur ki, yuxarı və aşağı ilə savaşmadan ən optimal yolu tutaq.

- Bəs, Dağlıq Qarabağın statusu məsələsini necə dəyərləndirirsiniz?

- Bütün ətraf rayonların qaytarılması şərti ilə Dağlıq Qarabağa müəyyən statuslar verilə bilər. Məsələn, orada yaşayan ermənilərin Ermənistanla əlaqəsinə təhlükəsiz dəhliz yaratmaq, onların qorunması üçün polis qüvvələrinin yaradılması və s. güzəştləri etmək mümkündür. Amma beynəlxalq gömrük əlaqələri qurmaq və hüquq subyekti kimi çıxış etmək yolverilməzdir. Əgər məsələni bu şərtlərlə sona çatdırmaq mümkün olarsa, hesab edirəm ki, bölgə dövlətlərinin hamısı bundan fayda görər.

İsmayıl