Saqqal saxlayan gənclərin sayı artır

Kimisi bunun Türkiyə seriallarından gələn bir dəb olduğunu deyir, kimisi isə qadınların bundan xoşlandığını əsas gətirir




Son zamanlar cəmiyyətimizdə saqqal saxlayan gənclərin sayı artmaqdadır. Bu hal bəziləri üçün birmənalı qarşılanmasa da, saqqal saxlayan gənclərə sərt reaksiya verməyən insanlar da az deyil. Bəziləri gənclərin saqqal saxlamağını normal qəbul edərək, hər kəsin azad iradəyə və seçimə sahib olduğunu düşünür.
Buna baxmayaraq gənclərin saqqallı olmasına müsbət yanaşmayan, hətta bunun qəbahət olduğunu deyənlər də var. Nədənsə, dini inanclarına görə saqqal saxlayanlar yox, sırf imic üçün saqqal saxlayan gənclər daha çox tənqid olunurlar. Maraqlıdır, gənclərimizin saqqal saxlamağa meyilli olması nədən irəli gəlir?

Saqqal saxlayan gənc yazar Eminquey Akif "Şərq”ə bildirib ki, əgər Sovet dövrünə baxsaq, bir dövr saqqal da, saç da uzatmaq dəb olub: 

"Dəb elədir ki, hərlənib, fırlanıb geri qayıdır. Məsələn, trapes şalvarlar xüsusən qadınlar arasında heç vaxt dəbdən düşmür. Yaxud kostyum da nə vaxtsa dəb idi, sonralar bütün millətlərin daimi geyiminə çevrildi, Azərbaycanda hətta ifrat dərəcəyə qədər çatdı. Kimə baxırsan kostyum geyinir. Gələk saqqala. Son dövrlər saqqal saxlamağın belə kütləviləşməsi deyərdim ki, bizə əsasən Türkiyədən gələn bir hal oldu. Xüsusən türklərin tarixi seriallarından. Başqa bir fərziyə var ki, hansısa təşkilatlanmış bir qrup insanın ortaya atdığı dəbdir. Ümumiyyətlə, insanlar geyimlərini, saqqallarını və ya başqa nələrinisə dəbə uyub etməkdənsə, nəyə görə etdiklərini anlasalar yaxşı olar.

Mənim üçün saqqal rahatlıqdır. O mənada ki, hər gün səhər-səhər üzümə zülm vermirəm. Adam tanıyıram ki, gündə iki dəfə üzünü qırxır. Mən saqqalsız özümü narahat hiss edirəm, kompleksli oluram. Bu mənim bir az da uşaq görünməmək istəyimlə bağlıdır. Dostlarım da saqqalın mənə yaraşdığını deyirlər. İllərdir ki, anamla bircə bu məsələdə düz gəlmirəm. Onun xətrinə çox da uzun saqqal saxlamıram. Hətta istəyərdim ki, iş yerlərində də saqqal qadağası aradan götürülsün. Bu bizə Sovetdənqalma kiflənmiş bir senzuradır. "Üzünü təmiz saxla, ayıbdı” məsəli mənim üçün işləmir. Əsas məsələ yaraşıb-yaraşmamasıdır. Üzünə normal saqqal çıxmırsa, onu saxlayıb özünü güldürmə”.

Yazar Ayxan Ayvaz isə bildirib ki, saqqal saxlamadığı üçün həmişə balaca uşaqların "hücumuna” məruz qalır: 

"Yəqin məni özlərinə bənzədirlər və güclərini üstümdə sınamaq qərarına gəlirlər. Məhz bu səbəbdən saqqal buraxıram ki, bəlkə mənə hörmət qoyalar. Bir də ki saqqal məndə yazıçı pozası yaradır. Zarafat bir yana, mən özümü saqqalsız təsəvvür edə bilmirəm. Üstəgəl, xanımların da xoşuna gəlir. Çoxlu iradlarla rastlaşmışam. Deyirlər, gül kimi oğlansan, saqqal nəyə lazım. Halbuki, saqqal mənə estetik zövq verir”.

Yenicağ.az-ın reportyoru Səxavət Məmmədin sözlərinə görə, son zamanlar saqqal saxlayanlara dindar gözü ilə baxırlar: 

"Bu fikirlə qətiyyən razılaşmıram. Bizim dədə-babalarımız saçlı, saqqallı olublar. Hər kəsin öz fikri var. Mən özüm də saqqal saxlayıram. Ancaq bunu dindar olduğum üçün yox, özüm istədiyim üçün edirəm. Üzüm təraşlı olanda dostlar "uşaqsifət" deyirlər. Təraşlı üzlə yaşımdan çox az göstərirəm. Əsgərlikdə bu problemlə çox rastlaşırdım. Bölükdə ali təhsillilərlə, orta məktəbi bitirib gələnləri seçəndə daim məni orta məktəbi bitirib gələnlərin arasına qatırdılar. Hər dəfə ali təhsilli olduğumu demək məcburiyyətində qalırdım. Sırf "uşaqsifət" deyilməsin deyə saqqal saxlayıram”.

Saqqallı şəxslərin çoxaldığını təsdiqləyən sosioloq Əhməd Qəşəmoğlu bu halın xoşagələn olmadığını düşünür:

 "Saqqal saxlayan insanlar əsasən 2 qrupa bölünürlər. Bir qrup şəxslər islami-dini təriqətlərdən aşılanan dəyərlərə görə saqqal saxlamağı daha çox təbliğ edirlər. Məsələn, kifayət qədər vəhabilər var ki, onlar saqqal saxlayırlar. Eyni zamanda başqa təriqətlərin nümayəndələri müəyyən qədər saqqal saxlamağa üstünlük verirlər. Digər qrup şəxslər qərbin təsiri altında olurlar. Görürlər ki, əksər qərb ölkələrində saqqal saxlayırlar. Bəzilərinin isə saqqal saxlamaqda məqsədi başqadır. Məsələn, cavan uşaqdır və istəyir hər kəsə göstərsin ki, o artıq yaşlanıb, ciddi adamdır. Beləliklə bəziləri sırf bu səbəbdən saqqalla özlərinə bir imic formalaşdırırlar.

Şəxsən saqqal saxlayanların çoxalmasını xoşagələn hal kimi qəbul etmirəm. Çünki saqqal natəmizlik əlamətidir və bir çox infeksiyaların keçməsi üçün şərait yaradır. Görünür, təhsil sistemimizdəki zəiflik buna təsir edir. 

Orta məktəblərdəki təhsil sistemində ciddi münasibətlər olsaydı, gənclər belə etməzdi”.
Sosioloq xanım Lalə Mehralının isə saqqal saxlayan gənclərə münasibəti müsbətdir. 

Onun sözlərinə görə, bu, hər kəsin şəxsi seçimidir və kiməsə saqqal saxladığı üçün müdaxilə etmək düzgün deyil: 


"Əgər insanların özəlinə müdaxilə etmək niyyətindəyiksə, onda bunu əsaslandırmalıyıq. Nə üçün müdaxilə etdiyimizi onlara açıqlamalıyıq. Kimsə dini baxımdan belə addım atırsa, bu, onun özəli sayılır. Çünki insanların inancları müzakirəedilməzdir. Ölkəmiz tolerant bir ölkədir və burada bütün din nümayəndələrinin normal şəklidə yaşamaq hüququ var. Başqa dinin nümayəndəsi bunu geyimində göstərirsə, onlara da qarışa bilmərik.

Təbii ki, üzdəki tük çox uzundursa, əlbəttə, kənardakıları narahat edə bilər. Bəzən vəhabiləri görürəm və görünüşlərindən bilinir ki, onlar vəhabidir. Qısa ətəkli şalvarda və səliqəsiz, uzun saqqallı olurlar. Şəxsən mən belələrini görəndə narahat oluram. Amma üzündə az tükü olan, normal görünüşlü və geyimli insanlar məni narahat etmir. Bəzən kiminsə qısa şortik və ətək geyinməyinə, ya da saqqal saxlamağına qarışırıq. İnsanların həyatına bu qədər müdaxilə etməyi normal hesab etmirəm. Bir şərtlə ki, o insan cəmiyyət üçün təhlükəli olmasın. 

Əgər onun üzü tüklü gəzməsi insanlar üçün təhlükəlidirsə, bu halda müzakirəyə ehtiyac görərdim. Yox əgər kiminsə üzündə az da olsa tük varsa, həmin şəxs özünü belə daha yaxşı hiss edirsə, bu, bizi narahat etməli deyil. Gəncləri 30-40 il əvvəlki görünüşdə görməyəcəyimizi artıq qəbul etməliyik. Hazırda 35 yaşım var. Qız vaxtımdakı dövrdə (bir neçə il bundan əvvəl) qızlar bir başqa cür geyinirdi, indi tamam fərqli geyinirlər. Çünki onların həyata baxışı dəyişir. Ona görə də insanların görünüşünə qarışmaq düzgün deyil”.

Sosioloq bildirib ki, gənclərin üzündəki saqqaldan narahat olmaq yerinə, cəmiyyət olaraq bəzilərinin parkları zibilləməyinə, cəmiyyəti çirkləndirməyinə qarşı mövqe nümayiş etdirmək lazımdır: 

"Narahat olunacaq o qədər çox məsələ var ki. Ona görə də gənclərin saqqallı olmağı bizi narahat etməli deyil. Gələcəkdə övladım saqqal saxlamaq istəsə, ona kəskin reaksiya göstərmərəm. Yəqin ki, yaraşıb-yaraşmamağı ilə bağlı fikir bildirərəm. Amma onu vadar etmərəm ki, üzünü təmizləsin. Bu, onun tamamilə şəxsi fikri olmalıdır. Necə ki, biz qadınlar saçımızı istədiyimiz formaya salırıq, məncə, kişilər də bu baxımdan seçimlərində azad olmalıdırlar”.

Yeganə Bayramova