Sarkisyan orduda təmizləmə aparır

Sülhəddin Əkbər: “Siyasi rəhbərlik “günah keçisi” axtarır”
Üzeyir Cəfərov: “Köhnə maşına nə qədər bər-bəzək vursan da, detallarını dəyişsən də, yenə köhnə maşın olaraq qalır”


Aprel ayının ilk günlərindən başlayaraq cəbhədə baş verən proseslər erməni əsgərlərinin Azərbaycan ordusu qarşısında aciz olduğunu bir daha sübuta yetirdi. Vətənin keşiyində dayanan qəhrəman əsgərlərimiz ölkənin Ali Baş Komandanı və müdafiə naziri səviyyəsində edilən hərbi xəbərdarlıqların heç də söz yığınından ibarət olmadığını düşmən tərəfə əyani şəkildə nümayiş etdirdi və bütün dünyaya ordumuzun düşmən qüvvələrdən dəfələrlə üstün olduğu mesajını ünvanladı.

Təbii ki, bu vəziyyət Ermənistanın ölkədaxili siyasətinə də təsirsiz ötüşməyib. İctimaiyyət və cəmiyyət arasında həm qorxu, həm də çaşqınlıq yaradıb. Mövcud situasiyanın getdikcə əleyhinə işlədiyindən duyuq düşən Ermənistan Prezidenti Serj Sarkisyan isə posesləri qabaqlamaq üçün orduda təmizləmələrə üstünlük verir və bütün məsuliyyəti generallarının üzərinə qoymağa çalışır. Bir göz qırpımında mövqelərinin Azərbaycan ordusu tərəfindən darmadağın edilməsindən sonra şok yaşayan Sarkisyanın açıqlamaları ilə əməlləri biri-birinə ziddir. O gah erməni ordusunun ‘’qələbəsindən’’, əsgərlərin ‘’igidliyindən’’ danışır, gah da generalları vəzifələrindən qovur, yaxud da həbs edir. Qeyd edək ki, Ermənistan Müdafiə Nazirliyinin 3 yüksək rütbəli hərbçisi saxlanılıb. Erməni KİV-lərinə istinadən aldığımız xəbərə görə, məlumatı Ermənistan İstintaq Komitəsi təsdiqləyib. Saxlanılanlar Ermənistan Müdafiə Nazirliyinin silahlanma idarəsinin sabiq rəisi, general-mayor Mels Çilinqaryan və polkovniklər Armen Marqaryanla Mqer Papyandır.

Ermənistanda baş verən prosesləri dəyərləndirən ekspertlərin fikrincə, erməni generallarının ordudan qovulması və ya onların həbs olunması elə Ermənistanın son hərbi əməliyyatlarda məğlub olmasının etirafıdır. Yəni ermənilər başa düşdülər ki, artıq müharibənin ikinci mərhələsini uduzublar. Əgər onlar bir də təxribatlar törətsələr, nəinki işğal edilmiş Dağlıq Qarabağ və ətraf rayonların əldən getməsi, hətta Ermənistanın bir dövlət olaraq yox olması təhlükəsi yarana bilər. Məhz bu da erməni ictimaiyyətində ciddi narahatlıq yaradır. Sarkisyan isə cəmiyyətdə ona qarşı etiraz dalğasının artmasından ciddi narahatdır.

Politoloq Sülhəddin Əkbər generalların tutduqları vəzifədən uzaqlaşdırılmasının və sonradan onların həbs olunmasının Ermənistanın daxili ictimai-siyasi vəziyyətilə bağlı olduğunu deyib: "Qarabağda baş verən son olaylardan sonra Ermənistanda ictimai-siyasi fəallıq artıb. Həm müxalifət, həm də cəmiyyət tərəfindən siyasi rəhbərlərə təzyiqlər var. Siyasi rəhbərlik isə "günah keçisi” axtarır. Rəhbərlik isə bu dəyişikliyi etməklə gərginliyi azaltmağa çalışır”. Politoloq işdən azad olunan şəxslərin yerinə rus generallarının təyinatı ilə bağlı gəzən söz-söhbətlərə də münasibət bildirib. Onun fikrincə, Rusiyanın generalları lazım olan vaxtlarda həm Ermənistana, həm də Dağlıq Qarabağa səfər edir: "Birbaşa təyinata ehtiyac yoxdur. Generallar lazım olan təlimlərini verib gedirlər. Onsuz da Ermənistan strateji baxımından onların nəzarətindədir”.

Hərbi ekspert Üzeyir Cəfərov isə hesab edir ki, bunun arxasında Ermənistanın yenidən hərbi əməliyyatlara başlamaq niyyəti ola bilər: "Ermənistanın aprel ayının əvvəllərində aldığı zərbə həm Azərbaycan Silahlı Qüvvələrinin yüksək döyüş hazırlığına, eyni zamanda da təriflənən erməni generalların, idarə və şöbə rəislərinin buraxdığı kobud səhvlərə görə oldu. İndi Ermənistanda kadr dəyişiklikləri aparmaqla həmin səhvləri düzəltməyə, ordunun döyüş hazırlığını bərpa etməyə çalışırlar. Bilirik ki, Ermənistan tərəfi itirdiyi mövqeləri geri qaytaracağı ilə bağlı tez-tez bəyanatlar da səsləndirir. İndi baş verənlər o anlama gəlir ki, erməni tərəfi qüvvə toplayıb yaxın zamanlarda Azərbaycan Silahlı Qüvvələrinin üzərinə növbəti həmlələri, basqıları həyata keçirməyə hazırlaşır. Ancaq nə qədər dəyişiklik olsa belə, xeyri yoxdur. Necə ki, köhnə maşına nə qədər bər-bəzək vursan da, detallarını dəyişsən də, yenə köhnə maşın olaraq qalır.

Ermənilərin də bu gün üzləşdiyi vəziyyət ondan ibarətdir ki, nə qədər çalışsalar da, yaxın zamanlarda Azərbaycan Silahlı Qüvvələrinin səviyyəsinə çata bilməzlər. Çünki bunun üçün həm vaxtları azdır, həm də Azərbaycan Silahlı Qüvvələrinin inkişafı Ermənistan ordusunu xeyli geridə qoyub”.

Şəymən