Sarkisyan xalqın hiddətini qabaqlamaq istəyir

Ona görə generalları qovmaqla məsuliyyəti hərbi qüvvələrin üzərinə qoydu



Ermənistan Prezidenti Serj Sarkisyan yüksək rütbəli hərbçiləri işdən qovub. Məlumata görə, prezidentin fərmanına əsasən Ermənistanın müdafiə nazirinin maddi-texniki təminat üzrə müavini, general-leytenant Alik Mirzabekyan tutduğu vəzifədən azad edilib. Bundan başqa, kəşfiyyat baş qərargahının başçısı general-mayor Arşak Karapetyan və rabitə xidmətlərinin rəisi general-mayor Komitas Muradyan da işdən çıxarılıb.

Addımın səbəblərini 4 günlük müharibənin nəticələri ilə izah edən Milli Məclisin Müdafiə və təhlükəsizlik komitəsinin üzvü, millət vəkili Zahid Oruc bildirib ki, hərbi məğlubiyyəti düşmən ölkəni çaş-baş salıb: "Başqa cür də ola bilməzdi. Çünki bu, ya yanvar, ya da mart ayında baş versəydi, Ermənistan dövriyyəyə fərqli versiyalar buraxardı. Erməni hakimiyyəti bunu Azərbaycanla əlaqələndirməzdi. Səngərdə ordumuzun ermənilərə vurduğu zərbələr, Lələpətə yüksəkliyi və Talış kəndi ətrafındakı mövqelərin itirilməsi Ermənistan ordusunu dağıdan məsələyə çevrilib. Unutmaq olmaz ki, 1990-cı illərdə həmin generallar Azərbaycan ərazilərinin qəsbkarlığında göstərdikləri "xidmətə” görə həmin rütbələrə yiyələnmişdilər. Öz xalqı içərisində sərkərdəyə çevrilmişdilər. Onlar barədə çoxsaylı əsatirlər, miflər yaradılmışdı. Kəlbəcərə bayraq sancanlara yüzlərlə ədəbi əsərlər və filmlər həsr olunub. İndi isə həmin adamlar İsa peyğəmbərin dediyi kimi tapdıqları daşları geri yığırlar. Generalları işdən azad etməklə Sarkisyan rejimi məsuliyyəti hərbi qüvvələrin üzərinə qoyur. Xalq arasında cavabdehlikdən yayınmağa çalışır. Bütün bunlar açıq şəkildə xalqın ona qarşı hiddətini qabaqlamaq üçündür”.

Komitə üzvünün sözlərinə görə, Ermənistan hərbi və siyasi qüvvələri arasında çox ciddi narazılıqlar mövcuddur: "Artıq arxa cəbhədə də hamı bilir ki, ordularının ən adi texnikası belə yoxdur. Bu, yalnız Ermənistanın büdcə imkanlarının zəifliyi ilə əlaqədar deyil. Həm də hərbi sistemdəki korrupsiya ilə bağlıdır. Buna görə də, Sarkisyandan cavabdehlik istənilir. Bu baxımdan siyasi hərəkatlar, partiyalar və təşkilatlarla hərbiçilər arasında dərin və gizli narazılıqlar mövcuddur. İndi bu etirazlar aşkara çıxmaqdadır”.

Parlamentari qeyd edib ki, Ermənistan Müdafiə Nazirliyi rəhbərliyində parçalanma gedirsə, bu, Seyran Ohanyanın "protez” ayağının büdrəməsi deməkdir: "O, ayaq üstə dura bilməyəcək. Qarabağdan gələn tabutlar Ohanyanı yerindən oynadacaq. Sarkisyan da hərbi mundiri geyib, səngərdə döyüşəsi deyil. Onun xalq qarşısında nüfuzu yoxdur. Ona görə də Sarkisyan təhdidə əl atır. Birincisi, bildirir ki, guya Rusiyadan üzlüşüb, NATO-ya keçirlər. Guya NATO gəlib onlar tərəfdən vuruşacaq. İkincisi, deyirlər ki, Amerika gəlib, cəbhə bölgələrində kameralar qursun və bu vasitə ilə bölgəyə nəzarət olunsun. Üçüncüsü, Rusiya-Azərbaycan münasibətləri pozulsun və ruslar 1990-cı illərdə bunların əvəzindən döyüşsün. Dördüncüsü, danışıqlardan çıxacaqlarını bəyan edirlər. İddia edirlər ki, son əməliyyatlara görə, Azərbaycan cavab versin. Əks halda, dialoqa gəlməyəcəklər. Amma deyim ki, istəklərinə çatmayacaqlar. İstefalar siyasi nəticələr doğuracaq. Şübhə etmirəm ki, avtomatı Sarkisyan rejiminə qarşı çevirənlər olacaq”.

Deputat bu günlərdə Ermənistanda avtobusda törədilən hadisəyə də diqqət çəkib: "Bütün bunlar daxili çək-çevirin bir hissəsidir. Getdikcə belə hadisələrin sayı artacaq. Belə hallar isə siyasi böhrana yol açacaq. Sarkisyan rejiminin iqtidarda qalmasına səbəb Dağlıq Qarabağ münaqişəsi idi. İndi isə onun dayağından Qarabağ məsələsi çıxır. Səngərdə dəyişən 1KV/m məsafə Ermənistanın içərisində siyasi nəticələr doğurur. Azərbaycanda isə heç siyasi didişmə yoxdur. Parlamentdə hansısa qüvvələr dövləti ələ almaq uğrunda vuruşmur. Heç bir siyasi qüvvə mövcud deyil ki, hazırkı şəraitdə, ermənilərlə savaşda iqtidar əleyhinə mövqe tutsunlar. Hökumət dayanıqlığını sübuta yetirir. Azərbaycan xarici tərəfdaşlarını artırır. Rusiya ilə toqquşma mövcud deyil. Bütün parametrlər sübut edir ki, qarşıdakı günlərdə ermənilər təxribatlara əl atacaq, amma sonra tamamilə dayanacaq. Əminəm ki, 4 günlük müharibə gələcək dövrdə daha mühüm nəticələr doğuracaq. Artıq Ağdərə və digər ərazilərimizdə erməniləri saxlamaq mümkün olmayacaq. İnsan resursu yaşamayan ərazini isə vətənə çevirmək mümkünsüzdür”.

Ayyət Əhməd