“Sarkisyanı konstitusiya maddələrini pozması sahəsindəki rekordlarına görə “Ginnesin rekordlar kitabı”na nominant hesab etmək olar”
Sarkisyanın “yamaqları tikiş tutmur”
Sosial tənəzzülə uğrayan Ermənistanda artıq siyasi böhran da dərinləşib
“Sarkisyanı konstitusiya maddələrini pozması sahəsindəki rekordlarına görə “Ginnesin rekordlar kitabı”na nominant hesab etmək olar”
“Sarkisyanı konstitusiya maddələrini pozması sahəsindəki rekordlarına görə “Ginnesin rekordlar kitabı”na nominant hesab etmək olar”
Sosial-iqtisadi baxımdan çoxdan tənəzzülə uğrayan Ermənistan artıq siyasi cəhətdən də ciddi böhran içindədir. Totolitar və təcavüzkar rejimin basqıları və yarıtmaz siyasəti ölkə əhalisini və müxalif təşkilatları boğaza yığmaqla bərabər hakimiyyət daxilindəki qüvvələrin də ayağa qalxmasına səbəb olub. Qaniçən Sarkisyan rejimi bütün hədə-qorxularla narazı kütləni və media nümayəndələrini susmağa məcbur etsələr də, etiraz səsləri hər təbəqədən yüksəlməkdədir. Artıq Sarkisyanın "yamaqları tikiş tutmur”.
"1in.am” saytına müsahibəsində erməni vəkil Vahe Qriqoryan söyləyib ki, Ermənistan ictimaiyyəti siyasi müxalifəti itirməyin qarşılığını çox ağır şəkildə ödəyəcək. Onun sözlərinə görə, Ermənistan hökuməti totalitarizmə doğru irəliləyir və bu yolda davamlı olaraq özlərinə mane olan hər şeyi ortadan qaldırırlar: "Burada onların ilk hədəfi vəkillər və jurnalistlərdir. Hələlik siyasi müxalifət bufer zona rolunu oynayır. Müxalifət zərərsizləşdiriləndə növbə vəkil və jurnalistlərə çatacaq. Bu aksiomadır və totalitarizmin antropologiyasıdır”.
Xatırladaq ki, martın 10-da Ermənistan müxalifəti İrəvanda aksiya keçirib. Aksiya iştirakçılarının əsas tələbi Serj Sarkisyanın hakimiyyətdən kənarlaşdırılması və siyasi məhkumların buraxılması olub. Məlumdur ki, Sarkisyanın prezidentlik müddəti aprelin 9-da başa çatır. Həmin gün baş nazir və hökumət istefa verməli, parlament isə yeni baş nazir seçməlidir. Artıq indidən Serj Sarkisyanın baş nazir olacağı və müqəvva prezident Armen Sarkisyanı əlində oyuncaq edəcəyi bəllidir. Sarkisyanın əlindən bezən ermənilər onun hakimiyyətinin uzanmasını istəmirlər və bunu özləri üçün fəlakət adlandırırlar.
Elə bu səbəbdən ölkədə mitinqlərə start verilib. Ötəngünki mitinqdə çıxış edən parlament sədrinin keçmiş müavini, "Ermənistan dövləti uğrunda” hərəkatının lideri Karapet Rubinyan ölkədə böhran vəziyyətinin yarandığını, bunu dəf etmək üçün hakimiyyətin dəyişdirilməsinin və konstitusion nizamın bərpa olunmasının vacib olduğunu söyləyib: "İnsanların hüquq və azadlıqlarını tapdalayan hakimiyyət kütləvi miqrasiyaya səbəb verərək ölkənin inkişaf perspektivini heçə endirib”. "Demokratik vətən” partiyasının sədri Petros Makeyan isə rejimin 1999-cu ildə parlamentdəki terror aktını, 2008-ci ilin martın 1-i və 2-də nümayişçilərin gülləbaran edilməsini ört-basdır etmək üçün öz hakimiyyətini qorumaq istədiyini önə sürüb. O, bu cinayətlərdə birbaşa keçmiş prezident Robert Köçəryan və Serj Sarkisyanın əli olduğunu söyləyib. İrəvan mətbuat klubunun rəhbəri Boris Navasadaryan cəmiyyətdə kifayət qədər radikal əhval-ruhiyyənin hökm sürdüyünü vurğulayıb: "Bununla belə, cəmiyyət kütlələri mübarizəyə qaldıra biləcək hər hansı bir şəxsə inanmır. Ermənilər indi nəinki müxalifət, heç biri-birlərinə də inanmırlar. Əvvəllər etiraz etməkdə qərarlı olanlar indi ya ölkədən çıxıb gedib, ya da heç bir nəticə əldə olunmadığına görə ruhdan düşüblər”.
Əslində Rubinyanın toxunduğu miqrasiya məsələsi çox ciddi məqamdır. Bütün sahələrdə dərin böhranın hökm sürdüyü Ermənistanın əyalətlərində əhalinin sayı sürətlə azalmaqdadır. Miqrasiya tempinin artmasının əsas səbəbi isə sosial-iqtisadi problemlərdir. Sakinlər gələcəyə dair heç bir inamlarının olmadığını deyirlər. Çünki ölkədə işsizlik, yoxsul həyat tərzi hökm sürür. İnsanlar çalışmaq, ailələrini dolandırmaq üçün canlarını bu ölkədən qurtarmağa çalışırlar. Uşaqlarını ağır şərtlər altında böyüdürlər. Əhali çıxış yolunu yalnız ev-eşiklərini qoyub getməkdə görür. Hər il yüzlərlə ailə Ermənistanı tərk edib xaricə köçür. İşğalçı rejim isə bunun qarşısını almaq üçün heç bir addım atmır. Misal üçün, deyək ki, Kotayk vilayətində on il əvvəl üç minə yaxın sakin var idisə, indi əhalinin sayı 500-ə düşüb. İcma sədri Artak Sarıbekyan bildirib ki, problemlərimizi həll etmək əvəzinə kəndin küçələrindən birinə "Xoşbəxtlik” adı veriblər: "İnsanlar hər dəfə bu adı görəndə özlərini təhqir olunmuş hesab edirlər”.
"Armtayms” xəbər portalı yazıb ki, "Xoşbəxtlik” küçəsində yaşayanlar əslində bədbəxtdirlər. Ümumiyyətlə, bütün ölkədə hamı bədbəxtdir. Ona görə də insanlar xoşbəxtliyi Ermənistanda deyil, xaricdə axtarırlar. Şübhəsiz ki, düşmən ölkənin bu vəziyyətə düşməsinin səbəbi hamıya məlumdur. Səbəb Azərbaycan torpaqlarını işğal etməsidir. Bu barədə Azərbaycan Prezidenti İlham Əliyev dəfələrlə deyib. Bəzən yüksək səviyyəli xarici qonaqlar Ermənistanın da layihələrə qoşulması ilə bağlı söz açmağa çalışıblar. Buna cavab olaraq dövlət başçısı qətiyyətlə vurğulayıb ki, Ermənistan silahlı qüvvələri işğal etdiyi Azərbaycan ərazilərini tərk etməyincə, heç bir əməkdaşlıqdan söhbət gedə bilməz. Son zamanlar ermənilər ümidlərini İran vasitəsi ilə dəmiryolu və qaz kəmərləri çəkməyə bağlayırdılar. Ancaq bu da boşa çıxdı. İndi faktiki olaraq Ermənistan Gürcüstana yalvarır ki, Rusiya ilə dəmiryolu əlaqəsi yaratmağa imkan versin.
Dözülməz vəziyyət Ermənistanda çox az sayda yaşayan etnik qrupları ayağa qaldırıb. Yeni idarəetmə sistemindən və ölkədə baş verən dəyişikliklərdən narazı olan etniklər öz etirazlarını Ermənistan parlamentinin deputatlarına ünvanladıqları açıq məktubda ifadə ediblər. Sözügedən məktubda Ermənistanın prezident idarəetmə üsulundan parlament idarəetmə üsuluna keçməsi ilə milli azlıqların əldə etdiyi hüquq və imkanların məhdudlaşdırılacağı qeyd olunub.
Ermənistandakı siyasi özbaşınalığa diqqət çəkən politoloq Mübariz Əhmədoğlu bildirib ki, prezident Serj Sarkisyan son 5 ildə konstitusiyanın maddələrini 4 dəfə pozub. Ekspert deyib ki, Karen Karapetyan Rusiya vətəndaşı olduğu halda Ermənistan respublikasında baş nazir postuna təyin edilib: "Konstitusiyanın tələbinə görə, Baş nazir son 4 ili Ermənistan ərazisində yaşamalıdır. Karapetyan da son 4 ildə Ermənistan ərazisində yaşamayıb. Yeni konstitusiyanın tələbinə görə, parlament üsul-idarəsinə keçmiş Ermənistanın ilk prezidenti ümumxalq səsverməsi yolu ilə seçilməli idi. Çünki konstitusiyanın prezidentin parlamentdə seçilməsi tələbi yalnız ilk prezident seçildikdən sonra qüvvəyə minir. Serj Sarkisyanın saxtalaşdırmaqda əsas silahı olan Ədliyyə naziri D.Arutyunyan bunun izahını verə bilməyib.
Nəhayət, prezident seçilmiş Armen Sarkisyan Böyük Britaniyanın vətəndaşıdır. Ən azı 2014-cü ildə yazdığı tərcümeyi-halında özünü Böyük Britaniyanın vətəndaşı kimi göstərib”. Politoloqun sözlərinə görə, Sarkisyan konstitusiyanı təkbaşına pozmayıb: "Sarkisyanın seçkilərdə, mətbuat və insan hüquqları sahəsində törətdiyi qanun pozuntularına Qərbin göz yumması, hətta alqışlaması onu konstitusiyanı pozmağa şirnikləşdirib. Dünyada qısa müddət ərzində konstitusiya normasını 4 dəfə pozan ikinci prezident yoxdur. Ona görə Sarkisyanı konstitusiya maddələrini pozması sahəsindəki rekordlarına görə "Ginnesin rekordlar kitabı”na nominant hesab etmək olar”.
İsmayıl