Savaş bizdən uzaqlaşmayıb

Müharibə şəraitində olan ölkə üçün pullu hərbi xidmətin tətbiqi yanlış addım olar



Dünyanın bir çox ölkələrində ordu sisteminin daha peşəkar olması üçün pullu hərbi xidmət mövcuddur. Yəni vətəndaş istədiyi məbləği verməklə ordudan yayına bilir. Bu, bir tərəfdən də ölkənin büdcəsinə müsbət təsir edir. Türkiyə Böyük Millət Məclisi (TBMM) də artıq ödənişli əsgərliklə bağlı qanun layihəsini qəbul edib.

Türkiyə parlamentinin qəbul etdiyi qanuna əsasən, çağırışçılar 15 min Türkiyə lirəsi (hazırkı məzənnə ilə təxminən 3000 ABŞ dolları) ödəyib 21 gün xidmət etməklə məcburi hərbi qulluqlarını başa vuracaqlar. Bildirilir ki, 1 yanvar 1994-cü ildən bu tərəfə doğulan çağırışçılar bu xidmətdən istifadə edə biləcəklər.

Qeyd edək ki, qanun layihəsi hakim Ədalət və İnkişaf Partiyasının tərəfindən TBMM-nə təqdim olunub.

Azərbaycan ordusunda da pullu hərbi xidmət məsələsi uzun müddətdir müzakirə predmetidir. Ehtiyac varmı?

Milli Məclisin Təhlükəsizlik və müdafiə komitəsinin üzvü, millət vəkili Elman Məmmədov isə müharibə şəraitində olan bir ölkə üçün pullu hərbi xidmətin tətbiqinin yanlış addım olduğunu hesab edir. O, əksinə olaraq hərbi çağırışın daha da sərtləşdirilməli olduğunu deyib. "İnkişaf etmiş ölkələrin hərbi sistemində nə müsbət qaydalar varsa tətbiq etmək olar. Amma nəzərə almalıyıq ki, Azərbaycan müharibə şəraitində olduğu üçün hətta cinsindən asılı olmayan vətəndaşlar belə, hərbin sirlərinə yiyələnməli, silahdan istifadə etməyi bacarmalıdır. Odur ki, hazırda Azərbaycanda hərbiyə çağırış sistemini saxlamaq lazımdır. 

Əksinə, hesab edirəm ki, bu sistem daha da təkmilləşdirilməlidir və daha sərtləşdirilməlidir. Hərbiçilərimizi və bütün vətəndaşlarımızı hər an döyüşə hazır saxlamaq lazımdır. İnşallah, torpaqlarımızı işğaldan azad edəndən sonra hansı təcrübələrin olacağını demək olar”.

Hərbçi-ekspert Azad İsazadənin sözlərinə görə, Azərbaycanda 18 yaşından 35 yaşına qədər bütün kişilər hərbi qulluq keçməlidir. Pullu əsgərlik xidməti bir çox dünya ölkələrində var. Türkiyənin atdığı bu addımı vaxtı ilə qonşu Gürcüstan da atmışdı. Sonra isə tam peşəkar orduya keçdilər.

Azərbaycanda sözügedən qanunun qəbulunun nə dərəcədə real olduğuna gəldikdə isə A.İsazadə deyib ki, mövcud şəraitdə də pulu və imkanı olan valideynlər öz övladını ordudan yayındıra bilir: "Ancaq bu, korrupsiyon bir sistem olduğu üçün dövlət uduzur. Bu sahədə vəziyyət əvvəllər daha pis idi. Amma son illər dövlət qərar qəbul etdi ki, orduda xidmət keçməyən insanlar dövlət qulluğuna qəbul olunmayacaq. Bu qərardan sonra nisbətən azalmalar müşahidə olunur. Karyera qurmaq istəyən gənclər istər-istəməz hərbi xidmət keçməli olur. 

Biznes fəaliyyəti ilə məşğul olmağı qarşısına məqsəd kimi qoyan gənclər isə müəyyən vəsait müqabilində ordudan yayına bilirlər. Hesab edirəm ki, ödənişli əsgərliklə bağlı qanun layihəsini qəbul etməyin yeganə üstünlüyü korrupsiya hallarının aradan qaldırılmasıdır”.

Avropada alternativ xidmətin mövcud olduğunu vurğulayan ekspert deyib ki, orduda xidmət etmək istəməyən və tələb olunan vəsaiti ödəmək imkanında olmayan gənclər 18 ay əvəzinə 3 il müddətinə Qocalar evində, internatda və ya xəstəxanalarda ictimai işlərdə işləməklə öz borcunu yerinə yetirə bilər.

Şəymən