Savaş hər an başlaya bilər...

Tibbi personal da hazırlıq vəziyyətinə gətirilib
Müharibə riski maksimuma çatmayıb, amma çox ciddidir

Azərbaycan ordusunun hərbi qüdrəti artdıqca, Dağlıq Qarabağ cəbhəsində müharibə ehtimalı da artır. Belə ki, ordumuzun son aylar keçirdiyi irimiqyaslı hərbi təlimlər Azərbaycanın müharibə hazırlığı kimi dəyərləndirilməkdədir.

Üstəlik də, cəbhə xəttində gərginliyin artması cəmiyyətdə Qarabağda müharibənin yenidən alovlanacağına dair rəy yaradır. Azərbaycan ordusunun müharibəyə hazırlaşması ilə bağlı iddiaların geniş vüsət almasının bir səbəbi də hərbi tibbi personala döyüşə hazırlıq tapşırığının verilməsidir.

Qeyd edək ki, Müdafiə Nazirliyinin Tibb Baş İdarəsində qış tədris dövrünün yekunlarına həsr olunmuş toplantı keçirilib. Toplantıda Tibb Baş İdarəsinin rəisi general-mayor Natiq Əliyev çıxış edərək cari ilin birinci yarısında tibb xidmətinin fəaliyyətini təhlil edib, tapşırıqların yerinə yetirilməsi, aparılan profilaktik tədbirlər sayəsində hərbi qulluqçular arasında xəstələnmə səviyyəsinin xeyli azalmasını diqqətə çatdırıb.

Toplantıda Silahlı Qüvvələrin bütün tibb müəssisələri və personalına, stasionar və səhra hospitallarının rəhbərliyinə ehtimal olunan döyüş fəaliyyətlərinə hər an hazır olmaları barədə və bu istiqamətdə müvafiq tədbirlərin görülməsi ilə bağlı konkret tapşırıqlar verilib.

Hərbi ekspert Azad İsazadə isə deyib ki, Azərbaycan Silahlı Qüvvələri istər hərbi texniki baza, istərsə də şəxsi heyət baxımdan müharibəyə tam hazırdır. O cümlədən də, Azərbaycanın tibbi personalı müharibəyə tam hazırdır. Bu gün hərbi qulluqçular müasir tələblərə cavab verən yeni avadanlıqlarla təchiz olunmuş hərbi tibb müəssisələrində müayinə və müalicə olunurlar.

Qarabağda genişmiqyaslı əməliyyatlar başlayacağı təqdirdə Ermənistan ordusu ilə savaşda milli ordumuz böyük nailiyyətlər əldə edə bilər:

"Amma Dağlıq Qarabağ məsələsində əsas söhbət hərbi-siyasi durum və diplomatik hazırlıqdan gedir. Əgər Azərbaycan bu gün müharibəyə başlasa, Azərbaycan beynəlxalq siyasi təzyiqlərə məruz qalacaq. Xüsusən də, Rusiya və Qərblə qarşı- qarşıya gələ bilər. Odur ki, biz buna hazır olmalıyıq”.

Son zamanlar artan müharibə ehtimalına toxunan A.İsazadə deyib ki, müharibə ehtimalı hər zaman var: "Müharibə hər an başlaya bilər. Ümumiyyətlə, ötən 20 ildə hər dəqiqə atəşkəs haqqında saziş müharibəyə çevrilə bilərdi. Bəzən müharibə riski maksimuma çatır, bəzən də minimuma düşür. İndi savaş riski maksimuma çatmayıb, amma çox ciddidir. Bu, regionda, konkretləşdirsək, əsasən də Yaxın Şərq, Ukraynada gedən ciddi siyasi proseslərin nəticəsidir. Sözsüz ki, bur proseslərin mərkəzində Azərbaycan dayanır. Çünki Azərbaycan Rusiya, Qərb, Türkiyənin maraq dairəsində olan ölkədir. Burada hərbi, siyasi, iqtisadi maraqlar hamısı Azərbaycanın üzərinə cəmlənib. 10 il öncə də, 5 il öncə də bu ehtimal vardı. Burada əsas söhbət ehtimalın faizindən gedir ki, bu ehtimal indiki şərait üçün yüksək deyil. Azərbaycanı qıcıqlandırmaq üçün ermənilər təxribat törətməsələr yaxın vaxtlarda əməliyyatların müharibəyə çevrilməsi gözlənilmir.

Bununla belə, Azərbaycan Silahlı Qüvvələri hər an Dağlıq Qarabağda başlayacaq müharibə ehtimalına hazır olmalıdır. Bizim torpaqlarımız işğal altındadır və düşmən tərəf gün ərzində 100 dəfədən artıq atəşkəs rejimini pozaraq mövqelərimizi atəşə tutur. Haqlı olaraq ordumuz da onların həmlələrini cavab atəşi ilə qabaqlayır. Bu təlimlər, hərbi tibbi personala döyüş hazırlığı tapşırığının verilməsi birmənalı olaraq sabah başlayacaq müharibəyə hazırlıq olmasa da, hər an başlama ehtimalı olan əməliyyatlar üçün hazırlıqdır”.

Şəymən