Saxta seçkidən sonra Sarkisyana nifrət edənlərin sayı artıb

Birləşmiş müxalifət sosial bazanın minimum 80 faizinə sahiblənə bilər


Ermənistanda keçirilən parlament seçkilərinin nəticələrinin açıqlanmasından sonra, uğursuzluq qazanan "Ohanyan-Raffi-Oskanyan” ittifaqı mühüm qərar qəbul edəcək. Bundan sonra vahid ittifaq şəklində seçkilərə qatılan "İrs” lideri Raffi Ovanisyan və "Birlik” partiyasının lideri Vardan Oskanyan siyasətdən gedəcək.

Məlumatlara görə, hər iki partiya birləşəcək. Müxalifətin yeni birliyinə Ermənistanın keçmiş müdafiə naziri Seyran Ohanyanın rəhbərlik edəcəyi bildirilir. Ekspertlərə görə, keçmiş prezident Levon Ter-Petrosyanın da qoşulacağı ehtimal edilən müxalifət birliyi Sarkisyanın ciddi rəqibinə çevrilə, seçkidə uğur əldə edə bilər. 

İddialarla bağlı "Şərq”ə fikirlərini söyləyən politoloq Qabil Hüseynli deyib ki, Ermənistan müxalifəti tam şəkildə bir araya gəlməyi bacararsa, istədiklərinə nail ola bilər: 

"Birləşmiş müxalifət Ermənistan ərazisində sosial bazanın minimum 80 faizinə sahiblənə bilər. Bu, kütləvi tədbirlərin keçirilməsi, qarşıya qoyulan məqsədlərə nail olunması istiqamətində çox mühüm amildir. Məsələ təkcə Ermənistanın daxili miqyası ilə məhdudlaşmır. Nəzərə alsaq ki, Seyran Ohanyan Dağlıq Qarabağda səhra komandiri kimi fəaliyyət göstərib. Eyni zamanda Robert Koçaryan da Sarkisyana əks mövqedə dayanıb. Bu o deməkdir ki, artıq Dağlıq Qarabağın sosial bazası parçalanıb. Bütün bunlar isə onu göstərir ki, ölkə müxalifəti saxta seçki yolu ilə proseslərdən kənarda saxlanılsa da, onların əhali arasında nüfuzu xeyli artıb. Çünki xalq seçki ərəfəsində və ondan sonra Ermənistanda necə bir həyasız rejimin başda olduğunu gördü. Onsuz da Sarkisyanı sevməyənlərin sayı az deyildi. Amma saxta seçkidən sonra ona nifrət edənlərin sayı sürətli dərəcədə artıb”. 

Ekspertin sözlərinə görə, indiki halda düşmən ölkədə baş verən proseslərin hamısı erməni müxalifətinin xeyrinədir: 

"Son nəticədə müxalifət işini düzgün qaydada qura bilərsə, erməni ictimaiyyəti silkələnib ayağa qalxacaq. Şübhə etmirəm ki, yaxın günlərdə Ermənistanda çox ciddi hadisələr baş verəcək və bu gərginlik mövcud hakimiyyətin sonunu gətirəcək”.

İsmayıl