
Saxta tibbi arayış faciəyə səbəb olur
Yoxlamadan keçmədən “sağlamlıq kağızı”nın verilməsi cinayətdirHəkimlərlə yanaşı, saxta sənədi almağa razılaşan vətəndaşlar da məsuliyyət daşıyırlar
"Əhalinin sağlamlığının qorunması haqqında” Azərbaycan Respublikasının Qanunu 26 iyun 1997-ci ildə əhalinin sağlamlığının qorunması sahəsində vətəndaşlarla dövlət orqanları, eləcə də dövlət və qeyri-dövlət səhiyyə sistemlərinin subyektləri arasında yaranan münasibətlərin tənzimlənməsi məqsədi ilə qəbul edilib. Lakin bu münasibətlər cəmiyyətdə yazılmamış qanunlar əsasında tənzimlənir. Yazılı qanunun 1-ci maddəsində göstərilir ki, əhalinin sağlamlığının qorunmasının əsas prinsiplərindən biri insan və vətəndaş hüquqlarına dövlət təminatı və bu təminatla bağlı hüquqi və fiziki şəxslərin məsuliyyəti, eyni zamanda bu sahədə profilaktik tədbirlərin həyata keçirilməsi və sağlamlığın itirilməsi zamanı vətəndaşların sosial müdafiəsidir. Lakin hüquqi və fiziki şəxslərin məsuliyyətsizliyi səbəbindən vətəndaşlar sağlıq durumları barədə məlumat əldə edə bilmədiklərinə görə, nə qanunda nəzərdə tutulan profilaktik tədbirlərdən, nə də sosial müdafiədən yararlana bilirlər.
Çünki sağlamlığın yoxlanılması, tibbi müayinədən keçmək heç kəsə, nə səhiyyə işçisinə, nə də vətəndaşa maraqlı deyil. Tibb işçisinə maraqlı olan 5-10 manat pul, vətəndaşa maraqlı olan isə hazır, rahat və qısa vaxtda əldə edilən "sağlamlıq” kağızıdır. Əhalinin sağlamlığının qorunması dedikdə hər bir insanın fiziki və ruhi sağlamlığının mühafizəsi, onun fəal uzun ömürlüyünün artırılması, tibbi yardımla təminatına yönəldilmiş siyasi, iqtisadi, hüquqi, elmi, tibbi, sanitariya-gigiyena xarakterli tədbirlərin həyata keçirilməsi nəzərdə tutulur. Sağlamlığın mühafizəsi istiqamətində tədbirlərin həyata keçirilməsi üçün öncə sağlıq durumunun nə vəziyyətdə olduğunu bilmək lazımdır. Bunu bilmək üçünsə tibb işçilərinin heç bir yoxlama aparmadan, təkcə vətəndaşın üzünə və əlinə baxmaqla "sağlam” yazıb verdiyi sənəd kifayət etmir.

Tibb elmləri doktoru, professor Adil Qeybulla "Şərq”ə bildirib ki, müxtəlif yollarla, tibbi yoxlamadan keçmədən sağlamlıq haqqında arayışın verilməsi sənəd saxtakarlığıdır: "Bu, ciddi məsuliyyət yaradan bir məsələdir”. Onun sözlərinə görə, belə hallar əvvəllər daha çox idi: "Artıq azalsa da, təəssüf ki, davam etməkdədir.
Cinayət Məcəlləsinin 314.1. maddəsində qeyd olunur ki, səhlənkarlıq, yəni vəzifəli şəxsin işə vicdansız və ya laqeyd münasibəti nəticəsində öz xidməti vəzifəsini yerinə yetirməməsi və ya lazımi qaydada yerinə yetirməməsi fiziki və ya hüquqi şəxslərin hüquqlarına və qanuni mənafelərinə və ya dövlətin və ya cəmiyyətin qanunla qorunan mənafelərinə mühüm zərər vurulmasına səbəb olduqda—min beş yüz manatdan üç min manatadək miqdarda cərimə və ya iki yüz qırx saatdan dörd yüz altmış saatadək ictimai işlər və ya iki ilədək müddətə islah işləri və ya iki ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya altı ayadək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılır.
Lakin bu cəzalar bir tibb işçisinin səhvi ucbatından itirilən həyatı geri qaytara bilmir. Vəzifəsində məsuliyyətsiz və vicdansız olan şəxslərin cəzalandırılması mümkün olduğu halda, fiziki şəxslərin özlərinə, öz sağlamlıqlarına məsuliyyətsiz yanaşmasını cəzalandırmaq üçün heç bir qanun təsis olunmayıb. Ona görə də gərək insanlar öz sağlamlıqlarının müdafiəsində və qorunmasında özləri maraqlı olsunlar.
Saxta arayışın yarada biləcəyi problemlərin qarşısının alınması üçün hər bir insan mütləq yoxlanmalıdır. Çünki infeksion xəstəlik daşıyıcısı olan bundan xəbərsizdirsə, o, xəstəliyi yaya bilər. Bu da cəmiyyət üçün ciddi problemlərə gətirib çıxaracaq".
A.Qeybulla psixoloji problemləri olan xəstələrin də müəyyən yerlərdə işləyə bilməyəcəyini vurğulayıb:
"Məsələn, mühafizə sistemində, DİN-də, DTX-də, Hərbi nazirlikdə və s. vərəmi, SPİD-i olan xəstə iaşə müəssisələrində çalışa bilməz. Bütün bunlar hamısı nəzərə alınmalıdır. Ona görə ciddi yoxlamaq lazımdır ki, bu cür məsələlər həll olunsun”.
Professor qeyd edib ki, yoxlamadan "sağlam” yazaraq sənəd verən tibb işçiləri barədə məsuliyyəti Səhiyyə Nazirliyi daşıyır:
"Eyni zamanda "Əhalinin sağlamlığının qorunması haqqında” Azərbaycan Respublikasının Qanununun 59-cu maddəsində göstərilir ki, tibb və əczaçılıq işçiləri öz peşə vəzifələrini lazımi səviyyədə yerinə yetirmədikdə, sağlamlığın qorunması sahəsində vətəndaşların hüquqlarının pozulması hallarında qanuna uyğun olaraq məsuliyyət daşıyırlar.
Bu cür məsuliyyətsizliyin reallaşmasında vətəndaşlar birbaşa rol oynadıqlarına görə məsələnin həllində qanun da, qanun işçisi də aciz qalır. Problemlərin həlli istiqamətində çox yol var. Yetər ki, vətəndaşlar onların həllində maraqlı olsunlar.
Sevda Ulutau