Səbirli olun, cənablar: Vaxt gələcək siz də qocalacaqsınız

Ata evi ilə ərin arasında qalan qadın taleləri sizi heç düşündürdümü?

Seyran Səxavət: "Elə qız övladları var, mənim üçün 100 oğuldan üstündür”
Əhməd Qəşəmoğlu: "Həmişə deyirlər ki, qabağında dağ kimi oğlu var.Amma heç kim demir, nər kimi qızı var”
Azərbaycanda "qız yükü, duz yükü” zərb məsəli məşhurdur. Kim tərəfindən, hansı məqsədlə, hansı təbii və ya texnogen şəraitdə ərsəyə gəldiyi bilinməyən bu zərb-məsəlin təsirindəndir ki, biz azərbaycanlılar qız uşaqlarının doğulmasını az qala milli faciə səviyyəsinə çatdırmışıq. Əlbəttə, "qıza da qurban olum, oğula da” deyənlərimiz var. Az da deyillər. Amma hələ də oğul övladı istəyi üstünlük təşkil edir. Və bu istəyin nəticəsidir ki, ölkədə demoqrafik vəziyyət təhlükəli hal alıb. Qız uşaqlarının sayı oğlan uşaqlarının sayına nisbətdə xeyli azalıb. Əvvəllər 100 oğlan uşağına 101-102 qız uşağı düşürdüsə, son 20 ildə nisbət dəyişib. Hər 100 qız uşağına 103-106 oğlan uşağı düşür. Bunu adətən selektik abortların çoxalması ilə əlaqələndirirlər.
Gələcək valideynlər doğulacaq uşağın qız olduğunu öyrəndikdə, körpənin ana bətnindəcə qətlinə qərar verirlər. Hazırda ölkədə oğlanların sayı qızların sayından 10 faiz çoxdur.
Amma bu yazıda məqsədimiz qız uşaqlarının niyə arzuolunmaz elan edilməsi ilə bağlı deyil. Məlumdur, niyə. Mental xüsusiyyətlərimizdən irəli gəlir. Bu dəfə fərqli bir mövzunu gündəmə gətiririk;
Qız yükü daha ağırdır, yoxsa qızın yükü?
Bu mövzunu açmağa "facebook” istifadəçisi Dalğa Xatınoğlunun sözləri səbəb oldu. Gənc ata "facebook” səhifəsində yazır:
- O gün bir əziz mənə deyir; yaxşı ki qızın yoxdur. Qocalırsan, gün gəlir qızın hansının dərdini çəksin - deyə, əri, uşaqları və ata-ana arasında qalır.
Baxdım ki, əziz olsa da, çox pis-niyyətli və nadan adamdır.
Əvvəla mən hələ bir kişi tapa bilməmişəm ki, qadının nə düşündüyünü, hiss etdiyini, nədən xoşlandığını, nədən zəhləsi getdiyini zərrə qədər başa düşə bilsin. Kişinin qadına xoşbəxtlik resepti yazmağı qədər gülünc şey yoxdur.
Zənnimcə, insanlar belə düşünsəydi, nəslimiz 1.3 milyon il öncə məhv olmuşdu.
Tutalım pis niyyətlə demədi, hər halda bu sözlər timsah yaşı kimi, ayı məhəbbəti kimi şeylərdir, çox təhlükəlidir.
"Facebook” istifadəçiləri də bu fikrə dair rəylərini yazıblar.
Nərminə Məmmədova: Heyif ki, qızınız yoxdu, desəydi, daha səmimi olardı.
Dalğa Xatınoğlu: Çox az adam tapılar ki, ağlı belə şeylərə çatsın. Mən ömrümdə 6-7 adam görmüşəm ki, ağlı buna çatsın.
Nərminə Məmmədova: Uşaqlara yük kimi baxan cəmiyyətin qurtuluşu yoxdur...
Ülviyyə Səid: Qayınanam demiş: qızsız ana, duzsuz ana... sizin vəziyyətdə duzsuz ata...
Mövzu diqqətimizi çəkdiyi üçün tanınmışların münasibətini öyrəndik.
Yazıçı-dramaturq Seyran Səxavət "Şərq”ə açıqlamasında qız övladlarının qızıldan üstün olduğunu dedi:
- Qız həqiqətən də qızıldır. Ata-anaya ən çox yanan qız uşaqları olur. Qızlar valideynə daha düzgün, düz tərəfdən baxırlar. Oğlanlarsa ata-anaya bankomat kimi baxır. Qız övladı barədə "facebook”da yazan o kişini mən ürəkdən dəstəkləyirəm. Bu nə mənim, nə sizin sözünüzdü. Bunu xalq deyib. Xalqın dediyi də, notariusun peçatı vurulmuş sənəd kimidir. Xalq deyib ki, Allah sənin kimi oğlan verməkdənsə, kaş kor bir qız verəydi. Bunu, fərsiz oğlanlar üçün deyiblər. Elə bir vaxt gəlib çatır ki, kor qız, bəh-bəhlə xəbəri gələn, adına qurbanlar kəsilən, amma böyüyəndə fərsizliyi bəlli olan oğuldan daha qiymətli, daha istəkli olur. Qız övladının gərəkliyini hamı bilir. Amma bilə-bilə ki, qız övladı necə dəyərlidir, necə lazımlıdır, Allahın iradəsi ziddinə, qız uşaqlarının ana bətnindəcə soyqırımı aparılır. Biz qızların soyqırımını dayandırmalıyıq. Allah bunu heç kimə bağışlamayacaq. Orda rüşvət, tapşırıq keçməyəcək e, deyəsən, bağışla, bir səhvdi eləmişəm. Hər bir əməlin əvəzi veriləcək. Qız uşaqlarının qətlinə görə Allah çox ağır cəzalandıracaq. Şəxsən mənim üçün qız övladı şahdır. Ata-ananın baş tacıdır. Elə qız övladları var, mənim üçün 100 oğuldan üstündür. Mənim üçün dünyanın 80 faizi qızdır. Yerdə qalan faizi oğlanlara verərdim, çünki əsgər lazımdı. Mən oğlan uşaqlarını ancaq əsgər statusunda görürəm.
Qızların evləndikdən sonra iki ev arasında qalması probleminə toxunan Seyran Səxavət burada həyat yoldaşının anlayışlı olmasının böyük əhəmiyyət daşıdığını söylədi:
- Evlənən oğlan, o "kişi qırığı” başa düşməlidir ki, qız ata-anasına yaxın olduğu qədər ərinə ola bilməz. Qız ata-anaya məsafəcə daha yaxındır. Nəinki öz ərinə. Ata-ana qızı kipriyi ilə od götürüb böyüdüb. Onun haqqını heç bir kürəkən danmamalıdır. Ata-ananın haqqını danmaq Allahın haqqını danmaqdır.
Sosioloq Əhməd Qəşəmoğlu da "Şərq”ə açıqlamasında qız övladlarının boynuna düşən vəzifənin, həqiqətən ağır olduğunu dedi:
- Qızların işi həqiqətən ağırdır. Mən bunu öz həyat yoldaşımda hiss etmişəm. Yoldaşımın atası xəstə idi, bir ayağı ata evində idi, bir ayağı öz evimizdə. Qaçırdı atasının yanına, ona qulluq göstərirdi, sonra evə gəlirdi. Qardaşı da rəhmətə getmişdi deyə, atasına başqa baxan yox idi. Mən bunu başa düşürdüm, təbii qarşılayırdım və narazılıq da olmurdu. Amma siz təsəvvür edin ki, elə kişi ola bilər, həyat yoldaşını qoymaz atasının yanına getsin, atasına qulluq etsin. Belə insanlar var. Belədə əlbəttə, qızın işi daha da çətinləşir. Ata ilə həyat yoldaşı arasında mümkünsüz bir seçim qarşısında qalır. Atadan keçmək mümkün deyil, həyat yoldaşına da gərək tabe olasan... O qədər belə insanlar, ailələr var ki. Qız əlacsız, çıxılmaz vəziyyətdə qalır, bilmir, necə hərəkət etsin. Bəlkə atasıgilə getdiyi üçün üzü danlanan, təhqir olunan, hətta fiziki zora məruz qalan qızlar - qadınlar var. Belə vəziyyətdə kişidən diqqət və hörmət tələb olunur. Kişi fikirləşməlidir ki, qızın - həyat yoldaşının atası da onun kimi bir atadır. Bəlkə sabah onun özünün də yardıma, baxılmağa ehtiyacı olacaq. Onun qızını kürəkəni evlərinə getməyə qoymasa, o hansı vəziyyətə düşə bilər. Belə məsələlərdə hər kəs özünə arzu etdiyini, başqasına da arzu etməlidir.
Ə.Qəşəmoğlu qız uşaqlarının "arzuolunmaz” elan edilməsinin səbəblərini belə izah etdi:
- Mən bu məsələ ilə bağlı sosioloji sorğu da keçirmişəm. Birinci ən böyük səbəb budur ki, Azərbaycanda nəslin davamçısı olaraq oğlan kultu daha yüksəkdir. Belə bir yanaşma var ki, oğlan uşağı gələcəkdə ailəyə dəstək olacaq, maddi baxımdan kömək edəcək. Yəni, oğlan uşağına evə pul gətirən kimi baxırlar. Eşitmisiniz, həmişə deyirlər ki, qabağında dağ kimi oğlu var. Amma heç kim demir, nər kimi qızı var. Baxmayaraq ki, qız övladları bəzən və hətta bir çox hallarda oğlan övladından daha xeyirli olur. Qızlar işləyirlər, qazanclarını gətirib ata-anaya verirlər. Evə kömək olurlar. Amma oğlan uşaqları əksinə, pul xərcləyən olur, bəzən işləmir, ata-ananın, hətta bacının qazancına dolanırlar. Bununla belə, yenə də oğula ailədə üstünlük verilir. Baxmayaraq ki, qız övladları ata-anaya daha çox bağlı olur. Ümumiyyətlə, qız övladlarında ailəyə bağlılıq çox möhkəmdir. Oğlan uşağı evlənir, ailə ilə bağları zəifləyir. Amma qız uşaqları ilə bağlı fərqlidir. Qız ailə qursa da, ürəyi ata-ananın yanında qalır. Sosiologiyada sərbəstlik dərəcəsi anlayışı var. Məsələn, qız uşaqları oğlanlara nisbətən daha az sərbəstdirlər. Ailəyə bağlılıq qızlarda azalmır. Keçmişdə vəziyyət başqa idi. Ata-ana qocalanda oğul onlara baxırdı. Buna görə hamı istəyirdi ki, oğlu olsun ki, qocalanda ona kömək olsun. Amma artıq bu dəyərlər də itib, ata-ana qocalır, oğul heç bilmir valideyn hardadır, necə yaşayır. Qız uşaqlarının "arzuolunmaz”lığının səbəbi valideynin qız övladının taleyindən narahatlığıdır. Qızı evləndirirlər, köçürürlər, amma ata-ananın bir əli yenə də qızın üstündə olur. Bu baxımdan, qız evlənib ailə qursa da, valideynin yükü azalmır.
Məlahət Rzayeva