Seçici 200-250, deputat isə 2000 manat maaş alır..." - Hörmətsizlik

Sərdar Cəlaloğlu:"Müəllimlər, həkimlər 200-250 manat maaş alır, pensiyalar təxmini 150 manatdır. Bu rəqəmlər minimum istehlak xərclərindən qat-qat aşağıdır".
"Deputatlar ədalətlidirsə, Azərbaycanda minimum əmək haqqının artırılmasını tələb etsin ki, sonra onun da maaşı artsın"


"Elə deputat yoxdur ki, şəxsi biznesi olmasın”.

Bunu "Sherg.az”a deputatların əmək haqqının qaldırılmasına münasibət bildirərkən Azərbaycan Demokrat Partiyasının sədri Sərdar Cəlaloğlu deyib. 

O bildirib ki, deputatların maaşı onları seçən seçicilərin aylıq əmək haqqı ilə müqayisə olunmalıdır:

"Seçici 200-250, deputat isə 2000 manat maaş alırsa, bu, ən azı öz seçicisinə hörmətsizlikdir.

Müəllimlər, həkimlər 200-250 manat maaş alır, pensiyalar təxmini 150 manatdır. Bu rəqəmlər minimum istehlak xərclərindən qat-qat aşağıdır. Deputatlar ədalətlidirsə, Azərbaycanda minimum əmək haqqının artırılmasını tələb etsin ki, sonra onun da maaşı artsın.

Əslində qəbul edilmiş minimum əmək haqqı norması var. Həmin maaşlar bir dəfə bu normanın misli ilə müəyyən olunur. Sonra isə həyat səviyyəsinin yüksəldilməsi ədalətli olsun deyə, minimum əmək haqqının artırılması ilə bütün digər əmək haqları da artırılır.

İndi isə deputatların əmək haqqı artırılır ki, camaat acından ölsün. Dövlətin idarə olunmasında deputatlar konstitusiyada üzərlərinə düşən heç bir vəzifəni yerinə yetirmirlər. Bu baxımdan deputatların maaşını artırmaq lazım deyil. Yalnız minimum əmək haqqının artırılması ilə deputatın əmək haqqı artırıla bilər. Belə olarsa, bu, ədalətli addım olar. Dünyanın heç bir ölkəsində konkret sahələrin əmək haqqının artırılması təcrübəsi yoxdur”.

Qeyd edək ki, Yeni Azərbaycan Partiyası (YAP) İcra katibinin müavini, deputat Siyavuş Novruzov Milli Məclis əməkaşlarının və deputatların əmək haqlarının yetərli olmadığını bildirib və artırılmasını təklif edib. S. Novruzov bildirib ki, deputatların əmək haqqı hansısa bir rayonun polis rəisi və yaxud prokurorunun maaşından azdır.

Aysel Aslan