Seçki havası yaxınlaşır, liderlər isə hələ dəyişməyib
Hər partiya mandat yarışına təkbaşına qoşulmaq niyyətindədir
Azərbaycanın müxalifət düşərgəsinin fərqli spektrdə olması seçkiyə hazırlıq məsələsində də özünü büruzə verir. Məhz bu səbəbdən müxalifətdə yeni birliyin yaranması mümkün olmur. Əvvəlki illərdə müxalifət partiyaları seçki başlamazdan xeyli öncə bloklaşma istiqamətində müəyyən addımlar atırdı və uzunmüddətli olmayan birliklər yaradırdılar. Ancaq qarşıdan gələn parlament seçkisi ərəfəsində bu prosesin şahidi olmuruq.
Bu gün siyasi müxalifətin bir araya gəldiyi yeganə seçki bloku "Azadlıq-2015” blokudur. Həmin bloka isə sadəcə səkkiz partiya daxildir. Azərbaycan müxalifətinin aparıcı siyasi qüvvələrindən hesab olunan Müsavat Partiyası və AXCP isə seçki ilə bağlı konkret mövqelərini ortaya qoymayıblar. Amma görünən odur ki, iki partiya da seçkiyə blok şəklində deyil, təkbaşına qatılmaq niyyətindədir. Məsələylə bağlı "Şərq”ə danışan Müsavat Partiyasının sədr müavini Elman Fəttah deyib ki, Müsavat hər zaman bütün siyasi məsələləri, xüsusən də seçki məsələlərini prinsipial müxalifət təşkilatları ilə müzakirə etməyə hazırdır: "O ki qaldı seçki bloku məsələsinə, hazırkı siyasi situasiyada bu ehtimal çox azdır. Müsavat artıq seçkidə iştirak qərarını verib. Seçki dairələri üzrə namizədlərimizi müəyyən etmişik. Məclisin növbəti sessiyasında namizədlərin siyahısı müzakirə ediləcək və dairələr üzrə partiya adından irəli sürüləcək”.
AMİP sədri Yusif Bağırzadə indiki halda partiyanın seçkilərə tək gedəcəyini desə də, mövcud şəraitə görə, hansısa bloka qoşula biləcəklərini istisna etməyib: "Bu məsələ gündəmdədir və onunla əlaqədar müəyyən planlarımız var. Bildiyiniz kimi, AMİP sağ mərkəzçi siyasi təşkilatdır və sağ mərkəzçi təşkilatların koalisiyasının yaradılması normal haldı. Ancaq seçkilərə az bir zaman qaldığından inanmıram ki, Azərbaycanda fəaliyyət göstərən müxalifət partiyaları vahid bir mövqedən çıxış edə bilsinlər. Bu istiqamətdə əvvəldən addım atılmalı idi. Hələ 2010-cu ilin parlament seçkiləri zamanı təklif etmişdim ki, 125 seçki dairəsinin hər birindən müxalifət partiyaları vahid namizədlə çıxış etsin. Bunun üçün monitorinq keçirilməli və ən güclü namizəd müəyyən olunmalı idi. Ancaq bu gün o, mümkünsüz görünür. Ona görə də düşünürük kimi, seçkiyə tək gedək. Ancaq qeyd etdiyim ki, seçki bloku ilə bağlı da planlarımız var və əməkdaşlıq platforması hər zaman gündəmdədir”.
Azərbaycan Demokrat Partiyasının sədri Sərdar Cəlaloğlu da deyib ki, parlament seçkisində iştirak məsələsi həll olunan günə qədər müxalifət düşərgəsində bloklaşma ilə bağlı müxtəlif variantlar meydana çıxa bilər: "Rəsmi qeydiyyat mərhələsinə qədər müxtəlif blokların yarana biləcəyi mümkündür. Amma inanmıram ki, ADP-nin təmsil olunduğu "Qarabağ” blokuna hansısa partiya qoşulacaq. Fikrimcə, artıq hər kəs öz mövqeyini, istiqamətini müəyyənləşdirib. Müxalifət düşərgəsində müəyyən cəbhələşmə var. Müsavat Partiyası Xalq Cəbhəsi Partiyasına meyl etmək, onun kursuna uyğun bir kurs aparmaq istəyir, ən azı onun kimi radikal və yaxud da süni şəkildə ondan da radikal görünməyə çalışır. Bu qüvvələr təbii ki, seçkilərdə bizimlə bir yerdə iştirak etmək istəməzlər. İkinci tərəfdən, iqtidara bizimlə təxminən eyni münasibətdə olan, amma bu münasibətdə bizimkindən başqa bir fəlsəfəyə əsaslanan "Azadlıq” seçki bloku formalaşıb. Onlarla da bizim bir arada olmağımız mümkün deyil, çünki biz fərqli düşüncələrə malikik”.
Demokratik Maarifçilik Partiyasının sədri Elşən Musayev bildirib ki, siyasi partiyalar hər seçkidə aktiv olmalı, təsir gücünü göstərməli, öz qüvvələrinin, elektoratların miqyasını müəyyənləşdirməlidir: "Partiya başqa nə işə yarayır ki? Heç şübhəsiz, prinsipial siyasi təsisatlar seçkiyə fərdi olaraq getməməlidir. Gedirlərsə, demək özləri də bir siyasi güc olaraq ciddi resursa malik olmadıqlarını etiraf edirlər. Sadəcə, ölkəmizdə proporsional seçki sisteminin ləğvi siyasi partiyaları bəzi əlahiddə imkanlardan məhrum edir. Amma seçki qanunvericiliyinin siyasi qurumlara tamamən qırmızı işıq yandırdığı qənaətində də deyiləm. Pulsuz efir vaxtından tutmuş digər məsələlərə qədər siyasi partiyalar bir çox məqamlarda avantaj sahibidirlər. Rəhbəri olduğum Demokratik Maarifçilik Partiyası bütün hallarda seçkilərə qatılacaq və hesab edirəm ki, Parlamentdə ən az 2 nümayəndə ilə təmsil olunacağıq. Buna həm gücümüz yetir, həm də potensialımız”.
VHP-nin Ali Məclisinin sədri Rafiq Manaflı partiyanın seçkiyə təkbaşına gedəcəyini söyləyib: "Blok, birliklər proporsional seçki sistemində daha aktual idi. İndi bunun əhəmiyyəti yoxdur. Hər kəs majoritar qaydada namizədliyini verir. Yalnız ümumi müxalifət bir cəbhədə birləşib seçkiyə getsə, əhəmiyyəti ola bilər. Bir partiya birinə, digəri başqasına qoşulur. Bunun heç bir əhəmiyyəti yoxdur. Bloklaşma tam mənasız şeydir. Bu baxımdan, blok yaratmağın tam əleyhinəyəm”.
İsmayıl