Müxalifətin mandat aşiqləri hələ tam məlum deyil
İki aydan sonra Azərbaycanda növbəti parlament seçkilərinə start veriləcək. Artıq əksər siyasi partiyalar seçki hazırlıqlarına başlayıblar. Amma hələlik Yeni Azərbaycan Partiyası istisna olmaqla digər siyasi qurumlar, xüsusən müxalifət partiyaları dairələrlə bağlı öz namizədlərini konkret müəyyən etməyiblər. Bunun səbəblərini öyrənmək üçün bir neçə partiya rəsmilərindən münasibət aldıq.
AMİP sədri Yusif Bağırzadə parlament seçkilərinə hazırlıq istiqamətində müəyyən işlərin görüldüyünü dedi: "Hələlik hansı dairədə nə qədər gücümüzün olduğunu yoxlamaq üçün ən güclü namizədlərimizin monitorinqini keçiririk. Problem ondan ibarətdir ki, bir seçki dairəsindən bir neçə AMİP-çi namizədliyini irəli sürmək istəyir. Ancaq biz hər seçki dairəsindən bir namizədlə seçkiyə qatılmaq istəyirik ki, səslərimiz parçalanmasın. Hansı dairədə AMİP-in namizədləri olmayacaqsa, həmin dairədən bizimlə əməkdaşlıq edən siyasi təşkilatların namizədlərinə dəstək verə bilərik”. Y.Bağırzadə AMİP sədri olaraq seçkilərdə namizədliyini Gəncə şəhərindən irəli sürəcək: "Sədr kimi başlıca amalım, məqsədim ondan ibarətdir ki, AMİP 2015-ci ildə parlament partiyası olsun”.
Müsavat Partiyasının başqan müavini Elman Fəttah deyib ki, partiya hazırda namizədlərin təkliflərini qəbul edir: "Bu ay Müsavat Partiyası məclisinin növbəti sessiyası keçiriləcək: "Həmin sessiyada seçkilərlə bağlı məsələlər ciddi şəkildə müzakirə olunacaq. Müsavat Partiyasının seçkiqabağı vəziyyətə dair mövqeyi də məclisin yekun açıqlamasında öz əksini tapacaq. Ondan sonra konkret olaraq namizədlərimizi müəyyən edəcəyik”.
Ümid Partiyası da seçki hazırlıqlarının sonuncu mərhələsindədir. Partiyanın seçki qərargahının sədri Taleh Əliyev bildirib ki, qurum 70 namizədlə parlament seçkilərində mübarizə aparacaq: "Partiyamız müstəqil namizədlərin iştirakı ilə formalaşan "125-lər” Siyasi Klubu və ənənəvi müttəfiqimiz olan Azərbaycan Demokrat Partiyası ilə birgə seçkilərdə iştirak etməyi planlaşdırdığı üçün 70 namizədlə parlament seçkilərində mübarizə aparacaq. Bu, kifayət qədər böyük bir rəqəmdir. Biz bu namizədlərin hər birinin qələbəsi uğrunda mübarizə aparmağı düşünürük”.
"Azadlıq-2015” seçki blokunda təmsil olunan VİP sədri Əli Əliyev isə deyib ki, hələlik blokdan irəli sürüləcək namizədlərin sayını ifadə etmək çətindir: "Bu günə qədər bizim bloka daxil olan siyasi partiyalar ilkin namizəd siyahılarını hazırlayıb, seçki qərargahına təqdim ediblər. Yəqin ki, avqust ayının ikinci 10 günlüyündə bizim namizədlər korpusu müəyyənləşəcək və namizədlər irəli sürüləcək”.
İsmayıl