Şəhid ailələri övladlarının adının əbədiləşməsini istəyir, icra başçıları isə..."

Elmira Axundova: "Bu məsələ artıq icra başçısından asılı deyil. Gərək başçı Mədəniyyət və Turizm Nazirliyinə yazsın. Hətta Nazirlər Kabinetinin razılığını alsın"

Ötən il aprel döyüşlərində qəhrəmancasına şəhid olan Xüsusi Təyinatlı Qüvvələrin polkovnik-leytenantı Murad Mirzəyevin atası Telman Mirzəyev ötən gün Sherg.az vasitəsilə Sabirabad rayon icra başçısına müraciət etdi. O, oğlunun xatirəsinin əbədiləşdirilməsi üçün hər hansı iş görülmədiyini və şəhidə qarşı laqeydlikdən təəssüfləndiyini bildirib: "Əvvəl söz verildi ki, rayonda bir küçəyə, məktəbə və ya texnikuma Murad Mirzəyevin adı veriləcək, xatirəsi əbədiləşdiriləcək. Amma ortada heç bir şey yoxdur. Bu laqeydlik məni narahat edir. Aprel döyüşlərindən 14 ay keçməsinə baxmayaraq, heç bir addım atılmır."

Bu barədə Sherg.az-a danışan nasir, publisist, millət vəkili Elmira Axundova isə şəhidlərin adlarının müxtəlif obyektlərə, küçələrə verilməsinin yalnız icra başçısının səlahiyyətində olmadığını qeyd edib. O bildirib ki, rayon və kəndlərdə bu prosesin tezləşdirilməsi bir qədər çətindir:

"Məsələn, Masallı rayonunda kəndlərdən şəhidlər çoxdur. Hazırda şəhid olan əsgərlərimizdən əvvəl də şəhid olanlar var. Bir kənddə bir məktəb varsa, 1992-1993-cü ildə şəhid olan kiminsə adını daşıyır. Bəs icra başçısı neynəsin? Ona görə, çalışırlar ki, şəhidin adını küçələrə versinlər. Rayonun Kalinovka kəndindən bir əsgər şəhid olmuşdu. Onun xatirəsinin necə əbədiləşdirilməsi ilə bağlı çox düşündük. Kəndin məktəbinə artıq başqa bir şəhidin adı verilib. Ona görə də biz kəndin mərkəzi küçəsinin adına şəhidin adını verdik. Sonra şəhidin büstünü qoyduq və böyük bir açılışı da etdik. Beləliklə, şəhidin ailəsini də razı sala bildik”.

Aprel döyüşlərində şəhidlərimizin çox olduğunu xatırladan E.Axundova bütün şəhidlərimizin adının əbədiləşdirilməsini istədiyini ifadə edib:

"Onların ata-anası da sözsüz bunu istəyir. Amma anlamaq lazımdır ki, kənddəki məktəb də, xəstəxana da, küçələr də kiminsə adınadır. Əgər şəhər olsa, daha rahat olur. İnanmıram ki, hansısa məktəbin, küçənin adı boş olsun, icra başçısı isə şəhidin xatirəsini əbədiləşdirməsin. Ona görə, belə məsələdə hərəkət etmək çətindir. Şəhid Murad Mirzəyevin adına bəlkə Sabirabadın özündə hansısa küçənin, bir mədəniyyət ocağının, ya da obyektin adını verə bilərlər. Bu məsələ artıq icra başçısından asılı deyil. Çünki başçı gərək Mədəniyyət və Turizm Nazirliyinə yazsın. Hətta Nazirlər Kabinetinin razılığını alsın.

Mənim yadımdadır ki, 2005-2006-cı illərdə kənddə etnoqrafik muzey var idi. Onu dəyərli bir insan əşyaları yığıb, şəxsi muzeyini yaradıb. Biz istədik ki, muzey onun adını daşısın. Yarım ildən çox aidiyyatı qurumlara yazdıq, məsləhətləşdik. Baş nazirin müavini Elçin Əfəndiyev mənə hörmət əlaməti olaraq sənədləri qaydasına saldı. 

Və nəhayət adı muzeyə verə bildik. Bu, çətin, vaxt aparan prosesdir. Ona görə, heç də icra başçılarını qınamaq lazım deyil. Məsələni başa düşməliyik. Çox az yerlər var ki, şəhidin adını verək. Sabirabadın özündə, kənddə hər hansı obyektə və ya küçəyə şəhidin adını vermək üçün icra başçısı gərək Bakıya yazsın. Ona görə proses uzun sürəcək. Sadəcə bir qədər səbr etmək lazımdır”.

Ayyət Əhməd