Şəhid və əsgər reklamları: Beyləqan rayonu Bakıya və digər rayonlara bu sarıdan bir örnək qoyub

“Avropa Oyunlarına hazırlaşdığımız indiki məqamda şəhidlərin diqqət mərkəzinə gətirilməsi, Azərbaycanın haqq davasının beynəlxalq aləmə çatdırılmasında çox önəmlidir”Zahid Oruc: “Millət vəkili olduğum Bərdə rayonunda bu təşəbbüslə çıxış edəcəyəm”
Sosial şəbəkələrdə şəhidlərimizin fotosu olan reklam lövhəsinin şəkli yayılıb. Həmin şəkli "Feysbuk” istifadəçisi Cavid paylaşıb. Cavid şəxsi "Feysbuk” səhifəsində yazır ki, bu reklam lövhəsi Beyləqan rayonunun mərkəzi küçələrindən birindədir. Adətən reklam lövhələrində bahalı brendləri, alış-veriş çağırışlarını, yarıçılpaq əcnəbi xanımları görməyə alışdığımızdan bu olay diqqətimizi çəkdi. Və Beyləqana "əhsən” dedik. Yayılan məlumatdan bəlli olur ki, reklam lövhəsində şəhidlərin fotoları biri-birini daim əvəz edir. İmanov Natiq, Quliyev Aydın, Hüseynov Elşən... Onlar Vətənimiz üçün canını fəda edənlərdir.
Bər-bəzəyi ilə göz qamaşdıran paytaxtdan uzaqda - Beyləqan rayonunda şəhidlərə bu cür yüksək dəyər verilməsi hər cür alqışa layiqdir. Əslində, görünməmiş iş də deyil. Məsələn, bir çox hallarda bəyənmədiyimiz İran İslam Respublikasında bu gün də yol boyu şəhidlərin şəkilləri düzülür. Təbrizə gedərkən şəxsən bunun şahidi olmuşam. Sürücüdən soruşanda cavab verib ki, bunlar İran-İraq savaşında şəhid olanların şəkilləridir. Həmin şəkillərə hər yerdə - istər magistral yollar, istərsə də, şəhərin müxtəlif küçələrində, park kənarlarında rast gəlinir. Bizdə isə vəziyyət fərqlidir. 20 Yanvarda, yaxud da Qarabağ savaşında şəhid olanları kiməsə "göstərmək” üçün mütləq Şəhidlər Xiyabanına aparmalıyıq. Halbuki qonağımızın Şəhidlər Xiyabanına getməyə vaxtı olmaya da bilər. Və ümumiyyətlə, özbaşına - sərbəst şəkildə ölkəmizə, paytaxtımıza gələn qonaqlar da var. Onları bir kimsə Şəhidlər Xiyabanına aparmır. Amma küçələrdə, yollarda şəhidlərimizin şəkilləri olsa, istər-istəməz diqqəti cəlb edəcək və bu da sonucda Qarabağ həqiqətinin ortaya çıxmasına vəsilə olacaq. Nə qədər qəribə səslənsə də, Bakıda şəhidlərə məxsusi abidə də yoxdur. Heç adi (!) əsgər abidəsi də yoxdur. Düşündürücü deyilmi?! Bizi qoruyan əsgərlərimizdir. Vətəni də onlar qoruyur. Əsgərlərin bir qismi Vətəni qorudu və şəhid oldu. Əvvəlcə onlara abidə ucaldılmalıdır, sonra isə bu gün Vətənin keşiyində dayananlara. Yenə bir örnək; qardaş Türkiyədə, Quzey Kıbrısda şəhidlik abidələri var. Həm də bir yerdə yox, bir neçə yerdə. Quzey Kıbrısda səfərdə olduğum vaxt paytaxt Lefkoşada o abidələrin (!) önündə şəkil də çəkdirmişdim. Abidələrdən birinin üzərinə həkk olunmuş bu misralar o zamandan yaddaşıma həkk olunub; Ey bu topraqlar için toprağa düşmüş askər, Gökdən əcdad enərək öpsə o pak alnı dəyər!..
Yəni, şəhidlik məzarlığı başqa, şəhidlərə abidə başqa. Məzarlığa ziyarətə gedilir, müəyyən vaxtlarda. Amma abidələr, şəkillər hər addımda insanların diqqətini çəkir. Təəssüf ki, Qarabağ savaşının 21-ci ilində şəhidlərin kütləvi anılmasına yalnız indi və hələ ki, yalnız Beyləqanda rast gəlinir.
Qısa araşdırmadan məlum oldu ki, paytaxtda reklam məsələləri Bakı Şəhər İcra Hakimiyyətinin səlahiyyətindədir. Bidbordlarda reklam yerləşdirməyin qiyməti 400 manat, plazmalarda 360 manatdan başlayır. Bundan başqa dayanacaqlarda, avtobuslarda, metro stansiyalarında, adi divarlarda da reklam yerləşdirmək olar. Amma beyləqanlıların ağlına gələn BŞİH-nin ağlına hələ gəlməyib.
Telekanallarda da vətənpərvərlik motivli reklamlar verilmir. Bir-iki hərbi məzmunlu verilişi çıxsaq, yerdə ancaq şou proqramlar qalır. Telekanallar bunu maliyyə probleminə bağlayır. Yəni, şirkətlər reklam üçün pul ödəyir. Efir vaxtının dəqiqəsi qızıldır. Bildiyimiz qədər, reklamın 1 dəqiqəsi üçün 300-1500 manat ödənir. Telekanalın nüfuzundan, reklamın hansı proqramda efirə gedəcəyindən asılı olaraq qiymətlər də dəyişir. Qiymətlər 1 saniyə üçün 1 manat 10 qəpikdən başlamış 25 manata qədərdi. Metro stansiyalarında bir az ucuzluq olsa da, orada da nə vətənpərvərlik plakatları, nə də şəhid şəkilləri var. Metro vaqonlarında reklam 2-10 manat, stansiyalarda 1 kv.metrlik sahədə reklam qiyməti 30, eskalatorun üstündə isə bir az baha - 35 manatdır.
Belə çıxır ki, şəhidlərimiz 30-35 manata dəymir?! Cavab var;
"Sənə dar gəlməyəcək məzarı kim qazsın?
Göməlim səni tarixə desəm, sığmazsın...”
Şəhidin dəyəri bilinir, amma biz onun üçün nə etdik? Əsl məsələ bu!
Məsələyə münasibət bildirən Milli Məclisin Təhlükəsizlik və müdafiə məsələləri komitəsinin üzvü, millət vəkili Zahid Oruc "Şərq”ə açıqlamasında Beyləqanda şəhidlərin fotosunun reklam lövhəsində yerləşdirilməsinin sevindirici olduğunu dedi:
- Açığı, bu xəbər məni yaxşı mənada təəccübləndirdi və sevindirdi. Təqdirəlayiq haldır. Mən Rusiya televiziyalarını izləyirəm. Rusiya telekanalları reklamlara nə qədər önyarğılı olsa da, kommersiya reklamları ilə yanaşı, ölkəni, onun tarixini, vətəndaşın gələcək hədəflərini ehtiva edən süjetləri görürəm və bu məni heyrətləndirir. Hər bir müsbət təcrübədən yararlanmaq olar. Doğrudur, müstəqillik əldə etdikdən sonra bizdə de-sovetləşmə meyli çox gücləndi. Amma müsbət təcrübələr unudulmamalıdır. Xatırlayırsınızsa, sovet vaxtı vətənpərvərlik, Vətənə məhəbbət motivli, əməkçilərin, fəhlələrin, hətta mən bu ifadəni də çəkinmədən işlədirəm - proletariatın şəkilləri ilə hər yerdə rastlaşırdıq. Məktəblərdə, bağçalarda, idarələrdə, magistral yollarda... hər yerdə. Belə şəkillər, plakatlar etiraf etməliyik ki, güclü təbliğat vasitələri idi və insanlara təsir edirdi. Azərbaycanın 20 faiz torpağı erməni təcavüzkarları tərəfindən işğal olunub. Faktiki biz müharibə şəraitində yaşayırıq. Amma bu, gündəlik həyatımızda əksini tapmır. Təəssüf ki, telekanallarımızı şou epidemiyası işğal edib. Şəhidlər, əsgər mundiri kölgədə qalıb.
Əgər biz şəhidliyi müqəddəsləşdiririksə, "şəhidlər ölmür” deyiriksə, onlara dəyər verməliyik və daim diqqətdə saxlamalıyıq. Hər şəhid bir rayona bağlıdır. Şəhidin doğulub boya-başa çatdığı bölgə, kənd var. Hər rayon öz şəhidlərinin təbliğatını aparmalıdır. Bununla bağlı icra hakimiyyətləri tərəfindən xüsusi proqram işlənməlidir. Təbliğat işinə cavabdeh qurumlar var, onlar bu işi icra etməlidirlər. Beyləqanda şəhidlərin şəkillərinin reklam lövhəsinə vurulması, insana necə xoş gəlir. Bunu paytaxtda da, digər bölgələrdə də etmək mümkündür. Düzdür, şəhidlərə dəyər verilir, onların adı müxtəlif cür əbədiləşdirilir. Amma müasir dünyada daha təsirli, daha qabarıq vasitələr var. Elektron reklam lövhələri bunlardan biridir. Elektron lövhələrdə reklam mətnləri sürətlə yenilənir. Şəhid şəkillərinin həmin reklam mətnləri ilə növbələşməsi, onlar barədə qısa və dolğun məlumatların verilməsini təmin etmək çox asan bir işdir. Hesab edirəm ki, bu təşəbbüs media üzərindən davamlı qaldırılmalıdır. Şəxsən mən millət vəkili olduğum Bərdə rayonunda bu təşəbbüslə çıxış edəcəyəm. Xüsusən də, Avropa Oyunlarına hazırlaşdığımız indiki məqamda şəhidlərin diqqət mərkəzinə gətirilməsi, Azərbaycanın haqq davasının beynəlxalq aləmə çatdırılmasında çox önəmlidir. Məsələn, Kiyevdə Maydan hərəkatında həlak olanların şəkilləri oradaca divara vurulub.
Ölkəmizə gələcək idmançıları, turistləri nəzərə alsaq, təxminən 1 milyon əcnəbi səfər edəcək. Bəlkə də onların çoxunun Şəhidlər Xiyabanına getməyə zamanları olmayacaq. Amma şəhərdə hərəkət edən xaricilər reklam lövhələrində şəhidlərin şəkillərini görərsə, bu, onların marağına səbəb olacaq. İstənilən beynəlxalq tədbir, yarışma bizim üçün Qarabağ həqiqətlərini tanıtmaq yolunda bir imkandır. Gərək ondan maksimum istifadə edək.
Məlahət Rzayeva