"Sehirli kreslo" ucaldır...

"XİN-in mətbuat xidməti vəzifəsini icra edən şəxslərin demək olar ki, hamısı bir müddət sonra daha yüksək posta təyinat alıblar"



Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev bu vəzifədən azad edilərək, Prezident Administrasiyasının xarici əlaqələr şöbəsinə müdir müavini təyin olunub. PA-nın xarici əlaqələr şöbəsinin müdiri vəzifəsi hələlik boş qaldığından Hikmət Hacıyev faktiki olaraq şöbə rəhbərinin səlahiyyətlərini icra edəcək. Heç şübhəsiz, boşalan XİN-in mətbuat xidmətinin rəhbəri postunda da yaxın zamanda yeni sima görəcəyik. Reallıq odur ki, Xarici İşlər Nazirliyinin mətbuat xidmətinə indiyədək rəhbərlik etmiş şəxslər media ilə ən yaxşı münasibətlər qura bilmiş mətbuat katibləri olublar. Hikmət Hacıyev və sələfləri mediaya münasibətdə digər qurumların sözçülərindən həmişə yaxşı mənada fərqləniblər. 

O da xüsusi olaraq vurğulanır ki, XİN-in mətbuat xidməti vəzifəsini icra edən şəxslərin demək olar ki, hamısı bir müddət sonra daha yüksək posta təyinat alıblar. Hələ Hikmət Hacıyevin təyinatından öncə bəziləri zarafatla Xarici İşlər Nazirliyinin mətbuat xidməti rəhbərinin əyləşdiyi kreslonu "sehrli kreslo” adlandırırdılar. Keçmişə nəzər salsaq görərik ki, 2000-ci ilin əvvəllərində XİN-in mətbuat əlaqələndiricisi olan Mətin Mirzə KİV-lə uğurlu əlaqələr yarada bilən şəxs kimi yaddaşlarda qalıb. O zaman jurnalist təşkilatlarının keçirdiyi sorğular nəticəsində XİN bir neçə dəfə "KİV-lə açıq nazirlik” nominasiyasında qalib də olub. 

Mətin Mirzə 2008-2011-ci illərdə Azərbaycanın İndoneziyadakı səfirliyində müşavir işləyib. 2013-cü ildə Azərbaycanın Çindəki səfirliyinə müşavir vəzifəsinə göndərilib. XİN-in mətbuat xidmətinə bir müddət rəhbərlik etmiş Tahir Tağızadə də postundan Azərbaycanın Çexiyadakı səfir vəzifəsinə təyinat alıb. 2014-cü ildə isə Azərbaycan Respublikasının Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığında fövqəladə və səlahiyyətli səfiri təyin edilib.

2007-ci ildən XİN-in mətbuat xidmətinə rəhbərlik etməyə başlayan Xəzər İbrahim isə ABŞ-dakı səfirliyimizə müşavir vəzifəsinə göndərilib. Ardınca Azərbaycanın NATO yanında nümayəndəliyinin başçısı təyin edilib. Daha sonra ölkəmizin Türkiyədəki fövqəladə və səlahiyyətli səfiri vəzifəsinə aparılıb. 2009-cu ildən XİN mətbuat xidmətinin rəhbəri postuna gətirilən Elxan Poluxov da sonradan səfir vəzifəsinə yüksəlib. 

O, Azərbaycan Respublikasının Cənubi Afrika Respublikasında fövqəladə və səlahiyyətli səfiri təyin edilib. Daha sonra Braziliyadakı diplomatik missiyaya rəhbərlik edib. 2011-ci ildən 2014-cü ilin sentyabrınadək Xarici İşlər Nazirliyinin mətbuat katibi postuna Elman Abdullayev isə Efiopiyaya səfir göndərilib. Son olaraq Hikmət Hacıyev də 4 illik xidmətindən sonra PA-ya yüksək vəzifəyə təyinat alıb. Bəziləri hesab edir ki, bunun səbəbi həmin qurumun mətbuat xidmətinin media ilə açıq olması, müstəqil fəaliyyət göstərməsi ilə bağlıdır. Lakin digərləri düşünür ki, burada əsas rol oynayan məqam XİN-in mətbuat xidməti postunun özüdür.

Məsələni "Şərq”ə dəyərləndirən "Azadinform" İnformasiya Agentliyinin redaktoru Elçin Bayramlı da hesab edir ki, bu bütün dünyada belədir və həmişə də belə olub. Onun sözlərinə görə, XİN-in mətbuat katibi geniş siyasi və diplomatik təcrübə qazandığı üçün digər vəzifələr, xüsusən səfir təyinatları üçün hazır kadr rolunu oynayır: 

"Məhz bu baxımdan həmin postda çalışan bir şəxs sonrakı dövrdə daha yüksək vəzifəyə keçirilir. Yəni, burada həmin şəxsin mətbuatla nə dərəcədə açıq olması o qədər də rol oynamır. Müstəqil fəaliyyətdən isə söhbət belə gedə bilməz. Bu posta çox yüksək dünyagörüşü, biliyi, mədəni səviyyəsi yuxarı olan şəxs təyin edilməlidir. Çünki dövlətin xarici siyasətini çox vaxt həmin postun sahibi bəyan edir və dünyaya çatdırır. Əsas reallıq budur”.

İsmayıl