"Dünyanın hər yerində kütləvi idman var. Həftənin son günlərində idman üçün ayrılmış yerlər olur. İnsanlar ora gəlir, qaçır, gəzir, hərəkət edir və enerjini yandırırlar"
Şəkər xəstəliyi hərəkətsizlik və stress yaradır
Onunla mübarizə aparmaq üçün birinci növbədə aktiv cəmiyyət, kütləvi idman lazımdır
"Dünyanın hər yerində kütləvi idman var. Həftənin son günlərində idman üçün ayrılmış yerlər olur. İnsanlar ora gəlir, qaçır, gəzir, hərəkət edir və enerjini yandırırlar"
"Dünyanın hər yerində kütləvi idman var. Həftənin son günlərində idman üçün ayrılmış yerlər olur. İnsanlar ora gəlir, qaçır, gəzir, hərəkət edir və enerjini yandırırlar"
Azərbaycanda 243 226 nəfər şəkərli diabet xəstəsi var. Respublika Endokrinoloji Mərkəzinin direktoru Yusif İsmizadə bildirib ki, xəstələrdən 53 401 nəfəri insulin, 36 963 nəfəri həm insulin, həm də şəkərsalıcı həblər, 152 862 nəfəri isə həblər tələb edən xəstələrdir.
Y.İsmizadə deyib ki, insulin tələb edən xəstələrin 1600 nəfəri 18 yaşa qədər olan uşaqlardır: "Qeydiyyatda olan bütün şəkərli diabet xəstələri insulin və digər şəkərsalıcı dərman preparatları, özünənəzarət vasitələri ilə təmin edilib, bu xəstəlikdən əziyyət çəkən uşaqlara 90 ədəd insulin pompası verilib. Şəkərli diabet xəstələrinin qeydiyyatı, dərman preparatları və özünənəzarət vasitələri ilə təminatının səmərəliləşdirilməsi üçün belə xəstələrin vahid registri yaradılıb. Hər il 20-25 min yeni şəkərli diabet xəstəsi qeydiyyata alınır. Artıq Bakı şəhəri üzrə elektron registr və məlumat bazasının təkmilləşdirilməsi başa çatıb. Hazırda 65 455 şəkərli diabet xəstəsi elektron sağlamlıq kartı ilə təmin edilib. Regionlarda bu iş 2019-cu ilin 6 ayı ərzində yekunlaşacaq”.
Mərkəz direktorunun sözlərinə görə, şəkərli diabet xəstəliyinin profilaktikası məqsədi ilə tibb müəssisələrində diabet təlim məktəbləri yaradılıb: "Bu il daha 12 regionda belə məktəblərin fəaliyyətə başlaması planlaşdırılır”.
Statistik göstəricilərdən də bəlli olur ki, şəkər xəstəliyindən əziyyət çəkənlərin sayı olduqca çoxdur. Bəzən bu xəstəliyin yaranma səbəbi kimi qorxu, həyəcan və stress hallarını göstərirlər. Maraqlıdır, yaradılan yeni məktəb şəkər xəstəliyinin müalicəsində effektiv ola bilərmi?
Xəstəliyin yaranma səbəbləri və ilkin göstəriciləri ilə bağlı "Şərq”ə danışan tibb elmləri doktoru, professor Adil Qeybulla bildirib ki, şəkərli diabetin dinamikası bütün dünyada artmaq üzrədir. Professorun sözlərinə görə, şəkərli diabetin başvermə səbəbi əsasən irsi faktorla bağlıdır: "Xəstəliyin yaranmasına səbəb olan əsas amillərdən biri də hipodinamiyadır. Yəni həddindən artıq çox qida qəbul edilməsi və az hərəkətlilik.
İnsan orqanizmi müəyyən qidanı qəbul etdikdən sonra kalorinin sərfi üçün kifayət qədər əmək sərf etməlidir. Kalori tam sərf olunmalıdır ki, bədən düzgün çalışa bilsin. Lakin bu kalorilər sərf olunmadıqca orqanizmdə depolaşır.
Bu gün demək olar ki, 99 faiz insanlarda artıq çəki var. Bununla yanaşı, millət olaraq mentalitetimizdə qüsurlar var. Qida qəbulumuz, restoranlar, şadlıq evləri həmişə günün ikinci yarısına, axşam vaxtına təsadüf edir. Həddindən artıq qida qəbulu və spirtli içkilər və bundan sonra hərəkətsiz şəkildə uzanmaq təbii ki, bədəndə piylənmənin əmələ gəlməsinə və son nəticədə bədəndəki toxumaların artması şəkərli diabetin yaranmasına gətirib çıxarır. Şəkərli diabetin profilaktikası üçün birinci növbədə aktiv cəmiyyət, kütləvi idman lazımdır. Dünyanın hər yerində kütləvi idman var. Həftənin son günlərində idman üçün ayrılmış yerlər olur. İnsanlar ora gəlir, qaçır, gəzir, hərəkət edir və enerjini yandırırlar. Ona görə də onların orqanizmində proseslər düzgün çalışır”.
Həkim bildirib ki, şəkər xəstəliyinin yaranmasında stres də xüsusi rol oynayır: "Stres xüsusilə də genetik meyillilik olduqda özünü daha çox göstərir. Nəzərə alsaq ki, Azərbaycanda 1 milyondan artıq insan qaçqın və məcburi köçkün, daimi miqrasiya durumundadır. Bu gedişlər yaşamın tələbləri ilə bağlıdır. Ona görə də xəstəlikdə stres faktoru vacib rol oynayır.
Cəmiyyətdə sosial müdafiənin olmaması, iqtisadi çətinliklər, gələcəyə ümidin az olması və Azərbaycan daxilində olan digər problemlər, məsələn, ərazi itkisi və s. ümumi stres fonudur. Bütün bunlar insanın beyin qabığının altı mərkəzində dominant olaraq oturur və bu cür xəstəliklərin baş verməsində rol oynayır. Dövlət olaraq şəkərli diabetli xəstələrin aşkar olunması və bu xəstələrin reabilitasiyasını üzərimizə götürməliyik.
Düzdür, dövlət tərəfindən müəyyən tədbirlər görüldü, xəstələrə qlikometrlər, insulin paylanması həyata keçdi. Amma son vaxtlar eşidirik ki, bu işdə də xeyli çətinliklər var. Belə xəstələrin aşkar olunması ilə bağlı kütləvi dispanserizasiya tələb olunur. Çünki elan olunan statistika faktiki statistikadan xeyli azdır.
Çox adam şəkərli diabet xəstəliyi ilə bağlı uçotda durmur, özbaşına dərman qəbul edir. Xəstəlik insanı elə də ağrıtmır. Sadəcə olaraq xəstələr adətən çox etinasız olurlar. Bəzən xəstəlik gizli gedir və insan müayinə olunmur, müəyyən dövrdən sonra hansısa ağırlaşmalarla ortaya çıxır.
Şəkərli diabet atreskurozun inkişafını gücləndirir, əmək qabiliyyətinin erkən itməsinə gətirib çıxarır. Bu isə son anda cəmiyyətin belinə yüklənir. Yəni bu həm dövlət büdcəsi, həm cəmiyyət üçün əlavə problemlər deməkdir. Ona görə də genefondun sağlamlaşdırılması istiqamətində ciddi tədbirlər görmək lazımdır. Məsələ ilə bağlı səmimi dövlət proqramı, yəni həyata keçə biləcək proqram yaradılmalıdır".
Yeganə Bayramova