Yazıçı Nəriman Əbdürrəhmanlı hamını şəhərdə kitab dükanının açılışına yardıma çağırdıCavanşir Quliyev: “Son illər dükan kiçilə- kiçilə bir köşə halında qalmışdı, onun yenidən əvvəlki halına gəlməsinə çalışmalıyıq”
Əli Məsimli: "Belə bir zamanda problemləri qaldırmaq, xoşniyyətli işlərə kölgə salmağa çalışmaq, ancaq müəyyən insanların bəd niyyətindən xəbər verə bilər”
Mirvari Qəhrəmanlı: "Son zamanlar şəhərdə çoxmərtəbəli binalar tikilməyə başladı, bununla da şəhərin tarixi görkəmi məhv edildi”
Yazıçı-publisist Nəriman Əbdürrəhmanlı Şəkinin 2016-cı ildə türk dünyasının mədəniyyət paytaxtı elan edildiyini, lakin şəhərdə kitabxana və kitab mağazasının olmadığına diqqət çəkib. Özünün feysbuk səhifəsində bu barədə paylaşım edən yazıçıya maraqlı cavablar da gəlib.
Nəriman Əbdürrəhmanlı yazıb: "Dostlar, köməyinizə ehtiyac var! Bu müraciəti yayın!
Şəki şəhəri 2016-cı il üçün türk dünyasının mədəniyyət paytaxtı seçilib. Amma şəhərdə kitab dükanı yoxdur. Şəkinin ziyalıları, iş adamları gözəl şairimiz Hədiyyə xanım Şəfaqətin arzusunun gerçəkləşməsinə, şəhərdə kitab dükanının açılmasına yardım edin! Bu, hamımızın borcumuzdur!
Yazıçıya ilk reaksiya əslən Şəkidən olan bəstəkar Cavanşir Quliyevdən gəlib:
"Kitab mağazası və kitabxana başqa şeylərdir. Şəkidə bir neçə kitabxana var, ən böyüyü isə şəhərin mərkəzində Nakam adına kitabxanadır. İçi də doludur. Vaxtı ilə böyük bir kitab dükanı
da vardı, mən kitabxanamın tutarlı hissəsini ordan almışam. Lakin son illər dükan kiçilə-kiçilə bir köşə halında qalmışdı, onun yenidən əvvəlki halına gəlməsinə çalışmalıyıq.
Pərviz Zeynalov adlı istifadəçi də fikrini bildirib:
"Həmin kitab mağazası ikimərtəbə idi. İndi qəzet "budkası” boyda qalıb. Hər yeri arendaya veriblər. İçində də ancaq test satılır”.
Məsələ ilə bağlı millət vəkili, əslən Şəkidən olan Əli Məsimlinin fikirlərini öyrəndik. Ə.Məsimli Şəkidə kitabxana və kitab mağazası olmadığı iddiasını əsassız adlandırdı:
- Şəkidə kitabxana da var, kitab mağazası da. Kitabxana elə bir sahədir, kimisə güclə gətirə və ya çağıra bilməz ki, sən mütləq bura gəlməlisən. Kim kitabxanadan müntəzəm istifadə edirsə, onun üçün kitabxana həmişə işlək vəziyyətdədir. Amma kim ki, kitabxanaya getmir, ondan uzaq düşüb, onun üçün kitabxana yox kimidir. İndiki şəraitdə kitabxanalara ümumiyyətlə az gedilir. Çünki internet resursları geniş yayılıb, insanlar daha çox elektron qaydada kitab oxuyurlar. İndi daha çox kompüter mərkəzlərinə gedilir.
Millət vəkili Şəkinin türk dünyasının mədəniyyət paytaxtı elan edildiyi bir vaxtda bu cür lazımsız söz-söhbətin ortaya atılmasının xoş olmadığını da dedi:
- Şəkinin türk dünyasının mədəniyyət paytaxtı elan edilməsi Azərbaycan üçün böyük fəxrdir. Belə bir zamanda problemləri qaldırmaq, xoşniyyətli işlərə kölgə salmağa çalışmaq, ancaq müəyyən insanların bəd niyyətindən xəbər verə bilər. Heç olmasa, indiki məqamda belə işlər etməsinlər.
Neftçilərin Hüquqlarını Müdafiə Cəmiyyətinin sədri Mirvari Qəhrəmanlı isə "Şərq”ə açıqlamasında Şəkidə həqiqətən də kitabxana və kitab mağazası probleminin olduğunu dedi:
- Deyilən iradlarla mən də razıyam. Bu təkcə Şəkinin problemi deyil, bütün respublikaya aiddir. İnsanlarda kitaba maraq azalıb. Mən bunun birinci səbəbini orta məktəblərdə görürəm. Çünki kitaba, kitab oxumağa sevgini ilk növbədə müəllimlər şagirdlərə aşılamalıdır. Bizim müəllimlərimiz müəyyən bir əsəri tam oxumağı uşaqlara tapşırırdılar. Uşaq da məcbur olurdu kitabxanadan o kitabı götürüb oxuyurdu. Sərbəst mövzuda inşalar tələb edirdilər bizdən. İnşa yazmaq üçün də bədii əsərləri oxuyurduq. Şagirdlər kitabxana ilə, kitabla daim təmasda olurdular. İnternetin yayılması isə kitab oxunmasını azaltdı. İnternet klubların sayı kitabxanadan da, kitab mağazalarından da çoxdu. Mən Şəkiyə tez-tez gedirəm. Hər səfərimdə də kitabxanaya, kitab mağazasına baş çəkirəm. Şəkidə Nakam adına böyük kitabxana vardı. Orta məktəbdə oxuyanda həmişə o kitabxanaya gedərdik. Ötən yay Şəkidə olanda istədim kitabxanaya gedim, gördüm qapısından qıfıl asılıb. Bizim Şəkidə evimizin yolu üstündə neçə kitab mağazası vardı. 10 saylı məktəbdə oxuyurdum, məktəbə gedib-gələndə kitab mağazalarının önündən keçirdim. İndi o mağazalar yoxdu. Şəkidə bir normal kitab mağazası tapa bilmirəm. Adı "kitab mağazasıdır”, amma içərisində almağa bir kitab tapmırsan. Cek Londonun "Martin İden” əsərini axtarırdım, tapa bilmədim. Ümumiyyətlə, heç bir xarici ədəbiyyat nümunəsi, tərcümə əsərləri satışda yoxdur. Əliboş qayıtmayım deyə, "Şəki lətifələri”ni aldım. Mən kitab həvəskarıyam, kitab alanam, amma lazım olanı tapa bilmirəm. Satılmır. Mağaza sahibi də öz biznesini düşünür. Bu dəqiqə məktəb ləvazimatı əsas biznesdir. Kitab mağazalarında ancaq dəftər-qələm satılır.
Orta məktəblərdə müəllimlər şagirdlərdə kitaba, bədii əsərlərə, qiraətə sevgi oyatmır. Bunu müəllim tələb etməlidir, şagirdə tapşırıq verməlidir ki, filan əsəri oxu. İnsanlar başa düşmək istəmir ki, kitab oxumaq nitq qabiliyyətini, düşüncə tərzini genişləndirir. Hamı sarılıb internetə.
M.Qəhrəmanlı Şəkinin türk dünyasının mədəniyyət paytaxtı elan edilməsinin bu yurdun tanıdılmasına böyük imkanlar açdığını bildirdi:
- Bu, ölkəmizə böyük qazanc gətirə bilər. Amma gərək Şəkidə turizmin inkişafı üçün şərait yaradılsın. İlk növbədə Şəki İcra Hakimiyyətinin əl-qolunu "bağlamaq” lazımdır ki, şəhərdə çoxmərtəbəli binaların tikintisi dayandırılsın. Çoxmərtəbəli binalar Şəkinin qədimliyini, tarixiliyini pozur. Şəkidə evlər heç vaxt biri-birindən fərqlənmirdi. Evlər hamısı eyni ölçüdə, eyni biçimdə olardı. Hər şəhərin özünün görünüşü, adət-ənənəsi var. Şəkinin də evləri öz görkəmləri ilə digər bölgələrdən seçilir. Son zamanlar şəhərdə çoxmərtəbəli binalar tikilməyə başladı, bununla da şəhərin tarixi görkəmi məhv edildi. Ağacların kəsilməsinin qarşısı qəti alınmalıdır. Şəki təbiəti elədir ki, sürüşməyə meylli zonalar var. Ağaclar sürüşmənin qarşısını alan ən böyük vasitədir. Amma nəsə tikilsin deyə, çoxillik ağacları kəsib atırlar. Məşhur Şəki karvansarayının bərpaya ehtiyacı var. Bir dəfə özüm müşahidə etdim ki, hansısa xarici qonaq gəlmişdi deyə, yol kənarında hədiyyə, şirniyyat satanları yığışdırdılar. Niyə? Xarici qonaq Şəkinin özəlliyini bəs nədə görməlidir? Şəkinin siması həm də onun şirniyyatları, dulusçuluq əşyalarıdır. Niyə imkan vermirlər sənətkarlar əl işlərini sərgiləsin?! Şəki ən təmiz şəhərdir. Şəkinin xanımları biri-birilə həyətdəki gül-çiçəkləri ilə bəhsə girir. Gətirib Şəkidə həbsxana tikdilər. Qədim şəhərdə, əsas turizm bölgəsində o həbsxanaya nə ehtiyac vardı?! Çoxlu məbədlər var. Təyinatı üzrə istifadə olunmur. Tarixi abidələrin bərpası bir yana qalsın, heç olmasa, uçurub-dağıtmasınlar.
M.Qəhrəmanlı şairə Hədiyyə Şəfaqətin kitab mağazası açmaq istəyini dəstəklədiyini dedi və Şəki ziyalılarını bu işdə aktiv olmağa çağırdı.
Məlahət Rzayeva