Şəklini istəyirik, təşkil etmirlər

“Şahbazın qızı duyuq düşüb, atasını soruşur”
“Həsən Həsənov rəhmətə getdi, ailəsi təsəlli tapır ki, şəhid olub, amma biz diri-diri yanırıq”


2 ilə yaxındır ki, öz əbədi və əzəli ərazimiz olan Kəlbəcərdə Ermənistan tərəfindən girov saxlanılan Şahbaz Quliyevin yaxınları 4 aylıq fasilədən sonra ondan növbəti məktubu alıblar. Məlumata görə, Tərtərin Qaradağlı kəndində yaşayan İradə Quliyevaya qardaşından gələn məktubu ötən günlərdə Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) Bərdə ofisinin nümayəndələri təqdim edib. Bir neçə cümləlik məktubda yaxınlarına salam göndərən Ş.Quliyev vəziyyətinin yaxşı olduğunu yazıb.

Məktubun mahiyyətindən söz açan Ş.Quliyevin bacısı oğlu Ramiz Rəhimov bildirib ki, həmin məktubda əvvəlkilər kimi standart sözlər və ifadələr yazılıb: "Məktubda həqiqəti əks etdirən odur ki, xətt özünündür. Öz kəlmələridir. O, açıq-aşkar heç nə yaza bilmir. İcazə verilmir. Təzyiqlər göstərirlər ki, açıq heç nə yazmasın. Qapalı yazır ki, hə, salamatam, narahat olmayın, uşaqdan və anamdan muğayat olun. Standart sözlərdir. Həmişə də eyni sözləri yazdırırlar. Başqa nəsə yazmağa imkan vermirlər”.

R.Rəhimovun sözlərinə görə, Ş.Quliyevin anası onun girov düşməsindən xəbərsizdir: "Yaşlı, ağbirçək qadındır. Bütün qohum-əqrəbaya tapşırıqlar verilib ki, ona heç kim heç nə deməsin. Ürəyində bir az problemləri var. Bu səbəbdən gizlədirik ki, Allah uzaq eləsin, nə olar, nə keçər. Aldadırıq ki, Rusiyadadır. O da tez-tez soruşur ki, noldu, Şahbaz niyə gəlib çıxmadı? Deyirik gələcək, işləri çoxdur. Neyləyək, başqa çıxışımız yoxdur”.

Müsahibimiz diqqətə çatdırıb ki, aidiyyəti qurumlar məsələ ilə məşğul olurlar. Ancaq hələ ki nəticə yoxdur: "Hamımız nəticəni gözləyirik. Girovlarımız Rusiyada və ya hansısa Avropa ölkəsində deyil ki, gedib üzünü görəsən və vəziyyətini öyrənəsən. Əlimiz çatmayan bir yerdədirlər. Kim nə deyir, ona inanırıq. Vəssalam. Əlimiz çatan qurumlara müraciət edirik”.

R.Rəhimov söyləyib ki, Ş.Quliyevə məxsus fotolar istəsələr də, BQXK bunu təşkil etmir: "Foto yoxdur. Bir-iki dəfə Şahbaza uşağının şəkillərini göndərmişik. Axırıncı dəfə də məktubda yazıb ki, uşağın şəkli gəldi. Bildik ki, şəkil çatıb. Özünün heç bir şəklini gətirmirlər. Bir ara dedilər ki, Skaypla danışıq təşkil olunacaq. Heç onu da etmədilər. Buna da Ermənistan və Avropa təşkilatları maneə oldular. Bunu azyaşlı uşaq da bilir ki, buna maneə törədən onlardır. Cənab Prezident İlham Əliyevin göstərişinə uyğun olaraq bütün aidiyyəti orqanlar onların azadlığa çıxmasına çalışır. Lakin yalnız Azərbaycan deyil, beynəlxalq təşkilatlar da səy göstərməlidirlər. Avropa təşkilatları yalandan deyir ki, narahat olmayın, hər şey yaxşı olacaq. Amma hamısı boş söhbətlərdir. İndiyə qədər hansı Avropa təşkilatı dərdimizə məlhəm olub ki, indi də nəsə edə”.

Həmsöhbətimiz onu da əlavə edib ki, Ş.Quliyevin qızının suallarına cavab verə bilmir: "İstəyimiz odur ki, heç olmasa, qaraltısı ailəsinin üstündə olsun. Şahbazın 6-cı sinifdə oxuyan qızı var. Rusiyada doğulub, boya-başa çatıb deyə rus dilində danışır. Hər dəfə soruşur ki, "pap qde”. Mən də cavab verə bilmirəm. Uşaq duyuq düşüb. Əvvəllər atasının ermənilərin əlində olduğunu o qədər də dərk eləmirdi. Amma indi dərk etməyə başlayıb. İki ildən artıqdır ki, atası yoxdur. Ona görə də, problemin olduğunu dərk edir. Deyiləsi dərd deyil. Biri var gedəsən başına iş gələ, bir də var ki, düşmənin əlinə keçəsən. Həsən Həsənov rəhmətə getdi. Allah rəhmət eləsin. Ailəsi haradasa, təsəlli tapır ki, vətən uğrunda şəhid olub. Şahbazla Dilqəmi isə biz oturub gözləyirik. Yəni diri-diri yanırıq. Görək dövlətimiz neyləyə bilir. Ümid bir Allaha, bir də ölkə başçısı İlham Əliyevədir. Prezidentimizə inanırıq. Ölkə başçısı tanınmış zabitimiz Ramil Səfərovla bağlı dediklərini etdi. Neçə illər keçsə də, R.Səfərovu ölkəmizə qaytardı. İnanırıq ki, Şahbazla Dilqəm də azadlığıa çıxacaqlar. Allah-təala bütün duaları qəbul edib, onların qapısını açar”.

Ayyət Əhməd