Sekuta da baş qatır ABŞ-ın Qarabağın həllinə göstərdiyi maraq yetərli deyil

Ermənistan müstəqil siyasi iradəyə malik olmadığından problemin həlli düyünə düşüb




"ATƏT-in Minsk Qrupunun üzvü kimi Amerika Birləşmiş Ştatları Dağlıq Qarabağ münaqişəsinin həllinə səy göstərir. Hazırda da bu istiqamətdə səylərimizi davam etdiririk”.

Bunu ABŞ-ın Azərbaycandakı səfiri Robert Sekuta deyib. Rəsmi Vaşinqtonun münaqişənin həllində maraqlı olduğunu iddia edən səfirin sözlərinə görə, həmsədrlər bu il prezidentlərin görüşlərini təşkil etmək üçün Azərbaycan və Ermənistan xarici işlər nazirləri ilə danışıqlar aparırlar. Sekuta bildirib ki, hər iki ölkənin rəhbərliyi həmsədrlərin təklif etdikləri ideyalar əsasında iradə nümayiş etdirməlidir. Səfirin açıqlamasını şərh edən Strateji Araşdırmalar Mərkəzinin rəhbəri, siyasi ekspert Natiq Miri deyib ki, ABŞ problemin həllində maraqlıdır, ancaq bu maraq prosesin həlli üçün yetərli deyil: "Əvvəla, ona görə ki, münaqişənin həlli hələlik ABŞ siyasəti üçün prioritet deyil. Çünki problemin olduğu bölgə ABŞ-dan çox uzaqdadır və rəsmi Ağ Evə heç bir təhlükə törətmir. Üstəlik, geosiyasi vəziyyət də hələlik buna imkan vermir. Problem çoxdan regional məsələ olmaqdan çıxıb və qloballaşıb. Artıq dünya gücləri prosesdə razılaşmalıdır ki, münaqişə həllini tapsın”. Politoloqun sözlərinə görə, Ermənistan müstəqil siyasi iradəyə malik olmadığından problemin həlli düyünə düşüb: "Həmsədrlər əsasən yükü münaqişə tərəflərinin üstünə qoyur. Bu yanaşma da problemin həllini qəlizləşdirir. Hamı bilir ki, Ermənistan suveren hüquqlarını Rusiyaya təslim edib. Şimal qonşumuz isə bu problemin həllini Azərbaycan üçün qəbulolunmaz şərtlərə bağlayıb. ABŞ-ın buvaxtadək ciddi surətdə hərəkətə keçməməsinin əsas səbəbi də problemi Azərbaycanın güzəştləri hesabına həll etmək istəyidir. Əgər bunun əksi olsaydı, Dağlıq Qarabağ münaqişəsi çoxdan həllini tapardı”.

İsmayıl