Ekspertlər bildirir ki, səfirin görüşləri ictimaiyyətə açıqlanmalıdır
ABŞ-ın ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Robert Sekuta hakim Yeni Azərbaycan Partiyasının rəsmiləri ilə görüşüb. Görüş barədə məlumat verən YAP-ın icra katibinin müavini, millət vəkili Siyavuş Novruzov görüşdə ölkələr arasındakı hazırkı münasibətlər, partiyanın vəziyyəti və gələcəkdə əməkdaşlıq məsələləri müzakirə olunub.
Təklifin səfir tərəfindən gəldiyini bəyan edən deputat ABŞ dövlət katibi Con Kerri məsələsi ilə bağlı müzakirə aparılmadığını bildirib. Məlumat üçün deyək ki, səfir Sekuta Azərbaycandakı digər partiya rəhbərləri ilə görüşmək niyyətinin olduğunu da bəyan edib. Amma görüşlərin məqsədi barədə heç bir açıqlama verməyib.
Məsələyə münasibət bildirən VİP sədri Əli Əliyev deyib ki, Sekuta ABŞ hökumətindən aldığı təlimata uyğun olaraq fəaliyyət göstərir: "ABŞ dünyada, o cümlədən Azərbaycanda təsiri və nüfuzu olan bir dövlətdir. Səfir Sekuta da bu gücün təmsilçisi kimi hərəkət edir. Keçmiş ABŞ səfirləri də həm siyasi, həm də iqtisadi məsələlərlə bağlı müxtəlif qurumlarla görüşlər keçirirdilər. Hesab edirəm ki, son səfirin də görüş təşəbbüsləri öz mandatı daxilində olan fəaliyyətdir”.
BAXCP-nin sədr müavini Elçin Mirzəbəyli isə bildirib ki, xarici ölkə səfirlərinin Azərbaycandakı partiya liderləri ilə görüşlər keçirməsi, müxtəlif məsələlərlə bağlı müzakirələr aparması normal haldır: "Bu cür görüşlər BAXCP-də də keçirilib. Amma ABŞ səfirinin indiki şəraitdə hansı məqsədlə görüş keçirmək niyyətində olduğunu öncədən deyə bilmərəm. Ola bilsin, görüş sadəcə tanışlıq xarakteri daşıyır. Ya da son dövrlərdə ABŞ-Azərbaycan münasibətlərində yaranmış gərgin vəziyyəti, xüsusən də dövlət katibi Con Kerrinin məkrli niyyətlərinə qarşı olan sərt mövqeyi ilə əlaqədardır. Amma bütövlükdə diplomatların ayrı-ayrı siyasi partiya rəhbərləri, QHT sədrləri, media nümayəndələri ilə görüşmək istəməsi təbii qarşılanmalıdır. Bu, diplomatik normalara zidd deyil. Ancaq görüşlər şəffaf xarakter daşımalı, ictimaiyyət üçün açıq olmalıdır. Əgər əks xarakterdə olarsa və ictimaiyyətə məlumat verilmədən belə görüşlər keçirilərsə, o zaman müəyyən şübhələr yarana bilər”.
ASDP sədri Araz Əlizadə də ABŞ səfiri ilə görüşmədən onun niyyətinin nə olduğunu müəyyən etməyin çətin olduğunu bildirib: "Əgər səfir bizimlə görüşmək istəyərsə, məmnuniyyətlə təklifini qəbul edərəm. Hamımız insanıq, burda nə var ki? Yalnız görüş baş tutandan sonra demək olar ki, ABŞ səfiri hansı məqsədi güdür”.
İsmayıl