Sekuta yuvasızlara ürək-dirək verir

ABŞ səfirinin qaçqınlarla görüşməsi, danışması səmimi deyil

"Səfir məcburi köçkünlərlə, pilotlarla görüşüb, Azərbaycanın yanında olduğunu göstərməyə çalışır ki, yenidən vaxt qazansınlar"

Amerika Birləşmiş Ştatlarının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Robert Sekuta Gəncədə kəlbəcərli məcburi köçkünlər üçün salınmış şəhərcikdə olub. Məcburi köçkün şəhərciyi ilə tanışlığı Kəlbəcər rayon mədəniyyət evində davam etdirən səfir burada uşaqların əl işlərindən ibarət sərgiyə baxıb, incəsənət ustalarının çıxışlarını dinləyib.

Görüşdən sonra səfir Robert Sekuta Kəlbəcər rayon mədəniyyət evi ilə yaxından tanış olub. Kəlbəcərin işğaldan öncəki və sonrakı şəkillərini əks etdirən fotostendlərə baxış keçirib. Yerli incəsənət ustalarının və aşıqların ifasına qulaq asıb. Robert Sekuta uşaq bağçasında yaradılan şərait, yeməkxana, musiqi zalı ilə tanış olub.

Görüşdən sonra KİV nümayəndələrinin suallarını cavablandıran səfir vurğulayıb ki, Azərbaycanda çoxsaylı məcburi köçkünlərin olmasından xəbərdardır. Hazırda ölkədə onların mənzil şəraitinin yaxşılaşdırılması istiqamətində tədbirlər görülür və onlar yeni mənzillərlə təmin olunur. Lakin hələ də mənzil şəraitinin yaxşılaşdırılmasını gözləyən köçkünlərin sayı çoxdur. Ümid edirəm ki, onlar da yaxın zamanda öz yeni mənzillərinə qovuşacaqlar. Bu qəsəbədə isə məcburi köçkünlər üçün bütün lazımi şərait yaradılıb.

Amerikalı diplomatın məcburi köçkün şəhərciyinə getməsini və köçkünlərlə görüşməsini şərh edən Qarabağ Azadlıq Təşkilatının (QAT) sədri Akif Nağının qənaətincə, Sekutanın məcburi köçkünlərlə görüşməsi formal xarakterli bir addımdır. Səfir heç də kəlbəcərli köçkünlərin dərdinə şərik olduğu, onların Vətən həsrətini bölüşdüyü üçün onlarla görüşməyib: "Dağlıq Qarabağ münaqişəsi ilə bağlı dünya ölkələri içərisində ən qərəzli və qeyri-obyektiv qərarlar qəbul edən ölkə Amerikadır. Münaqişə ilə bağlı hələ heç bir dövlət münasibət bildirmədiyi zamanda ABŞ məsələ ilə əlaqədar öz strategiyasını müəyyənləşdirmişdi. 1989-cu ilin 19

iyununda ABŞ Senatında Dağlıq Qarabağ məsələsi müzakirə olunaraq qətnamə qəbul olunub. Həmin qətnamədə Azərbaycan ermənilərin xeyrinə uyğun bir şəkildə ittiham olunurdu ki, guya, Dağlıq Qarabağda ermənilərin hüquqları pozulur. 1989-cu ilin noyabrında ABŞ Senatının Alt Komitəsində məsələ müzakirə olunaraq yenə də ermənipərəst qətnamə qəbul olunub. Həmçinin 1992-ci il oktyabrın 24-də erməni lobbisinin təşəbbüsü ilə ABŞ Konqresi tərəfindən "Azadlığa Dəstək” Aktı qəbul edilən və Azərbaycana Amerikanın birbaşa dövlət yardımını yasaqlayan 907-ci düzəliş də sübut edir ki, Amerika heç vaxt Azərbaycana qarşı səmimi münasibət sərgiləməyib. Hesab edirəm ki, Dağlıq Qarabağ istiqamətində ABŞ-ın atdığı addımlar və səfirin ölkəmizdəki "fəaliyyəti” birmənalı şəkildə status- kvonun saxlanmasına və Azərbaycan torpaqlarının erməni işğalı altında qalmasına hesablanıb. Azərbaycan cəmiyyəti də, Azərbaycan dövləti də ABŞ səfirinin səmimiliyinə inanmır. Biz çox gözəl bilirik ki, ABŞ son dövrlər cəbhə bölgəsində baş verən hadisələrdən narahatdır. Azərbaycan ordusunun güclənməsi və fəallaşması onlarda xof yaradıb. Səfir məcburi köçkünlərlə, pilotlarla görüşüb, Azərbaycanın yanında olduğunu göstərməyə çalışır ki, yenidən vaxt qazansınlar. Azərbaycanı münaqişənin sülh yolu ilə həllinə inandırmaqla hərbi yoldan çəkindirsinlər. Amma faktiki olaraq ABŞ istəyir ki, məsələ Ermənistanın xeyrinə həll olunsun. Bu, ABŞ-ın hərzamankı mövqeyidir”.

Şəymən