
“Selfie” dəbdir, yoxsa...?
İki psixoloqun, iki şairin fikri üst-üstə düşmür

Son zamanlar "selfie”- "özçəkim” kimi tanıdığımız fotolar istər sosial mediada, istərsə də gündəlik həyatda dəb halını alıb. Xüsusilə "facebook”, "twitter”, "instaqram” kimi sosial şəbəkələrdə paylaşılan bu fotolar hamı tərəfindən böyük marağa, əyləncəyə səbəb olub. Şəraitdən və zamandan asılı olmayaraq, hamı "selfie” çəkdirmək marağındadır. Qısa müddət ərzində dünyada sürətlə yayılan bu çəkiliş qaydası tezliklə sıravi adamlardan tutmuş, məşhur yerli və dünya siyasətçiləri, şou-biznes əhli tərəfindən də çəkilib sosial şəbəkələrdə yayılıb.
Qeyd edək ki, "Selfie”nin mənası öz şəklini çəkmək, özü-özünün fotoqrafı olmaq anlamına gəlir. Dünya psixoloqlarının bir çoxu hesab edir ki, "selfie” insanlarda əhval-ruhiyyəni yüksəltməyə kömək etsə də, mənfi təsirləri qaçılmazdır. Mənfi tərəf olaraq qeyd edirlər ki, "selfie” çəkilən zaman insan ancaq özünü düşünür, yəni ətrafda nə baş verdiyi və kimlərin olduğu onun üçün o an maraqlı deyil. Yəni, şəkil yalnız bir söz ifadə edir - MƏN. "Selfie” yəni mən gülürəm, yəni mən pisəm, yəni mən əylənirəm, yəni mən dincəlim... Psixoloqlar bu qənaətə gəliblər ki, insanların mənlərlə yaşaması gələcəkdə onların problemlərinin olmasına gətirib çıxaracaq. Məsələn, onların məhz "selfie” fotolarına mənfi münasibət bildirəndə dərhal qəzəblənərlər. Kollektiv şəkildə çəkilən "selfie” fotolarında isə insanlar yalnız özlərinə diqqət yetirir, ətrafındakı həmkarlarına deyil. "Selfie” fotolarının sosial şəbəkələrdə paylaşılması isə bu sindromun güclənməsinə səbəbdir. Bu fotoların paylaşılması isə ondan xəbər verir ki, o, varlığını cəmiyyətdə tamamən unudub, insanlara özünü təqdim etmək üçün isə "selfie”dən istifadə edir. Halbuki, o elə həmin cəmiyyətdə hər gün yaşayır. Bəs, görəsən, Azərbaycan ictimaiyyəti "selfie” haqqında nə düşünür? Bu "özçəkim” nə üçün və niyə yaranıb? Doğrudan da "selfie” çəkməyin görünməyən və mənfi tərəfləri nədir?
"Selfie”ni ancaq bizi qısqananlar pisləyir
Sosial şəbəkələrdə tez-tez, saatda ən azı 2-3 dəfə özçəkimlərini paylaşan İlahə Eyubovaya görə, "selfie” çəkməkdə məqsəd sadəcə dostlarla ünsiyyət qurmaqdır. İlahə xanım deyib ki, dostları "selfie”lər vasitəsilə onun gün ərzində olduğu yerlər və məşğul olduğu işlər barədə xəbərdar olurlar: "Selfie” sadəcə özçəkimdir. Burada qəbahətli nə var ki? Texnikanın imkanları daxilində telefonun ön kamerası ilə özümü çəkirəm və gündəlik rejimimi dostlarımla paylaşıram. Əslində bu da bir növ ünsiyyət vasitəsidir. Gündəlik həyat rejimim gərgin olduğu üçün dostlarıma lazımi zamanı ayıra bilmirəm. Ona görə də, "selfie” edib günlük durumumu paylaşmağa daha çox önəm verirəm. "Selfie” heç də psixoloji xəstəlik və ya vaxt itkisi deyil. Əslində bizə zövq verdiyi kimi, həm də vaxta qənaətdir”.
İlahə xanım özçəkimin zərərli tərəflərinin olması barədə deyilənləri də qəbul etmir. Onun sözlərinə görə, bu fikirlər ancaq yaşlı nəslin nümayəndələrinin fikirləri ola bilər: "Şəxsən "selfie” çəkmək mənə zövq verir. Əhvalım olmayan vaxtlarda əylənməyimə səbəb olur. Bu səbəbdən özçəkimin zərərli bir vərdiş olduğu fikirləri ilə razılaşmıram. Məncə, gənc nəsil mənim kimi düşünür. Xüsusilə, bizim ölkədə yaşlı nəsil "selfie”ler çəkdirmədiyi üçün buna normal baxmırlar və gəncləri qısqanırlar”.
"Selfie” tibbi - psixoloji problem yox, sosial vərdişdir
Psixoloq Azad İsazadə üçün isə "selfie” müasir dövrdə tələb olunan texnikanın imkanlarıdır: "Yeni texnologiyalar ilə insanların özlərini çəkməsi və hər anlarını ölümsüzləşdirməsi mümkün olduğu üçün bundan geniş şəkildə yararlanırlar. Özünü və ya özünə aid nələrisə çəkib, ətrafındakı insanlarla paylaşmağın insana xas xüsusiyyət olduğunu vurğulayan psixoloqun sözlərinə görə, fotoaparatlar olmadığı dövrlərdə insanlar boya və qələmlə bu istəklərini reallaşdırıblar. Lap qədim zamanlarda isə qayaların üstündə təsvirlər çəkiblər. Bu da normal bir haldır. Düşünmürəm ki, "selfie” bir xəstəlik və ya zərərli vərdişdir. Sadəcə olaraq, yeni olduğu üçün kütləvi hal alıb və geniş yayılıb. Fotoaparatlar və ya ön kamerası olmayan telefonlarla "selfie” çətin olduğu üçün həmin dövrlərdə belə bir vərdiş yox idi”. A.İsazadənin sözlərinə görə, "selfie”nin insan orqanizminə heç bir mənfi, psixoloji təsiri yoxdur. "Selfie”yə həddindən artıq önəm verən insanlar üçün bu, xəstəlik yox, sadəcə olaraq vaxt iktisidir: "Özünü sevən, özünə həddindən artıq dəyər verən insanlar "selfie”siz də diqqət cəlb etməyi bacarırlar. Ön kamera olmasa da, onlar özünü kiməsə çəkdirməklə kolleksiya toplayırlar. Bu, tibbi psixoloji problem yox, sosial vərdişdir. Onu da deyim ki, dünyada şəkil çəkdirməyi ən çox sevən xalq yaponlardır. Tanınmış turist olan yaponlar həddindən artıq şəkil həvəskarlarıdır. Heç bir yapon turisti ekskursiya, hansısa bir ölkənin tarixi abidəsi haqqında məlumatlar maraqlandırmır. Onlar üçün gəzdikləri yerdə şəkil çəkdirmək daha vacibdir. Təbii ki, bu onların milli xüsusiyyəti olduğu üçün onların xəstəliyi kimi təqdim edə bilmərik. Eləcə də, "selfie” həvəskarı olan insanlara "xəstə” kimi baxmamalıyıq”.
Onların həyatı sadəcə "selfie”lərdən ibarətdir
Sosioloq Lalə Mehralı isə "selfie”yə bekarçılığın, özünütəsdiq edə bilməməyin əlaməti kimi baxır. Onun sözlərinə görə, hər dəqiqə "selfie” edib, sosial şəbəkələrdə paylaşan insanların ciddi psixoloji problemləri var: "Ön kamera ilə özlərini çəkib, paylaşanlar daha çox özündən, işindən razı olan insanlardır. Şəkil çəkdirmək heç də pis hal deyil. Əslində, bir insanın şəkil çəkdirmək kimi bir hobbisi ola bilər. Amma hər dəqiqə bir "selfie” edib, sosial şəbəkələrdə paylaşmaq qeyri-etikdir. Hansısa bir özəl gündə və ya ziyarət etdiyi tarixi abidənin önündə çəkilən şəkli paylaşmaq olar. Yoxsa ki, sağdan, soldan, yuxarıdan aşağı, aşağıdan yuxarı şəkil çəkdirib, paylaşmaq olmaz axı? Bu yaxınlarda xarici mediada yayımlanan bir araşdırmada oxudum ki, aşırı "selfie” şizofreniyanın əlamətidir. "Selfie” fotolarından özünü unudanlar, özünü sevənlər,
ətrafını görməyənlər istifadə edir. "Selfie”nin ən böyük təhlükəsi də elə budur ki, bu zaman insanlar özünü və ətrafı unudur. Nəticədə isə həyatından olur. Yəqin ki, Rusiyada məktəbli qızın şəkil çəkdirən vaxt 8-ci mərtəbədən yıxılması barədə məlumat hər kəsin xatirindədir. Şəkil çəkdirmək istəyən qız pəncərəni açıb və pəncərəaltının üstünə çıxıb. Elə bu vaxt məktəbli müvazinətini itirib və 8-ci mərtəbədən yıxılaraq ölüb. Həmçinin uçurumun kənarında "selfie” edən cütlüyün uçurumdan yuvarlandığı haqqında da xəbər oxuduq. Daha bir bənzər hadisə isə qatarla "selfie” çəkdirmək istəyən kişinin başına gəlib. Maşinist qatarı saxlamağı çatdırmayıb və həmin adam qatarın altında qalaraq ölüb. Hələ bunlar xarici mediadan Azərbaycan mediasına yansıyanlardır. Kim bilir, bizə məlum olmayan nə qədər faktlar var?”. Dostluğunda olan insanların "selfie”lərindən gözlərinin "mazol” olduğunu deyən sosioloq hətta bəzilərini "blok” etdiyini də deyib: "Əksəriyyəti də mənə yaxın olan insanlar idi. Sadəcə olaraq, artıq "selfie”lərdən təngə gəldiyim üçün başqa yolum qalmadı. Boyunca oğlu, qızı, nəvəsi olan ailəli qadınlar, kişilər var ki, səhərdən axşamacan "selfie” çəkib, paylaşmaqla məşğuldur. Sözün açığı, mənim nəzərimdə "selfie” həvəskarı olan insanlar ancaq "mən”lə yaşayan, özünə qapanan insanlardır. Onlar üçün "biz” deyə bir anlayış yoxdur. Belə insanlardan ötrü həbsxanada və ya açıq mühitdə yaşamaqlarının heç bir fərqi yoxdur. Onların həyatı sadəcə "selfie”lərdən ibarətdir”.
Hesab edirəm ki, şəkil çəkməsi üçün hansısa şəxsə müraciət etməkdənsə, "selfie” daha məqsədəuyğundur
"Xalq Cəbhəsi” qəzetinin baş redaktoru Elçin Mirzəbəyli isə hesab edir ki, normal istifadə etdikdə "selfie” çox sərfəlidir: "Ümumiyyətlə, hər şeydən aşırı istifadə insan üçün ciddi problemlər və asılılıq yaradır. "Selfie”nin də yeganə mənfi təsiri onun vərdişə çevrilməsidir. Eyni zamanda həddindən artıq "selfie” həvəsi insanda "manyaklıq”, özünə vurğunluq hissi yaradır ki, bu da anormal haldır. Amma ağlı başında olan insanlar istənilən texnikanın yeniliklərindən normal şəkildə istifadə edirlər. Mən də zaman-zaman "selfie”dən istifadə edirəm. Amma bunu bir asılılıq halına çevirməmişəm. Yalnız tədbirlərdə olarkən özüm-özümü çəkib, sosial şəbəkədə paylaşıram ki, bu da sadəcə həmin tədbir haqqında məlumat vermək xarakteri daşıyır. Bilirsiniz ki, informasiya texnologiyalarının inkişafı xəbərçilikdə də yeni imkanlar yaradıb. Bu mənada mən də daha operativ informasiya yaymaq üçün özçəkimdən istifadə edirəm. Hesab edirəm ki, şəkil çəkməsi üçün hansısa şəxsə müraciət etməkdənsə, "selfie” daha məqsədəuyğundur. Amma hər addımında, çörək yediyin yerdə, iş masanın arxasında və ya digər olduğun yerlərdə "selfie” çəkib paylaşmaq artıq psixoloji xəstəlikdir”. "Selfie”dən normal istifadə insanın işinə və vaxtına qənaətdir” deyən baş redaktorun sözlərinə görə, sağlam düşüncəli insanlar texnikanın bu və ya digər imkanlarından ancaq xeyirli məqsədlər üçün istifadə edirlər.
... "selfie” psixoloji xəstələri sakitləşdirməyin bir yoludur
Gənc şair Aqşin Yenisey isə deyib ki, "selfie” insanın öz surətinə vurulması, özünə pərəstişin əlamətidir ki, bu da bir növ psixoloji xəstəlikdir:
"Kökü qədim Misirə gedib çıxan bu fəsad müxtəlif zamanlarda müxtəlif cür özünü göstərib. Düşünürəm ki, "selfie” düşünülmüş və eqoların təminatı üçün uydurulmuş bir cərəyandır. Müasir dövrdə insanlar özlərinə vurğunluqlarını ancaq bu şəkildə əks etdirə bilirlər. Ağlı başında, normal təfəkkür sahibi olan bir adam özünün məişət həyatının hər anını çəkib, başqaları ilə paylaşmaq istəyində niyə olsun ki? "Selfie”nin cəmiyyət, insanlar üçün hansısa bir faydası var? Kiminsə şəxsi, məişət həyatında baş verən bir hadisənin bizim üçün ciddi bir əhəmiyyəti yoxdur axı!!! Mənə elə gəlir ki, "selfie” psixoloji xəstələri sakitləşdirməyin bir yoludur”.
Şairin sözlərinə görə, "selfie”nin ən böyük fəsadı onun kütləviləşməsidir: "Bu gün "selfie” artıq problem səviyyəsinə çatıb. İnsanlar kütləvi şəkildə qiymətləndirmə, reallıq hissini itirdikdə isə artıq pik həddə çatacaq. Onu da deyim ki, bu proses artıq başlayıb. İnsanların real həyatdan
uzaqlaşması, tamamilə irreal bir mühitə, mümkün olmayan bir həyata aludəçiliyi get-gedə artır. Bu gün insanlar o duyğu ilə yaşayırlar ki, cəmiyyətdə özünütəsdiqə heç bir ehtiyac yoxdur. "Selfie” xəstəliyi bəşəriyyətin indiyə qədər üzərində dayandığı dəyərlərin aşılanması fövqünə qədər gedib, çatacaq. Həmin vaxt isə hər bir insan özünü dəyər kimi hiss edəcək. İnsanlar öz eqolarını son dərəcə qabardıb, özlərini 4-5 min il yaşı olan bir əxlaqın dəyərin yerinə qoyacaq. Bu isə cəmiyyətin problemi olmaqdan daha çox ayrı-ayrı fərdlərin özünü məhvi olacaq. İnsanların "selfie” xəstəliyi cəmiyyət üçün uzaqbaşı başağrısına çevrilə bilər, ondan artıq təsiri olmayacaq. Amma bu gün "selfie” eşqi ilə yanan insanlar sabahları bədbəxt bir varlığa çevriləcəklər. Çünki cəmiyyətdə reallıq hissinə söykənən insanlar daha istiqamətvericidir, nəinki özünə qapanan "məşhurlar”.
Şəymən