Səlim Müslümov jurnalistləri mükafatlandırıb

Nazirlikdə milli mətbuatın 140 illik yubileyi ilə əlaqədar konfrans keçirilib



Dünən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində Azərbaycan milli mətbuatının 140 illik yubileyi ilə əlaqədar konfrans keçirilib. Tədbirdə çıxış edən nazir Səlim Müslümov Azərbaycanın görkəmli maarifçi-pedaqoqu və təbiətşünas-alimi Həsən bəy Zərdabi tərəfindən 1875-ci ilin 22 iyulunda "Əkinçi” qəzeti ilə əsası qoyulan milli mətbuatımızın ötən 140 illik inkişaf yolundan danışıb.

Nazir KİV-lərin maddi-texniki bazasının gücləndirilməsi, jurnalistlərin sosial müdafiəsinin təmin olunması, xüsusən onların mənzil-məişət şəraitlərinin yaxşılaşdırılması və s. istiqamətlərdə mühüm işlərin görüldüyünü diqqətə çatdırıb: "Azərbaycan mətbuatı bu gün azad və demokratik şəraitdə yeni inkişaf dövrünü yaşayır. Respublikada çoxsaylı qəzet və jurnalların, televiziya və radio kanallarının, informasiya saytlarının, mətbuat yayımı şirkətlərinin, jurnalist təşkilatlarının olması bu inkişafın daha bir göstəricisidir”. S.Müslümov son illərdə milli əmək və sosial müdafiə sisteminin innovativ texnologiyalar əsasında təkmilləşdirilməsi, müasir və şəffaf, əhali üçün əlçatan xidmətlər sisteminin qurulması yönündə aparılan islahatlardan söz açıb: "Fəaliyyət sahələrimizdə görülən işlər, aparılan islahatlar barədə cəmiyyətin məlumatlandırılması, habelə ictimai rəyin öyrənilməsi üçün KİV-lə əməkdaşlığa xüsusi önəm veririk. Bizim fəaliyyətimiz həmişə mətbuat üçün açıqdır. Nazirliyin fəaliyyəti barədə gündəlik olaraq KİV-ə məlumatların verilməsi, aidiyyəti məsələlərlə əlaqədar mətbuat konfransları və brifinqlərin, müsahibələrin təşkili, jurnalist sorğularının cavablandırılması mütəmadi olaraq təmin edilir”.Mətbuat Şurasının sədri Əflatun Amaşov da milli mətbuatımızın inkişaf yolundan və cəmiyyətin ümumi inkişaf proseslərində fəal iştirakından bəhs edib. Mətbuatımızın hər zaman azərbaycançılıq əqidəsinə, mütərəqqi dəyərlərə sadiq qaldığını bildirib. Son illərdə nazirlik tərəfindən aparılan uğurlu islahatların mətbuatın gündəmindəki əsas mövzulardan olduğunu deyən Ə.Amaşov jurnalistlərin nazirliyin fəaliyyət sahələrinə dair məlumatlar əldə etmələrində, müvafiq sorğularına cavab almalarında hər hansı çətinliklə üzləşmədiklərini, nazirliyin rəsmi saytında məlumatların gündəlik yenilənməsinin təqdirəlayiq olduğunu bildirib. Konfrans ƏƏSMN-nin həyata keçirdiyi
islahat tədbirlərini və orqanlarının fəaliyyətini obyektiv işıqlandıran bir qrup jurnalistin mükafatlandırılması ilə yekunlaşıb. Mükafata layiq görülənlər arasında "Şərq” qəzetinin əməkdaşı da olub.

İsmayıl