Nabatəli Qulamoğlu: “Biz həmin Komitələrin əsas funksiyasının nədən ibarət olduğunu çox gözəl bilirik”
Azərbaycan Dövlət İqtisad Universitetində "UNEC İctimai Nəzarət Şurası” yaradılıb. Universitetin rektoru, professor Ədalət Muradov Azərbaycan Dövlət İqtisad Universitetində "İctimai iştirakçılıq haqqında” Azərbaycan Respublikasının Qanunu, Azərbaycan Respublikası təhsil nazirinin "İmtahan sessiyasının təşkili və keçirilməsi barədə” 11 may 2016-ci il tarixli 279 nömrəli əmrini və təhsilin keyfiyyətinin yüksəldilməsi istiqamətində həyata keçirilən tədbirlərə uyğun olaraq, tələbə biliyinin qiymətləndirilməsində obyektivliyin təmin olunması, şəffaflığın qorunması, imtahan prosesində ictimaiyyətin və vətəndaş cəmiyyətinin nümayəndələrinin iştirakının vacibliyini əsas tutaraq əmr imzalayıb.
UNEC-də təşkil olunan 2015/2016-cı tədris ilinin yaz semestrinin imtahan sessiyasına nəzarət istisnasız bu quruma verilib.
Azərbaycanın tanınmış ekspertləri, elm xadimləri, nüfuzlu KİV nümayəndələrinin təmsil olunduğu Şura sessiyanın monitorinqini apararaq nəticələri qiymətləndirəcək. İctimaiyyət nümayəndələri, valideynlər, KİV və qeyri-hökumət təşkilatlarının nümayəndələri şikayət və təkliflərini, onları narahat edən sualları yalnız Şuraya ünvanlaya biləcəklər.
Şurada təmsil olunan "Trend” informasiya agentliyinin baş direktorunun müavini Arzu Nağıyev "Şərq”ə açıqlamasında deyib ki, daxil olan müraciətlər mütəxəssislər tərəfindən şəffaf araşdırılaraq, operativ və qısa zaman ərzində tədbirlərin görülməsi təmin ediləcək. Bu məqsədlə Apelyasiya Komissiyasının işinə nəzarəti də Şura həyata keçirəcək. Şura üzvləri imtahanlara nəzarəti UNEC-in bütün tədris binalarında sərbəst, heç bir maneə olmadan aparacaqlar. İmtahan sessiyası ilə bağlı informasiyalar da Şuranın icazəsi ilə yayılacaq.
İctimai Nəzarət Şurasının görüntü xarakteri daşıması ilə bağlı iddialara gəldikdə isə A.Nağıyev deyib ki, Şuranın üzvü olaraq heç kəs ona təsir edə bilməz: "İctimai Nəzarət Şurasının yaradılmasında əsas məqsəd UNEC-də keçirilən imtahan prosesində ictimai nəzarəti təmin etməkdən ibarətdir. İstəyimiz isə obyektivliyin təmin olunması, şəffaflığın qorunmasıdır. Yəqin ki, mən də sabahdan bir neçə imtahanda nəzarətçi qismində iştirak edəcəm. Mənim təmsil etdiyim qurum "Trend” informasiya agentliyidir və onun obyektivliyinə və qərəzsiz məlumatlarına da heç bir şübhə ola bilməz. Eyni zamanda mənə məxsus FB səhifəsində də koordinatlarım var və özüm də müraciət edərək bütün hallarda fikir və rəyləri, iradları qəbul etməyə hazıram”.
"UNEC İctimai Nəzarət Şurası”nın fəaliyyətini dəyərləndirən təhsil eksperti Nabatəli Qulamoğlu hesab edir ki, bütün bunlar görüntü xarakteri daşıyır: "İctimai Nəzarət Şuralarının yaradılması son zamanlar "dəb” halını alıb. Polisə İctimai Nəzarət Şurası, nazirliklərə və müvafiq dövlət orqanlarına ictimai nəzarət şuraları yaradılıb. Sadə insanlar isə işin mahiyyətini bilmirlər. Bütün bunlar da ondan qaynaqlanır ki, Azərbaycanda vətəndaşlıq problemi var. İnsanlar öz mövqeyini bəyan edə, sözünü açıq şəkildə aidiyyəti qurumlar qarşısında deyə bilmir. Ağa- ağ, qaraya-qara demək hüququndan istifadə edə bilmir”.
Konkret olaraq, "UNEC İctimai Nəzarət Şurası”na gəldikdə isə ekspert deyib ki, ali məktəblərdə semester imtahanları test üsulu ilə keçirilir. Müəllimlər isə çox asanlıqla bundan sui-istifadə edə bilir: "Əvvəldən müəyyən olunan test suallarının cavabları əldə olunur və əzbər formasında mənimsənilir. Güman etmirəm ki, dövlət ali təhsil müəssisələrinin hansındasa semester imtahanları obyektiv və şəffaf formada keçirilsin. Özəl ali məktəbləri istisna edirəm, çünki "Xəzər” və "Qafqaz” universitetləri təhsilin səviyyəsinə görə şeçilir. İctimai Nəzarət Şurasına üzv olan insanların sistemin mahiyyətindən nə dərəcədə xəbərdar olduqlarını deyə bilmərəm. Adətən belə Şuralarda təmsil olunan insanlar öz övladlarının və qohum-əqrəbasının imtahandan müvəffəq qiymətlə keçməsinə nail olur. Orta məktəblərdəki Valideyn Komitələri də bir növ İctimai Nəzarət Şurası kimi bir şeydir. Biz həmin Komitələrin əsas funksiyasının nədən ibarət olduğunu çox gözəl bilirik. Bu mənada "UNEC İctimai Nəzarət Şurası”nın da effektiv fəaliyyət nümayiş etdirəcəyinə inanmıram. Mövcud problemin həlli üçün kompleks addımlar atılmalı və həll mexanizmi tapılmalıdır”.
Şəymən