Asif Kərimov: “Mən onun geyimindən, mahnı seçimindən, performansından tam razı qaldım”
Bütün qüsurlara, müsabiqədə baş verənlərə baxmayaraq Azərbaycan təmsilçiləri Evrovizion yarışında bu il də maksimum dərəcədə peşəkar ifa və mükəmməl performans nümayiş etdirməyi bacardılar. Azərbaycan təmsilçisi Səmranın səhnə plastikası, ifa texnikası, tərzi avropalıların da diqqətindən qaçmadı. Azərbaycan artıq finala vəsiqə qazandı. Səmranın geyim tərzi, stilinə irad tutanlar da az olmadı. Bəziləri onun müsabiqə müddətində geyindiyi libasların həddindən artıq çılpaq olduğunu dilə gətirdilər. Bəziləri isə əksinə, Avropa yarışında belə tərzin olmasını doğru hesab etdilər.
Azərbaycanın tanınmış musiqi prodüseri Asif Kərimov "Şərq”in əməkdaşı ilə söhbəti zamanı bu il yarışla bağlı baxışlarını da dilə gətirdi: "Evrovizion yarışı biz desək də, deməsək də, istəsək də, istəməsək də, həm də siyasi maraqların üstündə qurulan bir yarışmadır. Avropanın ən nüfuzlu müsiqi yarışı sayılsa da, burda iştirakçıların ancaq ifasına və musiqiyə səs verilmir. Yəni bu yarış sözdə musiqi yarışı olsa da, təkcə musiqi sözünü demir. Bunu artıq bilirik. Ona görə də dövlətlərarası münasibətlərin bu yarışda bundan sonra da yer alması adiləşib. Qaldı, Ermənistanın budəfəki təxribatı da əslində gözlənilən idi. Onlardan həmişə belə çirkin hərəktlər gözləmək mümkündü. Ancaq onların budəfəki açıq-aşkar təhqirini cavabsız qoymaq olmaz. Bizim nümayəndə heyəti rəsmi şəkildə bununla bağlı mövqeyini ortaya qoymalı, Erənistanın müsabiqədən uzaqlaşdırılmasını tələb etməlidirlər”.
Asif Kərimov "Evrovizion” təmsilçimiz Səmranın çıxışına da münasibət bildirdi: "Səmranın çıxışı şəxsən mənim çox xoşuma gəldi. Əslində bizim indiyə qədər "Evrovizion”a qatılan heç bir ifaçımız zəif olmayıb. Səmranın builki çıxışı da çox maraqlı idi. Səmra səhnədə sərbəstliyi, plastikası, ifa texnikası ilə sözün həqiqi mənasında Avropaya meydan oxuya bildi. Bu elə bir müsabiqədir ki, təkcə səsin güclü olması yetərli deyil. İfaçının müsabiqəyə qədər açıqlamaları, jurnalistlərə verdiyi müsahibələr və orada yarada bildiyi təəssürat çox önəmlidir. Hər sözü, duruşu, açıqlamaları ona olan münasibətə təsirini göstərir. Bu müsabiqədə iştirak edən hər bir ifaçının aurası, stili, görünüşü də qalibiyyətə təsirini göstərə bilir. Dəfələrlə olub ki, zəif musiqilər finala qədər gedib, zəif ifalar finala çıxıb, amma güclü səsi olanlar hətta yarımfinaldan keçə bilməyiblər. Ona görə də burada təkcə yarış iştirakçısının səsinin güclü olub-olmamasına diqqət yetirmirlər. Bəzən sadə mətnlər, sadə musiqilər daha böyük marağa səbəb ola bilir. Yəni, ifaçının görünüşündən, stilindən tutmuş davranış qaydalarına qədər diqqət yetirilir. Bu da sonrakı mərhələdə ifaçıya ya uğur gətirir, ya da yarıyolda qalır. Səmra açıqlamaları, görünüşü, stili ilə düşünürəm ki, seçilməyi bacarıb. Səmra çox yüksək performans təqdim edə bildi. Amma bu yarışı konkret olaraq musiqiyə qiymət kimi də dəyərləndirmək lazım deyil. Burada dövlətlərarası siyasi münasibətlər, qonşu ölkələr arasında biri-birinə dəstək sözünü deyir. Geyimi ilə bağlı səslənən iradlarla da qətiyyən razı deyiləm. Səmra Avropa səhnəsində olan müsabiqədə iştirak edir. Bunu diqqətdən qaçırmayaq. Birdəki, Səmranı niyə tənqid edirsiz ki? Bakının mərkəzi küçələrində, "Tarqovı”da Səmradan da qısa ətək geyinən, açıq-saçıq geyim geyən qızlar var. Qırmızı xalıda çadra geyinəsi deyildi ki? Müasir, tolerant dövlətin təmsilçisi Avropa səhnəsində necə görünməli idi ki? Bizim elə müğənnilər var ki, yerli kanallarımıza o geyimdən də açıq geyim geyiniblər. Bundan niyə danışmırıq? Bilirsiz, bəzən elə məqamlar olur ki, orada mentaliteti bu qədər qabartmaq lazım deyil. Mentalitet məsələsini bu müsabiqəyə qatmayaq. Mən şəxsən Səmranın tərzindən də, mahnı seçimindən də, performansından da tam razı qaldım. Səmra professional çıxış sərgiləyə bilib. Gəlin tənqid etməkdənsə, təmsilçimizə dəstək olaq”.
Tahirə