Sənəd verən abituriyentlərin sayı azalıb

Qiymət artımının ilk zərbəsini yalnız tələbənin təhsil haqqı ilə maliyyələşən özəl universitetlər alacaq


Dövlət İmtahan Mərkəzi (DİM) Direktorlar Şurasında ali təhsil müəssisələrinin və AMEA-nın magistraturalarına və rezidenturaya, ali və orta ixtisas təhsili müəssisələrinə elektron ərizə qəbulu, dövlət qulluğuna qəbulla bağlı mövcud vəziyyət və digər cari məsələlər müzakirə olunub.

Şura üzvləri ilkin olaraq DİM-in internet saytına daxil olub, elektron ərizə qəbulu səhifəsində real vaxt rejimində dəyişən statistik məlumatlarla tanış olublar. Daha sonra Şura üzvlərinə magistratura və rezidenturaya ərizə qəbulunun başa çatması, ötən illə müqayisədə magistraturaya ərizə verənlərin sayının nisbətən azalması haqqında məlumat verilib. Rezidenturaya qəbul olmaq üçün müraciət edənlərin sayı isə cüzi azalıb. İclas iştirakçılarının diqqətinə 2016-cı və 2017-ci illərdə ərizə vermiş namizədlər barədə müqayisəli statistik məlumatlar təqdim olunub.

Şura üzvləri məsələ ətrafında müzakirə apararkən qeyd ediblər ki, şübhəsiz, imtahanların ödənişli olması ərizə verənlərin sayının azalmasına səbəb olan amillərdən biridir. Lakin eyni zamanda bildirilib ki, əvvəllər imtahanda iştirak üçün tələb olunan məbləğ (2 manat) simvolik idi və buna görə də namizədlərin müəyyən hissəsi hazırlıqlı olmasa belə, qeydiyyatdan keçirdi və ya qeydiyyatdan keçib imtahana gəlmirdilər. Bu il isə daha bilikli, öz potensialına güvənən, magistratura səviyyəsində təhsilini davam etdirmək üçün aydın məqsədi və istəyi olan namizədlərin ərizə qəbulunda iştirakı gözlənilirdi və bu, qeydiyyatdan keçənlərin sayının ötən ilə nisbətən az olmasını şərtləndirən əsas amillərdəndir.

Sənəd verən abituriyentlərin sayının azalması ilə bağlı "Şərq”ə açıqlama verən təhsil eksperti Kamran Əsədov isə əvvəla, Azərbaycan Respublikası Prezidentinin 2016-cı il aprel tarixli sərəncamı ilə TQDK-nın ləğv olunduğunu və yerinə publik hüquqi şəxs olan Dövlət İmtahan Mərkəzinin yarandığını deyib: 

"Əgər əvvəllər TQDK dövlət büdcəsinin vəsaiti hesabına maliyyələşdirilirdisə, yeni yaranan qurum bu imkandan məhrum oldu və maliyyələşdirilməsini göstərdiyi xidmətlərə görə həll etməli idi. DİM imtahanda çəkdiyi maliyyə xərclərini həll etmək üçün keçirdiyi imtahanların xidmət haqlarını insanların vərdiş etdiyi və düşündüyü qiymətdən dəfələrlə yüksək səviyyədə müəyyən etdi. Artıq keçirilən imtahanlarda iştirak edənlərin sayına bu öz təsirini göstərdi”.

K.Əsədovun sözlərinə görə, bu addımı atanda DİM kəmiyyət azalmasını keyfiyyət artımı ilə kompensasiya etməyi düşünürdü, amma bu heç də müəyyən olunası hal deyil: 

"Çünki istər imtahanda iştirak 3 manat olanda da, istər 50 manat olanda da iddiaçılar eyni müəssisələrin məzunlarıdır və təhsildə keyfiyyət artımı qəbul imtahanları ilə baş vermir. Bu, ilk növbədə ali və orta məktəblərdə təhsilin keyfiyyətinin yüksəldilməsi ilə mümkün ola bilər.
Qiymət artımının ilk zərbəsini yalnız tələbənin təhsil haqqı ilə maliyyələşən özəl universitetlər alacaq. Çünki imtahanda iştirak edən şəxslərin sayı azalanda plan yerləri boş qalır. Milli mentalitet xüsusiyyətimiz olaraq müsabiqə şərtlərini ödəyən abituriyentlər ilk növbədə seçimi dövlət universitetlərinə edəcəklər. Ona görə də, bu il özəl ali məktəblərdə ciddi şəkildə plan yerləri boş qalacaq ki, bu da onların fəaliyyətinə ciddi təsir göstərəcək.
Yüksək imtahan xidmət haqqı ilə ancaq insanları təhsildən məhrum etmək olar, təhsilin inkişafına nail olmaq mümkün deyil”.

Şəymən