Sənədsiz evlər...

Bu problemi biz hələ də qanuni müstəviyə daşıya bilməmişik

Zahid Oruc: "Mən bir sıra xarici ölkələrdə olmuşam. Dəmiryolu kənarlarında yaşayan sakinlər görmüşəm. Sadəcə, onların evini dəmir yolu xəttindən xüsusi qoruyucu vasitə ilə ayırırlar. Burada çətin bir iş yoxdur”
Qanunsuz tikilinin qarşısını vaxtında almadığına görə Yasamal rayon icra başçısına töhmət verilməsi, əslində, sənədsiz evlər probleminin həllində müsbət presidentə yol açır. Məlumdur ki, qeyri-qanuni zəbt edilmiş torpaqlardan vətəndaşların köçürülməsi zamanı bəzən müəyyən narazılıqlar yaşanır, sakinlər ödəniləcək kompensasiyanın məbləğinin azlığından şikayət edirlər.
Qanunsuz evlərin sökülməsi ya dövlət ehtiyacları üçün, ya da təhlükəsizlik baxımından həyata keçirilir. Qanuna əsasən neft buruqları, yüksək gərginlikli elektrik enerjisi xətləri, qaz boruları, digər kommunikasiya xətlərinin keçdiyi ərazilərdə ev tikmək qadağandır. Amma hamıya məlumdur ki, illərdir, bəzi məmurlar vətəndaşdan rüşvət almaq müqabilində qanunsuz tikililərin ərsəyə gəlməsinə şərait yaradıblar, sənədsiz evlər yağışdan sonra yerdən çıxan göbələklər kimi artıb çoxalıb. İndi də proses davam edir. Paytaxtın bir sıra ərazilərində yerli icra hakimiyyəti nümayəndələri, qəsəbə nümayəndəlikləri, bələdiyyə sədrləri, həmçinin də sahə müvəkkilləri vətəndaşdan pul alıb məhz qanunsuz ev tikməsinə "icazə verir”lər. Amma ertəsi gün vətəndaşın evinin sökülməsi reallığı ortaya gələndə, onunla bu qanunsuzluğa şərik olanlar sudan quru çıxır. Zərbə altında qalan vətəndaş, maddi ziyana düşənsə dövlətimiz olur. Sual olunur, kimlərinsə alıb yediyi, üstündən də su içdiyi rüşvətə görə niyə dövlət kompensasiya ödəməlidir? Bunun ağırlığı niyə dövlət büdcəsinin çiyninə düşməlidir? Yaxşısı budur ki, vaxtilə qanunsuz əməllərə göz yumanlar, evlərin sənədsiz-sübutsuz tikintisinə şifahi icazə verənlər məsuliyyətə cəlb edilsin və vətəndaşa kompensasiyanın ödənməsi də onların üzərinə qoyulsun. Cənab Prezidentin tapşırığı ilə Bakı şəhər İcra Hakimiyyətinin Yasamal rayonundakı qanunsuzluqla bağlı araşdırma aparması, tikintinin dayandırılması və icra başçısına da töhmət verilməsi, əslində, yüksək vəzifəli məmurların qanunsuzluqların qarşısını almalı olduğunu, lakin müxtəlif səbəblərdən bunu
etmədiklərinin təsdiqidir. İcra hakimiyyəti başçısına töhmət verilməsi, həm də qanunsuz işlərin həyata keçirilməsində kimin məsul olduğunu da göstərir. Deməli, qanunsuz tikililər, sənədsiz evlər məsələsində ilk növbədə məmurlar məsuliyyətə cəlb edilməlidir.
Məsələyə aydınlıq gətirən millət vəkili Zahid Oruc "Şərq”ə açıqlamasında bildirdi ki, 2005-ci ildə qəbul olunmuş Özgəninkiləşdirmə və özəl əmlakın dövlət ehtiyacları üçün alınmasına dair qanunda aşkar surətdə qeyd olunub ki, vətəndaşa dəymiş ziyan qanunsuzluğa şərait yaratmış müvafiq qurumlar tərəfindən ödənməlidir. Bura bələdiyyələr də daxildir. Bələdiyyə vətəndaşı torpaq sahəsi ilə təmin etməlidir. 10 ildir ki, bu qanun işləmir. Düşünürəm ki, biz bu qanuna bəzi əlavələr etməliyik. Və qanunda göstərilməlidir ki, müvafiq qurumların təkcə rəsmi icazəsi olmadan deyil, hətta qeyri-rəsmi icazə verdiklərinə görə də məsuliyyət daşıyırlar. Çünki baş verən bütün bu qanunsuzluqlar icra məmurlarının gözü qarşısında baş verir. Korrupsiya halları da belə yaranır. Nəticədə isə vətəndaş dövlətdən incik düşür. Niyə belə olmalıdır? Məsuliyyətsiz məmurların əməllərinə görə niyə dövlət ziyan ödəməlidir?!
Millət vəkili vətəndaşların da qanunsuz əməllərə getməməsini məsləhət gördü:
- Ən pis qanun belə, qanunsuzluqdan yaxşıdır. Vətəndaşlar anlamalıdır ki, hansısa məmura rüşvət təklif etməklə qanunsuzluğa rəvac verirlər. Bunun zərbəsi də ilk növbədə vətəndaşın özünə dəyir. Bəzi məmurların qanunsuz əməlləri cəmiyyətdə mənfi ab-hava yaradır. Mən hər zaman demişəm ki, vətəndaşın üzərinə ekskavatorla getmək olmaz. Bütün problemlər mümkün qədər qanuni çərçivədə həllini tapmalıdır. Ancaq təəssüf ki, sənədsiz evlər məsələsini biz hələ də qanuni müstəviyə daşıya bilməmişik. Mən əminəm ki, sənədsiz evlərin sökülməsini vətəndaşların böyük əksəriyyəti sevinclə qarşılayır. Məsələn, Nərimanov rayonu ərazisində "gecəqondular” sökülən zaman hətta nəinki evlər, hətta "kladovka”ları da ümumi mənzil sahəsinə aid edib hesablamışdılar. Buna görə də vətəndaşlara kompensasiya ödənmişdi. İnsanlar sevinə-sevinə köçürdülər. Bayıldakı ərazidə də böyük əksəriyyət razı qalmışdı, sadəcə 1-2 sakini kompensasiyanın məbləği qane etmirdi. Amma bunların heç biri mətbuata, mediaya çıxmır. Sənədsiz evlərin, qanunsuz tikililərin sökülməsi məsələsində ehtiyatlı davranılmalıdır. Vətəndaşa köçürülməsinin səbəbləri aydın şəkildə başa salınmalıdır. Xüsusi ehtiyac olmadığı halda nəqliyyat qovşaqlarının ətrafındakı evlərin sökülməsinin tərəfdarı deyiləm. Mən bir sıra xarici ölkələrdə olmuşam. Dəmiryolu kənarlarında yaşayan sakinlər görmüşəm. Sadəcə, onların evini dəmir yolu xəttindən xüsusi qoruyucu vasitə ilə ayırırlar. Burada çətin bir iş yoxdur. Bizdə isə bəzən müvafiq qurumlar "dövlət ehtiyacları üçün” ifadəsindən sui-istifadə edirlər. "Tikinti məcəlləsi”nə edilən dəyişikliyə əsasən 12 metr hündürlüyündə, yəni 3 mərtəbəli ev xüsusi razılıq alınmadan da tikilə bilər. Amma bu dəyişiklikdən yerli icra nümayəndələri öz xeyirləri üçün istifadə etməyə çalışır. Şəxsi ev tikən vətəndaşın başının üstünü kəsdirir, müxtəlif təzyiq vasitələrini işə salırlar. Hər bir məsələdə vətəndaşlar qanunun tələblərinə istinad etməlidirlər.
Məlahət Rzayeva