“Səni axtarıram” ANS-də göünəcək
Xoşqədəm Hidayətqızı layihənin müəlliflik hüququndan danışdı
Dünən tanınmış teleaparıcı Xoşqədəm Hidayətqızı "Azad Azərbaycan” telekanalından ayrılması ilə bağlı mətbuat konfransı keçirib. ATV-dən ayrılma səbəbini jurnalistlərin diqqətinə çatdıran xanım aparıcı doğma kanalı haqqında danışmağın onun üçün çox çətin olduğunu bildirib:
"Beş il öncə layihəm ilə müxtəlif kanallara müraciət etdim və tanınmış sima olmadığım üçün məni qəbul etmədilər. Kanal isə mənə inandı və layihəmlə tanındım.
Bu gün həmkarlarımdan biri dedi ki, düşünürəm ki, bu söhbətlər piarla bağlıdır. "Səni axtarıram” müqəddəs layihədir. Veriliş haqda sosial şəbəkələrdə müxtəlif fikirlər yazılırdı. Mən hər kəsə başa salırdım ki, 5 il bütün gücümü "ATV”yə, "Səni axtarıram”a sərf etmişəm. Daha sonra dost kanallarından birində mənim verilişim formasında proqram efirə getdi. Gedib televiziya rəhbərliyinə yaxınlaşdım və verilişin müəllif hüquqlarını əldə etmək istədiyimi bildirdim. Daha sonra Müəllif Hüquqlarına müraciət etdik, amma müəllif hüquqlarını mənə vermədilər. Bu mənim qüruruma toxundu”. Xoşqədəm Baxşəliyeva bu məsələdə birbaşa kanalın prezidenti Vüqar Qaradağlını ittiham edib: "Üç il "ANS”dən gələn təkliflərə yox demişəm. Çünki "ATV” mənə doğma kanaldır. Yanvarın əvvəlində Vüqar Qaradağlı ilə söhbətimiz oldu. Mənə dedi ki, istəyirəm layihəni yayımdan qaldırım. Əvvəl sezonun axırında verilişi bağlamağa razılaşdıq. Daha sonra məni çağırıb dedi ki, mənə tapşırıblar ki, "Səni axtarıram” efirə getməməlidir. Dedim ki, onda ərizə yazacaqsınız ki, bu layihə Xoşqədəmə aiddir. Yeni verilişə başlamağım üçün o ərizəni mənə vermədi. Bu layihə mənə aiddir. Burada yüzlərlə insanın ümidi, göz yaşı var. Mənə dedi ki, get başqa kanalda layihəni davam etdir, belə bir veriliş yayımlanmayacaq. Təbii ki, inanmadım. Və verilişin hüquqlarını göstərən şəhadətnaməni aldım”. Yayılan məlumata görə, X.Hidayətqızı kanalın əməkdaşlarını mətbuat konfransına buraxmayıb və onları konfransda görmək istəmədiyini bəyan edib. Daha sonra X.Hidayətqızı ilə söhbətləşən kanalın əməkdaşları və çəkiliş heyəti mətbuat konfransını tərk ediblər. Amma daha sonra aparıcı televiziyanın əməkdaşını mətbuat konfransından qovmasına aydınlıq gətirib: "Mən onları qovmamışam. Sadəcə onlara dedim ki, 2 saat sonra gəlin, sizə ayrıca müsahibə verəcəm”. Konfransdan bir müddət keçəndən sonra ATV telekanalı tərəfindən X.Hidayətqızının televiziyanın və onun rəhbəri Vüqar Qaradağlının ünvanına səsləndirdiyi sərt ittihamlara cavab verilib. Kanal rəsmisindən gələn açıqlamaya görə, "Səni axtarıram” verilişinin müəlliflik hüququ Xoşqədəm xanıma aid deyil. Layihənin 2 müstəsna hüquqi sahibi var: "Müəllif Hüquqları Agentliyi tərəfindən bu sənəd qeydiyyata alınıb və burada açıq şəkildə göstərilib ki, birinci müstəsna hüquq sahibi "Azad Azərbaycan MTRK”-dır. İkinci isə Xoşqədəm Hidayətqızı ilə digər hüquqi şəxslərdir ki, onların da sayı 3 nəfərdir. Bunu verilən şəhadətnamənin ardıcıllıq nömrəsindən də aydın görmək olar”. ATV-dən gələn açıqlamada qeyd olunub ki, verilişin səlahiyyətinin tam olaraq Xoşqədəm Hidayətqızına verilməsindən kanalın rəhbəri Vüqar Qaradağlı imtina edib: "Bu da onun müstəsna hüququdur və o da öz şəxsi maraqlarına görə yox, rəhbərlik etdiyi ATV-nin maraqlarına uyğun olmadığına görə belə qərara gəlib. Digər tərəfdən veriliş ATV-də yaranıb. O vaxt vitse-prezident vəzifəsində çalışan Həsən müəllimin rəhbərliyi və məsləhəti əsasında bu lahiyə ərsəyə gətirilib. Yəni bu layihə kənarda hansısa prodakşnın və yaxud da konkret bir şəxsin beyninin məhsulu olmayıb. Xoşqədəm xanımın "söhbəti olduğu kimi danışacam” deməsinə gəlincə, bu məqama vaxtı gəldikdə aydınlıq gətiriləcək. Xoşqədəm xanım bildirib ki, bu verilişin gəlirinin 50 faizi mənə çatmalı idi. Hər bir razılaşma qanuni müqaviləyə əsaslanmalıdır. ATV kanalı ilə Xoşqədəm Hidayətqızı arasında bağlanan müqavilənin "maaliyə şərtləri və ödəniş qaydaları” hissəsində açıq göstərilib ki, "tərəflərin qarşılıqlı razılığı ilə "Səni axtarıram” televiziya verilişinin hazırlanmasına və ATV-də yayımına görə verilişin ssenari müəllifi və aparıcısına qonorar ödənilməyəcək. O ki qaldı komanda məsələsinə, yəni birgə çalışdığı insanlarla birlikdə digər kanala keçməsinə, ATV kanalı olaraq bir daha bəyan edirik ki, adıçəkilən layihədə çalışan insanlar kanalın əməkdaşlarıdır, konkret olaraq hansısa şəxsin yox. Digər tərəfdən həmin layihədə çalışanların ümumi sayı, Xoşqədəm xanım da daxil olmaqla 10 nəfər olub. Onlardan 5 nəfəri hazırda da şirkətdə digər layihələrdə öz işlərini davam etdirirlər. Digər 4 nəfər isə hələ ki, öz yekun qərarını verməyib”.
Kanalla aparıcı arasındakı qalmaqala digər televiziya mütəxəssisləri də münasibət bildiriblər. Tanınmış jurnalist, teletənqidçi Qulu Məhərrəmli deyib ki, aparıcı layihəni bir prodakşn kimi təqdim edirsə və əvvəlcədən şirkətlə müqavilə bağlayırsa, üstəlik, bu layihəni əqli mülkiyyət kimi Müəllif Hüquqları Agentliyindən keçirirsə, onun ixtiyarı var ki, həmin verilişi başqa bir kanalda öz orijinal layihəsi kimi təqdim etsin: "Əgər bütün bunlar yoxdursa və telekanal həmin layihənin gerçəkləşməsi üçün maaliyə sərf edirsə, işçilərə əmək haqqı ödəyirsə, o zaman verilişə aid bütün hüquqlar televiziya kanalına aiddir. Təəssüf ki, bizim bir çox televiziya kanalları və aparıcılarımız bu məsələləri çox hallarda aydınlaşdırmırlar. Belə olan halda bu cür anlaşılmazlıqlar və narazılıqlar yaranır. Yaxşı olardı ki, məsələ ictimaiyyətə çıxmadan qarşılıqlı razılaşma şəklində həll olunardı. İnsan uzun illər bir televiziya kanalında çalışır, auditoriya toplayır, müəyyən çevrədə tanınır. Burada əsas çətinlik bəlli bir mərhələdə telekanalın yeni yayım strategiyası ilə aparıcının maraqları arasında fərqlərin meydana çıxmasıdır. Məncə, qarşılıqlı anlaşma, hörmət-izzət pozulduqda davranışlar etik çərçivədən kənara çıxır ki, bu da yolverilməzdir. Məsələ hüquq baxımından öz əksini tapmalıdır”.
Q.Məhərrəmli hesab edir ki, "Səni axtarıram” verilişi orijinal layihə deyil: "İndinin özündə də Rusiya kanalında bu adda veriliş yayımlanır, bizim sentimental tamaşaçılar arasında da ona baxanlar var. İnsafən bizdə də bu tip şounun populyarlaşmasında Xoşqədəm xanımın aparıcılığı böyük rol oynayıb. Amma belə anlaşılır ki, veriliş ATV-nin məhsuludur və ixtiyar da ondadır. Sadəcə olaraq məsələnin etik tərəfləri var ki, bunu əvvəlcədən kanal ilə razılaşdırmaq mümkün idi”.
Tanınmış telejurnalist Elçin Əlibəyli isə bildirib ki, layihənin müəlliflik hüququ həllini tapmayan məsələdir: "Tək Azərbaycanda deyil, hər yerdə belədir, ona görə də hansısa bir layihənin müəlliflik hüququ sərhədləri olmayan, müzakirə predmeti ola biləcək bir məsələdir. Layihənin adı məsələsində də bir etika var. Hansısa bir veriliş bir kanalda yayımlanırsa, artıq ad ona məxsusdur. Hesab edirəm ki, veriliş başqa bir kanalda başqa bir adla daha maraqlı görünə bilər”.
İsmayıl