Separatçı Zabil Məhərrəmov talışların adından danışa bilməz

Mehdibəy Səfərov: “Əgər bir media qurumunu ermənilər maliyyələşdirirsə, deməli, həmin qurum Azərbaycanın əleyhinə təbliğat aparacaq”
Üzeyir Cəfərov: “Sapı özümüzdən olan baltanın bir zamanlar doğulduğu cənub zonasına heç bir aidiyyəti olmayıb”


"Azərbaycanda talışlar, ləzgilər, bütün milli azlıqlar istismar edilir. Mən bütün talışlara müraciət edərək deyirəm. Bizim qardaşlarımız türklər yox, ermənilərdir. Ermənistan bizim pənahımızdır”. Bu sərsəm ifadələri özünü "Talışıstan TV”-nin xəbərlər xidmətinin rəhbəri kimi təqdim edən separatçı Zabil Məhərrəmov deyib. Məlumat üçün deyək ki, Zabil Məhərrəmov son vaxtlaradək Rusiyanın Sankt-Peterburq şəhərində yaşayıb. Amma hazırda onun İrəvanda yaşadığı deyilir. "Talışıstan TV”-nin ideya təşəbbüskarı Hollandiyada Ermənistanın xüsusi xidmət orqanları ilə çox sıx təmasda olan məşhur separatçı Əlikram Hümbətovdur.

Əslən Masallı rayonunun Mahmudabad kəndindən olan Z.Məhərrəmov həm də şair olduğunu iddia edir və sosial şəbəkələrdə şeirlərini "Zabil Mədoj” təxəllüsü ilə paylaşır. Son günlərdə isə əyninə Ermənistan ordusunun hərbi formasını geyinərək kamera qarşısına keçir, ermənilərin şəninə təriflər söyləyir, Azərbaycan dövlətinə və millətinə təhqirlər yağdırır. Onun separatçı çağırışlarına münasibət bildirən Azəri-Talış İctimai Birliyinin sədri Mehdibəy Səfərov deyib ki, "Talışıstan TV”-ni ermənilər maliyyələşdirir və birbaşa olaraq İrəvandan yayımlanır: "Əgər bir media qurumunu ermənilər maliyyələşdirirsə, deməli, həmin qurum Azərbaycanın əleyhinə təbliğat aparacaq. O televiziyada separatçı fikirlər səsləndirən aparıcı Zabil Məhərrəmovu şəxsən tanıyıram. O, Masallı rayonunun Mahmudabad kəndindəndir. Mən vaxtilə ona dedim ki, gəl Azərbaycanda folklorumuzu, mədəniyyətimizi təbliğ edən televiziya açaq. O, bizimlə razılaşmadı və getdi Ermənistanda belə bir televiziya açdı. Bir talış kimi buna çox təəssüfləndim. Bir Zabilə görə bütün talışları qınamaq olmaz. Talışlar Azərbaycanı öz vətənləri sayırlar. Bütün talışlar və digər azsaylı etnoslar Azərbaycanın bütövlüyü naminə səfərbər olmalıdırlar. Biz türklərlə daima qardaş kimi yaşamışıq. Mən özüm və digər talışlar daima Z.Məhərrəmov kimi şəxslərə qarşı səsimizi çıxarmışıq. Həmişə Azərbaycanın bütövlüyünü təbliğ etmişik”. Cənub zonasından olan hərbi ekspert Üzeyir Cəfərov da məsələyə sərt təpki göstərib: "Xəyanətkarın, satqının və dönüyün nə vətəni, nə xalqı, nə də milləti olur. Bu cür məxluqlar iradəsiz və lazımsız olduqlarına görə onlardan çox asanlıqla istifadə edilir. Öz çirkin niyyətlərini yerinə yetirmək üçün onlardan istifadə olunur. Sapı özümüzdən olan baltanın bir zamanlar doğulduğu cənub zonasına heç bir aidiyyəti olmayıb və ola da bilməz. Doğulduğu ölkədə, həmçinin rus bazarlarında belə özünə normal iş tapa bilməyib. İndi də gedib mənfur erməni dığalarına qoşulub. Ondan heç vaxt insani keyfiyyətlər gözləməyə dəyməz”. Müsavatın Masallı rayon təşkilatının sədri Xasay Fərzulla bu şəxsin İrəvana getməmişdən öncə də bu cür fikirlərlə yadda qaldığını bildirib: "Onun aşağılayıcı fikirlərlə saxta millətçilik ruhu yayması qəbuledilən deyil. Dedikləri absurddur. Yəqin ki, ciddi maliyyə mənbələri var. Talış xalqının onu dəstəkləyəcəyi qətiyyən mümkün deyil. Bunu qətiyyətlə pisləyirik. Azərbaycanda bütün millətlər dostluq, barış şəraitində yaşayır. Bu cür şəxslər nəinki cənub bölgəsində, bütövlükdə Azərbaycanda qəbuledilən deyil. Talış separatizmi heç vaxt olmayıb. Nə keçmiş tarixdə, nə sovet dönəmində, nə də müstəqillik illərimizdə bu cür hallar olmayıb. Zabil Məhərrəmovun dedikləri Azərbaycan uğrunda şəhid olan minlərlə talışa, onların ailələrinə, elə də canından keçməyə hazır olan minlərlə tşımıza həqarətdir”.

İsmayıl