Son günlərdə metro qatarlarının lazımı qaydada təmizlənməməsi haqqında redaksiyamıza şikayətlər daxil olur. Metro istifadəçiləri vaqonlarda gigiyenik qayadalara əməl olunmaması- tutacaqların təmizlənməməsi və bunun nəticəsində onların yapışqan olması haqqında iddialar irəli sürürlər. Məsələni daha dəqiq araşdırmaq üçün "Bakı Metropoliteni" QSC-nin mətbuat xidməti və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Nəsimi Paşayevlə əlaqə saxladıq.
N.Paşayev Sherg.az-a açıqlamasında metro qatarlarında, vaqonların içərisində hər zaman təmizlik işlərinin aparıldığını söyləyib:"Metronun əl tutacaqları, ümumu salonu, bütün detallarına qədər mütəmadi olaraq xüsusi dezinfeksiya vasitələri ilə silinir, təmizlənir. Qatarlarımız metroya qayıdan kimi xətdən çıxırlar, qatarların bütün hissəsi yoxlanılır, yuyulur, təmizlənir. Qatarların yuyulması üçün xüsusi struktur var. Həm onların üzü, həm içərisi yuyulub, tər-təmiz halda xəttə buraxılır”.
Məsələyə münasibət bildirən Avtosfer.az saytının baş redaktoru Elməddin Muradlı isə ictimai nəqliyyatda gigiyenik qaydalara əməl olunmasının hər zaman problemli məsələ kimi qaldığını vurğulayıb:
"Bu təhlükə metroda deyil, daha çox avtobuslarda var. Metroda təmizlik işinə baxan xanımlar gün ərzində hərəkətdədirlər, təmizləyirlər. Amma avtobuslar səhər qarajlardan çıxır və axşam saat 12-də qayıdır. Gecə yarı doğrudanmı işçilər oturub, avtobusun gəlməyini, təmizlənməyini gözləyir? Avtobuslar səhər saat 6-da xəttə buraxılırsa, bu qədər qısa müddətdə, gecə yarı onların təmizlənməsi qeyri-realdır. Metro müəyyən saatlarda depoya gedir, dəyişilir. Ona görə mənim üçün metrolar deyil, daha çox avtobuslar təhlükə mənbəyidir. Amma metronun hərəkət etdiyi hissə yerin altıdır. Orada hər cür infeksiyalar yayıla bilər. Metro daha əlverişli sıx istifadə olunan nəqliyyat vasitəsi olduğuna görə ona diqqət yetirilməli, təmizlik qaydalarına riayət olunmalıdır”.
Aysel Aslan