İctimai nəqliyyatı təkcə sahibkarların öhdəsinə buraxmaq olmaz
Bütün sürücülər təlimə cəlb edilməlidir, onlara davranış qaydaları öyrədilməlidir
Bakı Nəqliyyat Agentliyi avtobus sürücüləri ilə bağlı ciddi tədbirlər planlaşdırır. BNA-nın baş direktoru Vüsal Kərimli jurnalistlərə açıqlamasında deyib ki, sərnişin nəqliyyatında vahid sürücü bazasının yaradılması istiqamətində işlər davam etdirilir.
Şəhərdaxili marşrutlarda çalışan sürücülər siyahıya alınıb artıq. Lakin bəzi şirkətlərin təqdim etdiyi siyahılar BNA-nı qane etmir. Bakıda keçiriləcək İslam Həmrəylik Oyunlarından sonra bu məsələ ilə bağlı ciddi tədbirlər görüləcək. Vahid məlumat bazası yaradıldıqda ictimai nəqliyyatda fəaliyyət göstərən sürücülər xüsusi təlim kurslarına cəlb ediləcək. Təlim kurslarında sürücülərə təkcə avtobusun idarə edilməsi deyil, həmçinin ekstremal şəraitlərdə idarəetmə üsulları da öyrədiləcək. Yalnız təlimlərdə iştirak etmiş sürücülərə marşrut xəttinə çıxmaq icazəsi veriləcək.
Nəqliyyat məsələlri üzrə ekspert, "Diqesta” Hüquq firmasının rəhbəri Ərşad Hüseynov isə hesab edir ki, sürücülərə ilk növbədə sərnişinlərlə davranış qaydaları, etik normalar təlim edilməlidir:
- Hazırda sərnişinlər ən çox sürücülərin davranışından narazıdırlar. Hələ də "xoşun gəlmir, düş taksi ilə get” deyən avtobus sürücüləri var. Sanki avtobus sürücünün şəxsi avtomobilidir, nə istəsə edə bilər. Əvvəlcə, sürücülərin təfəkkür tərzini dəyişmək, onlara davranış qaydalarını öyrətmək lazımdır. Əlbəttə, sürücülər üçün xüsusi təlim kurslarının keçirilməsi müsbətdir. Çünki hazırda ictimai nəqliyyatın sükanı arxasında bu kateqoriyada təcrübəsi olmayan, sərnişin nəqliyyatını idarəetmənin qaydalarını bilməyən şəxslər də var. Belələri nəinki sərnişin nəqliyyatının idarə olunması qaydalarını, heç yol hərəkəti qaydalarını da bilmirlər.
Bu mənada sürücülərin təlimlərə cəlb edilməsi əlbəttə, müsbət haldır. Ancaq gərək elə iş aparılsın ki, sərnişindaşıma ilə məşğul olan özəl şirkətlər bundan yayına bilməsin. Bu təlimlər, deyək ki, yalnız "Bakı-bus”ları, Bakı Nəqliyyat Agentliyinin tabeliyində olan sürücüləri deyil, sərnişindaşıma ilə məşğul olan bütün şirkətlərin sürücülərini əhatə etsin. Həm də belə tədbirlər mütəmadi xarakter daşımalıdır. Mövsümi deyil. İctimai nəqliyyata, sərnişindaşımaya xüsusilə ciddi nəzarət olmalıdır. Çünki burada söhbət insanların taleyindən gedir. Minik avtomobili idarə edən özünün və salondakı bir-iki nəfərin həyatına cavabdehdirsə, sərnişin avtobusu ilə hər gün minlərlə adam daşınır.
Bilirsiz, ictimai nəqliyyatı tapşırırlar özəl şirkətlərə, sahibkarlara, onlar da nə sərfəlidirsə, o cür hərəkət edirlər. İctimai nəqliyyatı təkcə sahibkarların öhdəsinə buraxmaq olmaz. Belədə ağır qəzalar baş verir. İnsanlar həyatlarını itirir. Gərək ciddi tədbirlər görülsün ki, Sumqayıt yolundakı faciə təkrarlanmasın.
Məlahət Rzayeva