"Şərq" qəzeti 21 yaşını qeyd etdi - FOTO

Bu gün Azərbaycanın müstəqil mətbuat orqanlarından biri olan və daim öz dəsti -xətti ilə seçilən "Şərq" qəzetinin 21 yaşı tamam olur. Qəzetin baş redaktoru, tarix elmi üzrə fəlsəfə doktoru Akif Aşırlının bildirdiyinə görə, "Şərq"in ilk nüsxələri 1994-cü ilin mart-aprel aylarında işıq üzü görüb, lakin sonradan fəaliyyətini dayandırıb. 1996-cı ildən yenidən fəaliyyət başlayan qəzet bu günə qədər mütəmadi olaraq nəşr olunur. 21 illik tarixi olan bu mətbuat nümunəsi çoxsaylı ilklərə imza atıb. 1996-cı ilin 1 noyabr günündən formalaşan "Şərq” kollektivi 21 illik uzun və çətin bir yol adlayıb. Kollektiv zaman-zaman yenilənib, gələnlər gəlib, gedənlər gedib. Amma gələnlərin də, gedənlərin də taleyində "Şərq”in formalaşdırdığı o dəyərdən nəsə var. Bu, ləyaqət hissidir, ömrün hər bir anını vicdanla yaşamaq duyğusudur.
"Şərq" xalqın qəzetidir. Çox olub ki, hansısa bir sadə, siravi vətəndaşımızın "Şərq" vasitəsilə qaldırdığı məsələyə aidiyyatı qurumlardan dərhal reaksiyalar gəlib və həmin problem yerindəcə həllini tapıb. "Şərq" vətənpərvərliyi, obyektivliyi, məhsuldarlığı, kreativliyi, konstruktivliyi, qərəzsizliyi, liberallığı, demokratikliyi, yüksək nüfuzu, ictimai çəkisi və ictimai təsiri ilə seçilən bir media quruluşdur. Milli maraqlarımızın, milli dövlətçilik ənənələrimizin, Azərbaycançılıq ideyasının və milli təhlükəsizliyimizin qorunması "Şərq" qəzeti üçün prioritet rolunu oynayıb”.
Ötən 21 il ərzində "Şərq"də 100-dən çox jurnalist yetişib və bu gün onların çoxu Azərbaycanın müxtəlif media qurumlarında və dövlət strukturlarında çalışır.
"Şərq” qəzeti 21 il ərzində öz qapılarını istedadına güvənib gələnlərin də, bir neçə il bu kollektivdə çalışıb, qələmini püxtələşdirib öz imkanlarını reallaşdırmaqdan ötrü başqa ünvanlara üz tutanların da üzünə həmişə açıq saxlayıb. Gələnləri isti münasibətlə qarşıladığı kimi gedənlərə də eyni səmimiyyətlə xeyir-dua verən "Şərq” hər zaman onlara dəstək oldu. Ona görə də indi ölkə həyatının elə bir əhəmiyyətli sahəsi tapılmaz ki, orada ən azı bir "Şərq”çi olmasın.
Bu qəzet indi də gənc jurnalistlərin yetişməsi üçün əsl yaradıcılıq emalatxanasıdır.
İndiki ziddiyyətli dünyamızda Şərq və Qərb sivilizasiyaları arasındakı gərgin münasibətlərin dialoq mühitində davam etməsi, Şərq və Qərb arasındakı inkişaf fərqlərinin aradan qalxmasından ötrü adında "Şərq” olan, Şərq insanının təfəkkürünə işıq salan sivil dünyagörüşlü, sağlam əqidəli, dürüst məsləkli qəzetlərə, kitablara, bilgi qaynaqlarına çox ehtiyac var.
Bu missiyanı 21 ildir ləyaqətlə yerinə yetirən "Şərq” qəzetinə sadəcə müstəqil Azərbaycan dövləti ilə birgə əbədi ömür arzulamaq qalır.
Neçə belə illərə!