"Şərq"in əməkdaşı həm səs verib, həm də gedişatı izləyib: "Narazılıq edən olmadı"

Paytaxtdakı 26 saylı Səbail-Nəsimi seçki dairəsinə səhər saatlarından başlayaraq seçicilər gəlməyə başlayıb. 
«Şərq»in əməkdaşı Məlahət Rzayeva qeydiyyatda olduğu ərazi üzrə sözügedən dairədə səsvermədə iştirak edib, eyni zamanda səsvermənin gedişatını da izləyib. 26 saylı Səbail-Nəsimi seçki dairəsi Azərbaycan Milli Elmlər Akademiyasının Rəyasət Heyətinin binasında yerləşir. 
Girişdəcə hiss olunurdu ki, dairədə səsvermə üçün hər cür şərait yaradılıb. Sakitlik hökm sürürdü. Seçicilər arasında seçici siyahısının olduğu lövhəyə yaxınlaşıb ad və soyadının olub-olmadığını axtaranlar da vardı. Biz orada olduğumuz müddətdə heç bir narazılıq yaşanmadı. Seçicilər şəxsiyyət vəsiqələrini təqdim edir, seçki bülleteni alıb rahatlıqla pərdə arxasına keçir, səs verir və bülletenləri möhürlənmş seçki qutusuna salırdılar. 
Yaşlı insanlar da vardı, gənclər də. Nəzarətçilər sualı olan vətəndaşları masalara yönləndirir, istiqamət verirdilər. Seçki dairəsində çoxsaylı xarici müşahidəçilər də vardı. "Exit-poll" keçirənlər səsverib çıxanların rəyini öyrənirdi. Rəyi soruşulanlar arasında narazılıq edən olmadı. Dairədə ümumi ab-hava sakit, işgüzar idi.
Məlahət Rzayeva