Şərqşünas alimdən sensasion açıqlama...

“Ölkədə radikal dinçilərin sayı çoxalmaqdadır”
“Sadəcə hələlik həmin şəxslər silahsızdır. Ancaq onlar Azərbaycan dövlətinin tolerant siyasətindən sui-istifadə edirlər, ölkədə qarışıqlıq yaratmaq istəyirlər”


Prezident İlham Əliyevin fərmanına əsasən yerli icra hakimiyyətlərində yeni ştat yaradılıb. Bundan sonra rayonun ictimai-siyasi və humanitar məsələləri ilə məşğul olan məsul şəxs eyni zamanda dini qurumlarla işin təşkilinə də nəzarət edəcək.

Dəyişikliklə bağlı "Şərq”ə danışan Qarabağ Seyid Ocaqlarının rəhbəri, şərqşünas-alim Seyid Camal Əzimbəyli deyib ki, dövlət başçısı tərəfindən atılan addımlar din-dövlət münasibətlərinə əlavə stimul verəcək: "Biz həssas bir dövrdə yaşayırıq. Dünyəvi ölkə olsaq da, müsəlman kimliyimiz var. Düzdür, dövlətimiz güclüdür, hüquq-mühafizə orqanlarımız ayıq-sayıqdır, maarifpərvər insanlarımız çoxdur. Amma sizi əmin edirəm, bu gün Suriyada, İraqda və başqa yerlərdə nə qədər azərbaycanlı döyüşürsə, onlardan daha radikalları hazırda ölkə ərazisindədir. Sizə dəqiq ünvanlarını deyirəm, Zaqatalada, Qaxda, Qubada, Qusarda, Qəbələdə və Kürdəmirdə xeyli İŞİD-çi var. Şəkidə radikal dinçilərin sayı çoxalmaqdadır. Sadəcə hələlik həmin şəxslər silahsızdır. Ancaq onlar Azərbaycan dövlətinin tolerant siyasətindən sui-istifadə edirlər, ölkədə qarışıqlıq yaratmaq istəyirlər”.
Ekspertin sözlərinə görə, ünvanı bəlli olan həmin radikal mərkəzlər mütləq zərərsizləşdirilməlidir: "Allah dövlətimizin düşmənlərinə heç vaxt fürsət verməsin. Bu baxımdan cənab Prezidentin bu cür addımları təqdirəlayiqdir. Biz dövlət tərəfindən verilən bütün qərarların arxasındayıq. İcra hakimiyyətlərində yaradılan əlavə ştat yerlərdə dini proseslərə nəzarəti gücləndirəcək. Amma bununla yanaşı, vaxt itirmədən əməli fəaliyyətə keçmək lazımdır. Şəkil çəkdirib mediada paylaşmaq və "biz iş görürük” mesajı verməklə problemlər həll olunmur. Maarifləndirmə işinə təkan vermək lazımdır. Həyata keçirilən tədbirlər qısa müddətli kampaniya şəklində olmamalıdır. Proses kütləvi şəkil almalıdır. Toplumun qəbul etdiyi insanlar, ağsaqqallar qapı-qapı, küçə-küçə, məktəb-məktəb gəzərək insanlarımızı maarifləndirməlidir”.

İsmayıl