Səsi batdı...

Davudoğlunun zəif çıxışı Ərdoğanı meydanlara qaytardı



15 gündən sonra Türkiyədə parlament seçkiləri keçiriləcək. Təbliğat-təşviqat prosesində iştirak edən siyasi partiyaların sayı çox olsa da, əsas rəqabət ölkənin dörd ən böyük partiyası arasında gedir. Təbii ki, partiyaların təbliğatı daha çox həmin qurumların liderlərinin üzərinə düşür. Ona görə partiya rəhbərləri şəhər-şəhər gəzərək tərəfdarlarını meydana toplayır, seçicilərə müxtəlif vədlər verərək səs yığmağa çalışırlar. Əksər ekspertlər də hesab edirlər ki, siyasi partiyaların seçkidə uğur qazanması liderlərin təsirli çıxışından, kütləni ələ almasından və meydan manevrlərindən asılıdır.

Mitinqləri Ərdoğan yox, Davudoğlu aparır, onun da səsi batır

Məlum olduğu kimi, hakim partiyanın təbliğat kampaniyasını ölkənin baş naziri, təcrübəli siyasətçi Əhməd Davudoğlu aparır.

Şübhəsiz ki, Prezident Ərdoğan da bu işdə baş nazirə böyük dəstək verir və onunla paralel bölgələrə səfərlər təşkil edir. Xüsusən, Davudoğlunun ardıcıl çıxışlardan dolayı səsi tamamilə batdığı üçün onu meydanlarda Prezident özü əvəzləyir. Ərdoğanın meydanlara qayıtmasına son seçki sorğularında AKP-nin səs faizinin aşağı düşməsi də təsir göstərib. Bu səbəbdən bəzi AKP-çilər baş nazirin seçki kampaniyasında kifayət qədər yüksək fiqur olmadığını düşünürlər. Görəsən, həqiqətən, Davudoğlu üzərinə düşən seçki təbliğatını tələb olunan səviyyədə apara biləcəkmi? Onun meydanlarda göstərdiyi siyasi performans AKP-ni qələbəyə daşımaq üçün kifayət edəcəkmi?

Xarizma, davranış və nitq...

Davudoğlunun seçki təbliğatında sərgilədiyi mövqeyi dəyərləndirən "Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu deyib ki, siyasətçi üçün ən vacib xüsusiyyət xarizma, davranış və nitqdir: "Sadaladığım xüsusiyyətlərin hamısı, hətta daha artığı Ərdoğanda var. O, insanları inandıra bilir. Təsəvvür edin, nə qədər hadisə baş verdi, korrupsiya qalmaqalı yaşandı, Fətullah Gülənin hücumuna məruz qaldı, hərbiçilər çevrilişə cəhd etdi. Amma Ərdoğan şəxsiyyəti ilə bunların hamısına sinə gərdi. Sonra vaxt gəldi, Prezident seçilən Ərdoğan öz vəzifəsini baş nazir Əhməd Davudoğluna həvalə etdi. Yəni estafet baş nazirə keçdi. İndi Davudoğlu seçki marafonu ilə sınaq dövrünü yaşayır. Düzdür, baş nazir də kifayət qədər güclü siyasətçidir. O da çıxışlar edir, niqtlər söyləyir, amma xarizma baxımından Ərdoğana çata bilmir. Baş nazirin meydan davranışı, kütləyə təsiretmə gücü Prezident qədər deyil. Əgər baş nazir Prezidenti meydanlarda əvəz edə bilsəydi, Ərdoğan Davudoğlu ilə birlikdə seçki marafonuna qoşulmazdı.

Hədəf parlamentdə 400 vəkil yeri tutmaqdır

Ərdoğan ona görə bölgə-bölgə gəzir ki, o, Davudoğlunun gözlənilən nəticə əldə edəcəyinə müəyyən qədər şübhə ilə yanaşır. Çünki Ərdoğan üçün AKP-nin birinci partiya olması kifayət etmir. Hədəf parlamentdə 400 vəkil yeri tutmaqdır”. E.Şahinoğlunun sözlərinə görə, müxalifət üçün çətinlik yaradan amil məhz Davudoğlu ilə Ərdoğanın siyasi meydanlarda birgə mübarizə aparmasıdır: "Ölkənin bir yerində Davudoğlu çıxış edəndə, digər bölgədə Prezident danışır. Əgər seçki kampaniyasını Davudoğlu tək aparsaydı, müxalif partiya liderləri baş nazirlə rəqabət apara bilərdilər. Əgər AKP seçkidə birincilik əldə edəcəksə, bunu Davudoğlundan daha çox Ərdoğana borclu olacaq. Bu zaman isə baş nazirin bacarığını müəyyənləşdirmək çətinləşəcək”.

Ərdoğan onu tək qoymadı

Politoloq deyib ki, yeri gələndə şeir demək, tanınmış şəxslərin sözlərindən sitat gətirmək toplumu ələ almaq üçün önəmli faktorlardır: "Xalqın nəbzini tutmaq üçün bu amillərin böyük rolu var. Məsələn, Ərdoğanın meydanda nitq söyləyərkən səsinin tonunu artırıb-azaltması onun xarizmasını artırır. Amma hələ ki, bu xüsusiyyətlər Ərdoğanı "yamsılamağa” çalışan Davudoğlunun şəxsiyyətində müşahidə olunmur. Baş nazir eyni üsuldan istifadə etsə də, nəticə istənilən kimi olmur. Davudoğlunun inandırıcılığı zəifdir. Əgər baş nazir meydanda tək qalsaydı, onun nəyə qadir olduğu, necə kampaniya apardığı daha yaxşı məlum olardı. Ərdoğanın prosesdə iştirakı bu məsələnin aydınlaşdırılmasına mane olur. İndi AKP seçkidə birinci partiya olsa, bu qələbə yenə də Ərdoğanın ayağına yazılacaq. Ancaq AKP Ərdoğansız birinci olsaydı, o zaman Davudoğlunun da kifayət qədər güclü və xarizmatik lider olduğu təsdiq olunardı”.

Politoloq Vasif Əfəndi də bildirib ki, AKP adına siyasi görüşləri təbliğ edən Əhməd Davudoğlu partiyasını yetərincə təbliğ edə bilmir. Ona görə də Prezident Ərdoğan marafona qatılmaq məcburiyyətində qalıb: "Davudoğlu çıxışlarında bütün varlığı ilə Ərdoğanı təqlid etməyə çalışsa da, bu, onda alınmır. Baş nazirin danışıq tərzini, səs tonunu və intonasiyasını Ərdoğana bənzətməsi qeyri-səmimi görünür. Silahdaşının seçim marafonunda uduzduğunu görən Ərdoğanın yenidən meydanlara qayıtması marafonda təsirli dəyişikliklərə səbəb ola bilər”.

İsmayıl